EN

Səhralaşma Afrikadan Türkiyə və Yunanıstana keçir, ada dövlətləri yox olacaq- gözlər COP29-da...

Image

Cənubi Avropa ərazisində səhralar əmələ gələ bilər. Qlobal istiləşmə onların formalaşmasına səbəb olacaq. Bu barədə “The Daily Telegraph” BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası ekspertlər qrupunun sədri Cim Skiyə istinadla məlumat yayıb.

Cim Ski  vəziyyətin təhlükəli məcrada inkişaf etdiyini vurğulayıb: “Bütün Avropa həssasdır, xüsusən də Aralıq dənizi. Biz artıq səhralaşmanın təkcə Şimali Afrikada deyil, həm də Yunanıstan, Portuqaliya və Türkiyə kimi Avropanın cənub ətrafında baş verdiyini müşahidə edirik”. Ekspertin sözlərinə görə, qlobal istiləşmə bir çox ölkənin iqlimini rütubətli və istiyə dəyişə bilər. Bu, müxtəlif iqtisadi fəaliyyət növlərinin aparılmasını çətinləşdirəcək. Cim Ski əmindir ki, artıq 2100-cü ilə qədər bölgədə temperatur 3 dərəcə Selsi yüksələcək. Həmçinin, hökumətlərarası ekspertlər qrupunun sədri vurğulayıb ki, bəşəriyyət kataklizmlərin qarşısını almaq şansını artıq əldən verir və indi qlobal istiləşmənin sürətini cilovlamaq üçün dünya əhalisindən görünməmiş səylər tələb olunacaq. Bu arada UNESCO və UNECE-nin yeni hesabatı çayların, göllərin və sulu layların idarə edilməsində beynəlxalq əməkdaşlığın olmaması ilə bağlı həyəcan təbili çalır və ölkələri təcili əməkdaşlığa çağırır. Qeyd olunur ki, bu sahədə geriləmə iqlim dəyişikliyi kontekstində quraqlıq və daşqınların güclənən təsirlərini aradan qaldırmaq üçün lazım olan birgə strategiyaların təxirə salınması təhlükəsi yaradır. Belə bir vaxtda dünyanın ən soyuq bölgəsi olan Antarktidada artan temperatur səbəbindən bitki örtüyü dəyişir. İqlim dəyişikliyi səbəbindən temperaturun artması dünyanın ən soyuq bölgəsi olan Antarktidaya da təsir edib.  İngilis alimlərinin "Nature Geoscience" jurnalında dərc etdiyi araşdırmada peyk görüntülərinin təhlili göstərir ki, qitədəki bitki örtüyü son qırx ildə çox dəyişib. 1986-cı ildə Antarktika yarımadasının bitki örtüyü bir kvadrat kilometrdən az ərazini əhatə edirdisə, 2021-ci ildə bu sahə 12 kvadrat kilometrə qədər artır. Mütəxəssislər qlobal istiləşmə səbəbindən Antarktidada yaşıllaşmanın davam edəcəyini proqnozlaşdırırlar. Ekseter universitetinin alimi Tomas Roland bildirib ki, Yer kürəsinin ən sərt iqlim şəraitində böyüyən bitkiləri Antarktika yarımadasındadır: “Landşaft hələ də demək olar ki, tamamilə qar, buz və qayalarla örtülüb, onun yalnız kiçik bir hissəsində bitkilər mövcuddur. Ancaq bu kiçik hissə kəskin şəkildə böyüyüb. Bu, Antarktidanın geniş və təcrid olunmuş səhrasının insanın səbəb olduğu iqlim dəyişikliyinin təsirlərinə həssas olduğunu göstərir”. Alimlər deyir ki, Antarktidada daha çox bitki örtüyü qütb torpaqlarına üzvi maddələr əlavə edəcək və nəticədə digər flora növlərinin inkişafına zəmin yaranacaq.  İqlim dəyişikliyi bu cür davam etsə, 5 ildən sonra bir çox kiçik ada dövlətləri olmaya da bilər. Çünki bu dövlətlərin okean və ya dənizin səviyyəsinin qalxması zamanı su altında qalmaq təhlükəsi var.

Belə vəziyyətdə artıq iqlimlə bağlı təcili tədbirlərin görülməsi zəruri sayılır. Bu mənada ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ümidlər böyükdür. “D.A.Carlin and Company”nin təsisçisi Devid Karlin bildirir ki,  iqlim dəyişikliyi ilə mübarizə beynəlxalq ictimaiyyətin əməkdaşlığını tələb edir: "İqlim dəyişikliyi qlobal əməkdaşlıq tələb edən çağırışdır. COP29 bu mənada mühüm önəm kəsb edir. Dünyada hər bir ölkənin nəzərə alınmalı olan özünəməxsus iqlim dəyişikliyi şəraiti var". COP29 konfransı kimi irimiqyaslı və əlamətdar tədbirə ev sahibliyi etmək Bakıya müasir dövrün ən mühüm məsələləri üzrə qlobal müzakirələrin mərkəzinə çevrilən dünyanın aparıcı paytaxtları sırasında öz yerini tutmağa imkan verəcək. Bu tədbir həm qlobal Şimalın inkişaf etmiş ölkələri, həm də qlobal Cənubun inkişaf etməkdə olan ölkələri ilə əməkdaşlığın dərinləşməsi üçün qapı açacaq.  COP29-un prezidenti təyin edilmiş Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də bu konfransın beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini vurğulayıb. O, “Forbes”ə müsahibəsində qeyd edib ki, Azərbaycan yeni iqlim strategiyalarının işlənib hazırlanmasına töhfə verməklə qlobal Şimal və Cənub arasında etimadın və birliyin bərpasında mühüm rol oynayacaq: “Nümayiş etdirməliyik ki, ölkələr bir-birinə dəstək olmaq üçün birlikdə işləməyə hazırdır”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  bunlar fonunda qeyd edir: “İqlim mövzusu hər birimizə aiddir. Bu ətraf mühit, su, hava, hər şey deməkdir. Dünyada baş verən müxtəlif təbiət hadisələrinin şahidiyik. Bu, gələcəyimizin vacib gündəmidir. Lakin biz görürük ki, nəinki son illər, hətta onilliklər ərzində iqlim mövzusu siyasiləşməklə yanaşı, həm də manipulyasiya və yalanların meydanına çevrilib. Bəzi ölkələrin iqlim gündəmi ilə bağlı çıxışları təəccübləndirir. Onlar ya çağırır ki, hansısa sənədi imzalamaq lazımdır, sonra bundan imtina edir, daha sonra razılaşmadan özləri çıxır, bəzən isə yenə hamını həmin razılaşmaya dəvət edir. Bu baş verməməlidir. Ciddi müzakirələr aparılmalıdır. Azərbaycan üçün arzuladığım budur. Ekologiya məsələləri hansı mövzudan danışacağına əhəmiyyət verməyənlər tərəfindən oğurlanmamalıdır".

Ramil QULİYEV





Chosen
52
baki-xeber.com

1Sources