EN

İşdən çıxarılan prokurorun daha bir cinayəti üzə çıxdı

Nərimanov rayon Məhkəməsində keçmiş prokurorluq əməkdaşı barəsindəki cinayət işi üzrə keçirilən proses başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Göygöl rayon prokurorunun sabiq böyük köməkçisi, 1984-cü il təvəllüdlü Nicat Hüseynov Cinayət Məcəlləsinin 178.2.-ci maddəsi ilə təqsirlir bilinib. Məlum olub ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən şəxsi azadlığa buraxdıracağı adı ilə 15 min manat alıb.

Bildirilib ki, 2010-cu ildə prokurorluq orqanlarında işə qəbul olunan və 2020-ci ildə Göygöl rayon prokurorunun böyük köməkçisi təyin edilən N.Hüseynov daha əvvəl də bir neçə dəfə vətəndaşları aldadaraq xeyli pul alıb. Belə ki, o, adam oğurluğu, zorlama kimi əməllərdə ittiham edilən S.Hüseynovun ailə üzvündən 10 min, qəsdən adam öldürməyə cəhddə ittiham edilən A.İbrahimovun ailəsindən isə 12 min manat alıb. Qarşılığında isə Nicat Hüseynov rayon prokuroru ilə əlaqələrindən istifadə edərək onlar barəsindəki istintaq prosesinə təsir edəcəyini və həbsdən azad ediləcəklərini vəd edib. Lakin sonradan həmin şəxslərin ailələri N.Hüseynov barəsində şikayət ediblər.

Məhkəmədə sabiq prokuror köməkçisi bildirib ki, mərc oyunlarına meyilli olduğu üçün həmin şəxslərdən borc alıb və daha sonra notarial qaydada aldığı pulları geri qaytarıb. Həmçinin qeyd edilib ki, N.Hüseynov barəsində şikayətlər edildikdən sonra 2021-ci ilin dekabrında o, prokurorluq orqanlarından xaric edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsin və İmişli rayon Məhkəməsinin hökmləri ilə cəzalandırılan sabiq prokurora bu dəfə Nərimanov rayon Məhkəməsi cəza kəsib.

Məhkəmənin hökmü ilə Nicat Hüseynova 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun ayağına elektron nəzarət cihazı taxılıb.

Həmçinin N.Hüseynovun dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzası da qüvvədə saxlanılıb.

Kərim Abbaszadə

Chosen
14
bakivaxti.az

1Sources