EN

Yeni formul seçmişik: YAP-çılar da qoşula bilər – Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- “Xalq Hərəkatının” yaradılması ilə bağlı təkliflər səsləndirmisiniz. Əsas birləşmə formulunu nədə görürsünüz?

- Əslində demişəm ki, son növbədənkənar parlament seçkilərinin nəticəsi və ondan sonra yaranmış bir şərait var. Bu halda vəziyyətdən çıxış yolu kimi ideoloji cəhətdən bir-birinə yaxın platformada olan siyasi partiyaların bir partiyada təmərküzləşməsi mümkündür.

Eyni zamanda birləşməyən partiyaların assosiativ birliklərinin yaradılması ehtimalı da var. Həmçinin partiya mənsubiyyətindən asılı olmayaraq, Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri də daxil vətənpərvər, milli, demokratik düşüncəli insanların siyasi hərəkatının yaradılması mövcud vəziyyətə adekvat cavab ola bilər. Bunun icrası fəaliyyət, hərəkətlənmə və fikirlər məsələsində konkret nəsə demək çətindir.

- Zaman-zaman müxalifət düşərgəsində bu kimi birliklərin yaradılması, elan edilməsi halları baş versə də nəticəsiz qalıb. İndiki halda bu formulun faydalı olacağına necə inanmaq olar?

- Yəni, bir dəfə faydalı olmayıbsa, ondan imtina etmək olmaz. Həqiqət saydığın məsələ uğurunda mübarizə daimi davam etdirilməlidir. Bundan başqa yol yoxdur. Nəticə olacaqsa, bu yolla mümkündür. Üstəlik də biz həmişə birlikdə olduqda daha güclü olmuşuq. Belə olan halda proseslərə daha ciddi təsir edə bilmişik. Bu baxımdan birliyin, koordinasiyalı fəaliyyətin alternatvi yoxdur.

- Bununla bağlı hansı partiyalarla danışıqlar aparmısınız?

- Mənim tərəfimdən bu cür konkret məqsədyönlü fəaliyyət olmayıb. Amma bu istiqamətdə müəyyən söhbətlər, təmaslar, müzakirələr aparılır. Qeyri-rəsmi da olsa bu mövzuda söhbətlər olub. Planlı şəkildə bu istiqamətdə işin aparılmasının da gündəmə gətirilməsi istisna edilmir.

- Siyasi hakimiyyətə təsirin və yaxud iddiaların ancaq bu yolla reallaşması nə dərəcədə effektiv olacaq?

- Mübarizə yollarından biri budur. Prosesin gedişində elə bir situasiya yarana bilər ki, bu fərqli cavablar tələb edə bilər. Bu baxımdan alternativ yollardan biri belədir. Düşünürəm ki, bu ən məqbul variantdır.

- Əsas hədəf nədən ibarətdir?

- Sözsüz ki, konkret praktiki məqsədlər də olmalıdır. Çünki siyasi hakimiyyətə gəlməyin yolu istənilən halda seçkidir. Elə ən uyğun mübarizə forması da məhz seçki prosesidir. Seçkinin özü əsas motiv kimi bu prosesin içərisində olmalıdır. Seçki islahatı, seçki mühiti və social-psixoloji hazırlıq ən başlıca amildir. Bunun inistutlaşdırılması isə sonrakı prosesdir. Çünki seçki siyasi mübarizənin əsas mexanizmlərindən biridir.


Müəllif: Tapdıq Qurbanlı
Chosen
123
29
teleqraf.com

10Sources