EN

Deputat: Fəaliyyətsiz Minsk qrupunun qalıqlarına süni nəfəs vermək nəticəsiz qalacaq

Deputat:

Bakı, 9 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan regionun əsas siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda dövlətimizin başçısı Azərbaycanı bu qarşıdurmalardan kənarda saxlamağı bacarıb. Ermənistandan fərqli olaraq, dövlətimiz öz milli təhlükəsizliyini təmin etməkdədir. Vətən müharibəsi təkcə işğalçı üzərində qələbə deyildi. O, həm də, işğalçını həvəsləndirən bəzi siyasi liderlərin məğlubiyyəti idi. Bu, Ermənistanla bərabər, bır sıra Qərb liderlərinin Azərbaycan Prezidentinə şəxsi məğlubiyyəti idi.

Bunu AZƏRTAC-a açıqlamasında COP29-un Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

ABŞ Senatının 60 nümayəndəsinin Dövlət katibi Antoni Blinkenə müraciətini Birləşmiş Ştatların ölkəmizə növbəti təzyiq cəhdi adlandıran deputat əlavə edib: “Məktubda qeyd olunduğu kimi - COP29 kimi mötəbər tədbir bir fürsət kimi istifadə edilib. İnsan hüquqları və demokratiyadan təzyiq vasitəsi kimi istifadə etməyə çalışan ABŞ öz ölkəsində insan hüquqlarının boğulan səsindən niyə danışmır? ABŞ-ın faktiki siyasi məhbusu olan Culian Assanj illərlə qeyri-insani işgəncələrə məruz qalıb. Azərbaycanı siyasi məhbuslarla bağlı ittiham edən ABŞ hökuməti özü söz və məlumat azadlığına hücum edərək jurnalist Culian Assanjın bir sıra absurd ittihamlarla həbsinə nail olub. İsveçdə həbs olunan Assanjın ABŞ-a ekstradisiya olunmasına çalışıb. Assanj 2012-2019-cu illər arasında Ekvador səfirliyində təcrid şəraitində yaşamaq məcburiyyətində qalıb. Onun fiziki və psixoloji sağlamlığına ciddi ziyan vurulub. Beynəlxalq hüquq müdafiəçiləri bu təcrid şəraitini qeyri-insani hesab edirlər. Ona “psixoloji işgəncə” verilib. ABŞ, Assanjı "Casusluq Aktı" ilə ittiham edir və onu 175 ilədək həbs cəzası gözləyir. Bir çox insan haqları və jurnalistika təşkilatları bu ittihamların söz azadlığını boğmağa xidmət etdiyini bildirir. BMT-nin xüsusi məruzəçiləri Culian Assanjın məruz qaldığı rəftarın qeyri-insani olduğunu və onun siyasi məqsədlərlə təqib edildiyini bildirirlər. İnsan hüquqlarını kobud şəkildə pozan və azad mətbuatı susduran ABŞ digər ölkələrin daxili işinə qarışır, müharibə cinayətkarlarının, soyqırımı törədənlərin, etnik təmizləmə aparanların, insanlığa zidd əməllər törədən canilərin azad olunmasına çağırışmı edir?”.

Qarabağ məsələsinin çoxdan həll edildiyini söyləyən Pərvanə Vəliyeva qeyd edib ki, fəaliyyətsiz Minsk qrupunun qalıqlarına süni nəfəs vermək nəticəsiz qalacaq. Vətən müharibəsindən sonra Paşinyan hesab etdi ki, Ermənistana yeni qarant qüvvə lazımdı və bu vaxta qədər Ermənistan Hökumətinin həyata keçirdiyi siyasət artıq işləmir. Ona görə Fransa və ABŞ-ı fərqli ampulada Ermənistana, Azərbaycanla sərhədə qaytarmaq istəyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycana heç kəs heç nəyi diktə edə bilməz. Ölkəmiz tarixin sınaqlarından üzüağ çıxdığı kimi, Qərbin Ermənistanı gücləndirməsi sınağından da qalib kimi çıxacaq.

“Milli Məclisin 43 deputatı ilə birgə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova müraciət edib ABŞ-la ölkəmiz arasında münasibətləri yenidən nəzərdən keçirməyi xahiş etmişik. Dövlətimiz öz daxili imkanları hesabına güclənmək potensialına malikdir və bizim Qərbin məqsədli dəstəyinə ehtiyacımız yoxdur. Uduzan Azərbaycan ictimaiyyətinin gözündə nüfuzuna ciddi ziyan dəyən Qərb olacaq”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Chosen
18
azertag.az

1Sources