EN

Cəbrayıl şəhərinin sakinlərinin həyatında yeni mərhələ başlayır - Pərvin Kərimzadə

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində möhtəşəm bərpa-quruculuq işləri uğurla davam etdirilir. Böyük Qayıdış proqramına uyğun olaraq artıq bir sıra şəhər və kəndlərimizə keçmiş məcburi köçkünlərin qayıdışı reallaşıb. Cəbrayıl şəhərinə də qayıdışın başlanması tarixi və qürurverici hadisədir. Oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən bir qrup Cəbrayıl şəhər sakininə evlərinin açarlarının verilməsi o deməkdir ki, artıq Cəbrayıl şəhərinin sakinlərinin həyatında yeni mərhələ başlayır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, 4 oktyabr, həm də Cəbrayıl Şəhər Günüdür. Məhz bayram günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim olunub. Bu görüşdə insanların necə sevincli olduğu aydın görünürdü. Çünki erməni işğalı səbəbindən həmin insanlar 30 il ağrı-acı çəkiblər. 1930-cu ilin avqustunda yaradılan Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən qəsb edilmişdi. İşğaldan əvvəl sahəsi 104980 hektar olan Cəbrayıl rayonu 23 inzibati ərazi nümayəndəliyini, o cümlədən 1 şəhər, 4 qəsəbə, 92 kəndi özündə birləşdirib. İşğal altına düşən digər ərazilərimizdə olduğu kimi, ermənilər Cəbrayılda da sərhəd tanımayan vandalizm əməlləri törədiblər. Bütövlükdə, işğalın fəsadları çox ağır olub. İşğal nəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılıb, 132-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələr vandalizmə məruz qalıb. Bununla bərabər, rayon ərazisindəki 13147 fərdi yaşayış evi, 886 ictimai bina, 8 sənaye, 44 kənd təsərrüfatı, 149 mədəniyyət, 91 təhsil, 1 məktəbdənkənar müəssisə, 3 uşaq musiqi məktəbi, 1 Texniki Peşə məktəbi, 77 səhiyyə, 96 məişət xidməti obyekti, 65 rabitə, 56 körpü və s. düşmən əlinə keçmişdi. Millət vəkilinin sözlərinə görə, Cəbrayıl şəhərinin və bütövlükdə rayonun işğaldan azad edilməsinə gedən yol Cocuq Mərcanlıdan başlayıb. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. Lakin ətrafdakı yüksəkliklər ermənilərin nəzarətində olduğuna görə kənd hələ də təhlükə altında idi. 2016-cı ildə baş vermiş uğurlu Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi üzərində erməni təhlükəsinə birdəfəlik son qoyuldu. Prezident İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Həmin sənədə uyğun olaraq kənddə genişmiqyaslı layihələr həyata keçirilib. Dövlətimizin başçısı 14 iyun 2017-ci ildə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında şəxsən iştirak edib.

Aprel Zəfəri, Cocuq Mərcanlının bərpası tezliklə digər ərazilərimizin də geri qaytarılacağına böyük ümidlər yaratdı. Həmin tarixi anlara isə 44 günlük Vətən müharibəsində şahidlik etdik. Müzəffər Ordumuz Vətən müharibəsinin elə ilk günlərindən düşmən üzərində üstünlüyü ələ aldı. Xatırladaq ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildi.

Dörd il bundan əvvəl oktyabrın 4-də Prezident, Ali Baş Komandan İlham Əliyev Özünün növbəti müjdə tvitlərindən birini paylaşdı. Paylaşım Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı idi. “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə dövlətimizin başçısı paylaşımında bildirirdi. Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, minlərlə əsgər və zabit Prezidentin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Pərvin Kərimzadə qeyd edib ki, indiyədək Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, obyektlərin tikintisi ilə tanış olub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Proqrama uyğun olaraq işğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Artıq Cəbrayıl şəhəri də ilk sakinlərini qoynuna alıb, insanlar öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıblar. Oktyabrın 4-də sakinlərlə görüş zamanı çıxış edən Prezident İlham Əliyev Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Cəbrayıl şəhərinin azad edilməsinin önəmindən bəhs edib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində ilk azad olunan şəhər məhz Cəbrayıl olub. Prezident İlham Əliyev çıxışında Cənubi Qafqaz regionunda vəziyyət, bəzi beynəlxalq dairələrin Azərbaycana qarşı qərəzli mövqeyindən bəhs edib. Dövlətimizin başçısı Ermənistana təhlükəli oyunlarını dayandırmaq barədə xəbərdalıq edib. Çünki onlar bir tərəfdən sülhdən danışırlar, digər tərəfdən isə sürətlə silahlandırılar. Silahı verən isə əsasən Fransa başda olmaqla Qərb ölkələridir. Nəzərə almaq lazımdır ki, dünyada vəziyyət dəyişir. Azərbaycanın hadisələrə münasibəti adekvat olacaq. Dövlətimizin başçısının “Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblər qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik” fikirləri Ermənistana və onun havadarlarına ciddi mesajdır.

“Bu gün Cəbrayıl rayonunun timsalında da möhtəşəm quruculuq işlərinin bölgənin gələcək inkişafında nə dərəcədə əhəmiyyətli rol oynayacağını deyə bilirik. Bu işlər ölkəmizin iqtisadi inkişafına önəmli töhfələr verəcək, eləcə də doğma yurdlarına qayıdan insanların işlə təmin olunmasında müstəsna rol oynayacaq”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Chosen
32
sesqazeti.az

1Sources