EN

Azərbaycan – Rusiya münasibətlərində dinamik inkişaf mərhələs TƏHLİL

Prezident lham Əliyev:"Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir"

Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfəri qarşılıqlı münasibətlərin yüksələn bir xətlə inkişafda olduğunu göstərir. "Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib. Dövlətimizin başçısı qeyd edib:“Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.

Xatırlatmaq yerinə düşər ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və s. bu əlaqələrin təməlinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verir, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir. Dövlətlərarası siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Müstəqillik dövründə iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir.

"AVQUST AYINDA BAKIDA NƏZƏRDƏ TUTDUQLARIMIZ ƏLBƏTTƏ Kİ, BİZİM DAİMİ DİQQƏT VƏ NƏZARƏTİMİZİ TƏLƏB EDİR"

Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. "Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir", - deyən Prezident bildirib ki, gündəliyimiz kifayət qədər genişdir və layihələr, xüsusilə avqust ayında Bakıda nəzərdə tutduqlarımız əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Prezident İlham Əliyev vurğulayıb ki, Vladimir Putinlə görüş gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha bir yaxşı fürsətdir.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində ikitərəfli gündəlik nəzərdən keçirilərək, qarşılıqlı fəaliyyətin əsas tərəfləri müzakirə olunub. Dövlətlərarası imzalanmış sənədlərin hər iki ölkənin prezidentlərinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib. Heç şübhəsiz ki, qəbul edilən sənədlər, prezidentlərin Birgə Bəyanatı münasibətlərimizin dostluq və müttəfiqlik xarakterinin ifadəsidir. Qeyd edək ki, Moskvada "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması iki dövlət arasında münasibətlərin daha da dərinləşməsi, bir-birinin maraqlarının qarşılıqlı hörmət təməlləri üzərində qurulması baxımından əhəmiyyətlidir. Bəyannamə Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxışında dövlətimizin başçısının bildirdiyi kimi, 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. İki ölkə arasında tarixi əlaqələrin genişlənməsi siyasi, iqtisadi, sosial, humanitar, mədəni sahələrdə münasibətlərin dərinşməsində özünü göstərir. Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya və Azərbaycan xalqlarının maraqlarına uyğundur, regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verir. Heç şübhəsiz ki, Moskva Bəyannaməsi əlaqələrin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağa imkanlar açıb. Sənəd tərəflər arasında bir çox sahələrdə, o cümlədən hərbi-siyasi sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkandır. Azərbaycan və Rusiya arasında imzalanan Moskva bəyannaməsi Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsinə töhfədir.

Bütün bu və ya digər məsələlərlə yanaşı, energetika sferasında - həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyət, Xəzərdə ekoloji vəziyyət və digər məsələlərə nəzər salınıb, regional təhlükəsizlik müzakirə olunub, Azərbaycan – Rusiya əlaqələrində söz açarkən humanitar sahədə əldə olunan nailiyyətləri də qeyyd etməliyik. Azərbaycanda rus ədəbiyyatına və mədəniyyətinə böyük maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları açılıb. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır. Hər iki dövlətin liderlərinin imzaladığı bəyannamə tərəflər arasında bir çox sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə təkandır.

"ƏMTƏƏ DÖVRİYYƏSİ 4 DƏFƏDƏN ÇOX – 4,3 MİLYARD DOLLARDIR"

Azərbaycan – Rusiya birgə fəaliyyətləri istiqamətində Azərbaycan iqtisadiyyatına dörd milyarddan artıq birbaşa investisiyalar qoyulub. Azərbaycanda Rusiya kapitalı ilə 1270 müəssisə fəaliyyət göstərir.

Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Xüsusilə ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. "Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir. Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır, bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur, energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var". Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb. Azərbaycan Prezidentinin Rusiyaya səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Chosen
17
sesqazeti.az

1Sources