EN

"Azərbaycan hər zaman  beynəlxalq hüququn norma və prinsiplərinə hörmət nümayiş etdirmişdir"

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının bir qrup senator və konqresmeni oktyabrın 3-də dövlət katibi Antoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı sanksiya tətbiq olunmasını tələb ediblər. Ölkəmizə qarşı azərbaycanafobia, nifrət, düşmənçilik və ikili standartları özündə əks etdirən  məktub onu deməyə əsas verir ki, onun hazırlanma vaxtı heç də təsadüfi seçilməyib. Məktub Amerka Konqresinin 60 üzvünün imzasını daşısa da,  əminliklə deyə bilərik ki, revanşist notlarla hazırlanmış bu məktubun müəllifi də, ünvanı da eynidir. Şübhəsiz ki, bu məktub Amerika Dövlət Departamentində hazırlanmış və Konqresdəki  istifadə edilməyə həvəsli, aciz siyasətçilərdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilmişdir.

Azərbaycan uzun illərdir ki, beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlarla mübarizə aparır. Otuz illik işğal dövründə Azərbaycanın məruz qaldığı ayrıseçkilik, ikili standartlar 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasından sonra daha kəskin və bariz formada özünü göstərir. Bunun başlıca səbəblərindən biri, şübhəsiz ki, Azərbaycanın heç bir xarici gücdən asılı olmadan milli maraqlara əsaslanan müstəqil siyasət yürütməsi və regional güc mərkəzinə çevrilmiş olmasıdır.

Məlumdur ki, dünyanın bir çox yerində baş verən müharibə və münaqişələrdə ABŞ birbaşa yaxud da dolayı yolla iştirak edib. ABŞ Azərbaycanla münasibətlərində hər dəfə dostluqdan və əlaqələrin daha da inkişaf etdirilməsindən danşaraq, Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasını  və Azərbaycanın bu istiqamətdə təşəbbüslərini dəstəklədiyini bildirsə də, reallıq tamamilə fərqlidir. Qeyd olunan məktuba istinadən deyə bilərik ki, ABŞ bir daha özünün ikiüzlü, riyakar simasını açıq şəkildə nümayiş etdirmişdir. Daha əvvəl də qeyd etdiyimiz kimi bu məktub tamamilə revanşist düşüncələrlə hazırlanmışdır. Bunun isə başlıca səbəblərindən biri Azərbaycanın Ermənistanla yarımçıq sülh müqaviləsinin imzalanmasına razılıq verməməsidir. Xatırladaq ki, ABŞ dövlət departamenti və şəxsən dövlət katibi Blinken Ermənistanın konstitusiyasında dəyişiklik edilmədən, ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırılmadan Azərbaycan və Ermənistan XİN başçılarının sentyabrın 26-da Nyu-Yorkda keçirilən görüşündə hər hansı bir sənədin imzalanmasına çalışırdı. Paşinyan  və komandasının “razılaşdırılmış 13 maddə üzrə istənilən vaxt, hətta, Bakıda sülh müqaviləsini imzalamağa hazırıq” cümləsini tez-tez təkrarlamaları məhz ABŞ siyasətinin məhsulu idi. Bu sayədə ABŞ beynəlxalq arenada Ermənistanı sülh çarçısı, Azərbaycanı isə sülh danışıqlarını pozan tərəf kimi göstərə biləcəyini düşünürdü. Əlbəttə, ABŞ çox yaxşı bilir ki, Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh müqaviləsinin imzalanması gələcək ərazi iddiaları və qanlı münaqişələr üçün açıq qapı buraxmaqdır. Bu sayədə ABŞ Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirə biləcəyini və təsir imkanlarını daha da artıra biləcəyini düşünür. Bu cür riyakar, ikiüzlü münasibətdən sonra ABŞ Aəzrbaycanla hansı əlaqələrin möhkəmləndirilməsindən danışa bilər? Cənab Prezident İlham Əliyevin dediyi kimi bu nankorluqdur: “… Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün?..” Aydın məsələdir ki, Azərbaycanın öz gücü hesabına torpaqlarını işğaldan azad etməsi və qısa zamanda geniş quruculuq işlərini həyata keçirməsi ABŞ kimi, Fransa kimi anti-Azərbaycan gücləri ciddi narahat edir. Cənab Prezidentin Cəbrayıl sakinləri ilə görüşündə dediyi kimi “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir.”

Bütün bunlara baxmayaraq, Azərbaycan beynəlxalq münasibətlər sistemində hər zaman  beynəlxalq hüququn norma və prinsiplərinə hörmət nümayiş etdirmişdir. Bu gün bir daha görürük ki, beynəlxalq hüququn və həqiqətlərin ABŞ kimi, Avropa İttifaqı kimi güclər üçün heç bir əhəmiyyəti yoxdur. Əks təqdirdə, hər növ terrora məruz qalan Azərbaycan sanksiyanın hədəfinə çevrilməzdi. Şübhəsiz ki, bütün bunlar Azərbaycana heç bir təsir göstərməyəcək. Necə ki, vaxtilə 907-ci düzəliş heç bir təsir etmədi. Əksinə, Azərbaycan illər ərzində daha da gücləndi, qüvvətləndi və özü öz gücü hesabına beynəlxalq hüququ və ədaləti bərpa etdi. Əlbəttə, burada ən vacib məqamlardan biri ölkəmizdə hökm sürən milli birlik və həmrəylikdir. Azərbaycan dövlətinin gücünün başlıca mənbəyi Azərbaycan xalqıdır. Təəssüf ki, ölkə daxilində və xaricində mövcud olan anti-milli ünsürlər ölkəmizə qarşı xaricdən olan təsir cəhdlərini böyük bir hadisə kimi təqdim edərək, xalqın birliyinə təsir göstərməyə cəhd edirlər. Sapı özümüzdən olan anti-milli ünsürlər əmin olsunlar ki, onların istəkləri baş tutmayacaq. Onlar hər zaman olduğu kimi ölkəmizdəki Xalq-İqtidar birliyinə baxıb öz məkrli arqumentlərini, qarayaxmalarını tutuquşu kimi təkrarlamaqla kifayətlənməli olacaqlar. Çünki, Azərbaycan xalqı onların ikiüzlü, xəyanətkar, güc hərisi simalarını yaxşı tanıyır.

Chosen
31
50
azerforum.com

10Sources