EN

Ekologiyanın qorunması ilə bağlı YENİ CƏZA – Bu şəxsləri 15 il həbs gözləyir

Milli Məclis ekoloji sistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllər 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. 

Bizim.Media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni 104-1 (Ekosid) maddəsinin əlavə edilməsi təklif edilib.

Layihəyə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qeyd edilib ki, bu Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilir.

Layihə ekosistemin mühafizəsinin gücləndirilməsi və ekoloji cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutur.

Layihəyə əsasən, Cinayət Məcəlləsinə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Bu dəyişiklik ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllərin 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.
 

Təklif olunan dəyişiklik, "ekosid" cinayətini beynəlxalq hüquq normalarına uyğun olaraq kriminallaşdırmağı, həmçinin ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.


Dəyişiklik layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Günay Şahmar, Bizim.Media

Chosen
3
19
bizim.media

10Sources