EN

Vəhşi Qərbin bütün şər qüvvələri üstümüzə gəlir  -EKSPERTDƏN AÇIQLAMA

Nadir Azəri: Lakin onlar Azərbaycanı haqq yolundan döndərə bilməyəcəklər

“44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu şanlı Zəfər tarixi yazdı. Elə bir tarix ki, bu barədə təkcə bizdə deyil, xaricdə də uzun illər danışılacaq, bu savaş geniş təhlil ediləcək. 4 il öncə əldə etdiyimiz tarixi Zəfər, eyni zamanda dostlarımızı daha da sevindirdiyi kimi düşmənlərimizi də sonsuz bir kədərə qərq etdi. Və gözlənildiyi kimi düşmənlərimiz, həmçinin onların xaricdəki ağaları bu kədərlərini bir az da olsa yumşaltmaq üçün Azərbaycana qarşı haqsız, mən deyərdim ki, həddindən artıq iyrənc formada hücumlar təşkil edirlər”.

Bunu “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri bildirdi.

O, “bu hücumlar istər dövlətlər səviyyəsində, hansı ki, biz burada ABŞ və Fransanın xüsusilə fərqləndiyinin şahidi oluruq, istərsə də adını “insan haqları” və sair kimi xoşagələn sözlərlə qoyan bəzi beynəlxalq təşkilatlar tərəfindən edilir” dedi.

Ölkəmizə qarşı son həftələrdə artan hücumlar vahid mərkəzdən idarə olunur

Nadir Azəri vurğuladı ki, bütün bu hücumların eyni ərəfədə edilməsi heç də təsadüfi deyil: “Anlaşılan xaricdəki bəlli güclərə “bütün cəbhələrdə Azərbaycanı hədəfə almaq” göstərişi verilib. Elə "Amnesty International" və "Human Rights Watch" təşkilatlarının eyni gündə Azərbaycana qarşı bəyanat verməsi də deyilənlərin daha bir əyani sübutudur. Xatırladım ki, həmin bəyanatlarda sözügedən təşkilatlar Azərbaycanın COP29-a ev sahibliyindən sui-istifadə edərək, ölkəmizə qarşı böhtanlar və əsassız tələblər irəli sürürlər. Bu bəyanatların eyni gündə yayımlanması ölkəmizə qarşı son həftələrdə artan hücumların vahid bir mərkəz tərəfindən idarə olunduğunu bir daha göstərir”.

Nadir Azəri qeyd etdi ki, Azərbaycan bundan öncə də nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edərkən Qərbin bəlli mərkəzlərinin haqsız hücumlarına məruz qalıb: “Sadəcə indi biz baxsaq görərik ki, bu dəfə hücumların sayı daha da artıb və böhtanın rəngi belə deyək ki, daha da tündləşib. Səbəb isə bəllidir. Azərbaycanın tarixi zəfəri, öz suverenliyini bərpa etməsi ermənilərin Qərbdəki ağalarının yuxularını ərşə çəkib. Onlara belə deyək ki, “od qoyub”. İndi onlar öz ağrılarını azacıq da olsa yumşaltmaq üçün bu cür iyrənc üsullara əl atırlar. Ancaq bundan öncə olduğu kimi, bu dəfə də bütün bu cəhdlər iflasa uğrayacaq. Azərbaycan xalqı və dövləti 44 günlük Vətən savaşında olduğu kimi, bu dəfə də düşmənlərə qarşı bir yumruq kimi birləşərək, bütün hücumları dəf edəcək”.

Chosen
13
ikisahil.az

1Sources