EN

Azərbaycanın rusdilli mediasının 25 yaşlı gənci- "Novoye vremya"...

Image

Şakir Ağayev: “Dişimizlə-dırnağımızla yaratdığımız  “Novoye vremya”nın  25 yaşına gəlib çatmışıq” 

Çağımızın rusdilli media orqanlarından olan “Novoye vremya” qəzetinin 25 yaşı tamam olur. 

Bu münasibətlə “Novoye vremya” nəşrinin baş redaktoru Şakir Ağayevdən götürüyümüz müsahibəni təqdim edirik.

“Bu özü sübut edir ki, “Novoye vremya” qəzeti təkcə Rusiyada yox, həmçinin də rusdilli ölkələrdə  Azərbaycanın səsinə çevrilə bilib”     

- "Novoye vremya" necə yarandı? 

- 1999-cu ildə " Novoye vremya” qəzetini yaratmaq məqsədini qarşımıza qoymağımıza zərurət vardı. Bu qəzetin yaranması zərurəti dövrün ictimai-siyasi proseslərindən irəli gəlirdi. O zaman sosial media yox idi, çeşidli saytlar yaranmamışdı, çap mediası idi. Bizim düşüncələrimizlə yaratmaq istədiyimiz rusdilli qəzetə bazarda ciddi tələbat vardı. Bilirsiz ki, keçən əsrin 90-cı illərinin sonlarında Azərbaycanda mətbuat iki yerə ayrılmışdı, bir neçə krossvord qəzetini və sairi çıxmaq şərti ilə mətbuat tam siyasiləşmiş mətbuat idi. Əsasən müxalifət və iqtidaryönümlü qəzetlər vardı. Müstəqil siyasət yürüdən, müstəqil yol tutan, nə iqtidarı, nə müxalifəti yeri gəldi-gəlmədi tərifləmək, pisləmək mövqeyində olan belə bir qəzet Azərbaycan bazarında yox idi. Biz qərara aldıq ki, ictimai-siyasi proseslərə tamamilə fərqli düşüncələr, fərqli baxışlar, fərqli yanaşmalar  sərgilənən bir qəzet yaradaq. 1999-cu il senytabr ayının ikinci ongünlüyündə bununla bağlı ovaxtkı Mətbuat və İnformasiya Nazirliyinə müraciət etdik. Oktyabrın 11-də lisenziyamızı aldıq. O vaxt prosedur qaydaları bir az mürəkkəb idi. Bakı Ədliyyə İdarəsi təsdiq etməli idi və sair prosedur qaydaları vardı. Biz 8 gün ərzində bütün bu prosesləri keçdik. Bəlkə də ilk qəzetdir ki, qeydiyyata alınandan 8 gün sonra ilk nömrəsi çapdan çıxdı.

- Qəzetin ilk günləri yadınıza necə gəlir?

- Çox çətin günlər idi. Biz qəzetin ilk nömrəsini üç-dörd adamla buraxmışıq. Çünki redaksiyada üç-dörd adam vardı. İki kompüterlə, bir printerlə işə başladıq. O vaxt yazılar plyonkalara verilirdi. Çox çətinliklə işləyirdik, gecə saat-1-ə, 2-yə qədər işimiz davam edirdi, işçilər redaksiyada qalırdılar. Hətta elə olurdu ki, səhərə qədər işləyirdik. Amma bu çətinliklərə baxmayaraq, indikindən daha çox maraq və həvəs var idi. Bu da çap mediasına ehtiyacdan irəli gəlirdi. Biz bir müddət bu üç-dörd nəfərlə qəzeti buraxdıq, ilk vaxtdan bazara girdik. Təbii ki, sonradan bu üç-dörd nəfər böyük kollektivə çevrildi. İl yarımdan, iki ildən sonra qəzetdə 40-45 adam işləyirdi. Çox sevinirəm ki, bizim redaksiyadan çıxanlar arasında baş redaktorlar, mətbuat xidməti rəhbərləri vəzifəsini tutanlar, başqa strukturlarda işləyənlər var... Ən xoş da odur ki, bütün əziyyətlərin bəhrəsi olan qəzet köşklərdə satılır və sənin əməyinin məhsulu göz qabağındadır. 

- Bu qəzet körpəlikdən gəncliyə qədər böyük bir yol keçib, o yolda çətinliklər çox oldu, yoxsa əlinizdən tutanlar, dəstək olanlar?

- İnanın, çətinliklərimiz daha çox olub. Hamı kimi bizim üçün də çap mediasında çox böyük çətinliklər olub. 2003-2004-cü illər ərəfəsində biz onlarla, yüzlərlə məhkəmə proseslərində iştirak etmişik. Qəzet məhkəməyə verilib, cərmələnib, məhkəmə qərarları verilib. Amma heç nə bizi əqidəmizdən, tutduğumuz yoldan döndərə bilməyib, yolumuza  davam etmişik. Çox çətin, məşəqqətli, enişli-yoxuşlu yollar keçmişik. Bilirsiz ki, Azərbaycan çap mətbuatında reklam həmişə qıt olub. Dişimizlə-dırnağımızla yaratdığımız “Novoye vremya”nın 25 yaşına gəlib çatmışıq.

Təbii ki, əlimizdən tutanlar da olub. 25 il müddətində “Novoye vremya” qəzetinin sədaqətli oxucularına təşəkkür edirəm. Bizim əlimizdən tutan, təbii ki, oxucular olub. 

- Təbii ki, hər bir nəşrin həyatında onun yaradıcı kollektivi, gözəl imzalar xüsusu yer tutur. Rusdilli mediada rəhbərlik etdiyiniz qəzet də məktəb rolunu oynayıb. Kimlər gəldi, kimlər getdi, kimlər qaldı?

- Konkret adlar çəkmək istəmirəm. Çünki ehtiyat edirəm ki, birdən kimlərinsə adını çəkərəm, kimlərinsə adını unudaram, inciyərlər.

25 il müddətində 70-80 adam bizim kollektivdə işləyib. Əməkdaş olduğumuz adamlar arasında müxtəlif vəzifələrdə işləyənlər, jurnalistika ilə məşğul olanlar da var. Qürur duyuram ki, “Novoye vremya” yalnız bir çap mediası olmayıb, həm də bir məktəb olub. 1999-cu ildən bugünə kimi bizimlə işləyən, bizimlə yoluna davam edən insanlar. Bu qəzetin kollektivində çalışan hər bir insanın öz yeri olub, indi bizimlə  işləyən və işləməyənlərin hər birinə öz təşəkkürümü bildirirəm.  

"Novoye vremya" olaraq Rusiyada, rus dillinin hələ də işlək olduğu ölkələrdə Azərbaycanın səsinə çevrilə bildinizmi?

- Bəli. Bilirsiz ki, rus dili təkcə Rusiyada işləmir, postsovet məkanında, indiki MDB məkanında da işlənir, hamı danışa bilir. Eyni zamanda keçmişdə sosialist ölkələr deyilən ölkələr vardı, Şərqi Avropadan söhbət gedir. O ölkələrin də çoxunda insanlar rus dilini bilir. Bu gün Asiya ölkələrindən, Çindən, Monqolustandan, Vyetnamdan, Koreyadan, Kubadan tutmuş Afrika ölkələrinin çoxu, o cümlədən də Şərqi Avropa dövlətlərinə qədər rus dilini bilənlər var...

Sözsüz ki, biz rusdilli mətbuat olaraq Azərbaycanın səsinə çevrilə bildik. Bunu deməyə 25 illiyimizlə bağlı redaksiyamıza gələn çoxsaylı təbriklər də əsas verir. Millət vəkilləri, ziyalılar, elm xadimləri, mətbuat xidmətlərinin rəhbərləri, həmkarlarımız, baş redaktorlar, Rusiyanın ölkəmizdəki səfiri, Belarusun Azərbaycandakı səfiri bizi təbrik edib. Azərbaycanın Rusiyadakı sabiq səfiri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlundan da təbrik almışıq. “İTARTASS”ın direktor müavini, həmyerlimiz, bütün dünyanın tanıdığı Mixail Qusman şəxsən təbrik edib. Rusiya Jurnalistlər İttifaqı ədalətli, prinsipial mövqeyinə və iki xalq arasında körpü rolunu oynadığına görə “Novoye vremya” qəzetini diplomla təltif edib, “Russkiy Mir” fondundan da, Azərbaycanda fəaliyyət göstərən Rus İcmasının rəhbərliyindən də, Moskvadakı bir sıra mətbu orqanlardan, Rusiya Yazıçılar İttifaqının Moskva bölməsindən də təbrik almışıq. Təbriklər həddən çoxdur və bu məktublarda onlar qəzeti tam təcəssüm etdiriblər. Çünki qəzetin oxucularıdırlar həm də. Bunun özü sübut edir ki, “Novoye vremya” qəzeti təkcə Rusiyada yox, həmçinin də rusdilli ölkələrdə  Azərbaycanın səsinə çevrilə bilib. Qəzetimizin böyük saytı var, 157 ölkədə oxunur, gün ərzində 15-20 min adam saytımızın oxucusudur. Gün ərzində yüzlərlə informasiya qoyulur, sayt tez-tez yenilənir.

- Çətinlikləriniz nədir? 

- Çətinliklərimiz bütün dünyada çap mediasının yaşadığı çətinliklərdir. Sosial şəbəkələrin, burda dezinformasiyaların, feyk xəbərlərin tüğyan etdiyi bir vaxtdayıq. Çox təəssüflər olsun ki, dünyanı idarə etmək istəyən dövlətlər, güclər insanları feyk xəbərlərə öyrədiblər. Belə bir vəziyyətdə Azərbaycanda da çap mediası özünün çətinliklərini yaşayır. Həmişə demişəm, yenə də deyirəm, bir şeyi anlamaq lazımdır ki, çap mediası salnamədir, arxivdir, tarixdir. 1917, 1918, 1920-ci il Azərbaycan tarixini bilmək üçün gedib çap mediasını arxivlərdən tapıb oxuyun. Çap mediası yaşamalıdır. 

Çox təəssüflər olsun ki, Azərbaycanın çap mediasında reklam məsələsi sıfır vəziyyətdədir. Mətbuatımız reklamla təmin olunmur. Ölkənin biznes adamları, şirkətlər qəzetlərə reklam verməkdə maraqlı deyil. Məmurlar, dövlət adamları, nazirliklər hətta qəzetlərdə sosial reklamları vermək istəmirlər. Baxmayaraq ki, qəzetlər onların müraciətlərini, məlumatlarını pulsuz çap edir. Bütün məlumatlar qəzetlərdə pulsuz çıxır, sonra da hamı deyir ki, qəzetlər özlərini dolandıra bilmir. Bu da çətinliklər yaradır. Azərbaycan qəzetinin iqtisadi bazası yoxdur. Təbii, Prezident İlham Əliyevə təşəkkür edirik ki, Medianın İnkişafı Agentliyini yaratdı. Bu agentlik neçə illərdir ki, çap mediasının yaşamasında böyük rol oynayır.  

- Bu 25 ildə nəyi özünüzün və qəzetin qazancı sayırsız?

- Özüm 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. 2002-ci ildə “Əməkdar jurnalist” fəxri adı almışam, bir çox ölkələrdən diplomlarla, ordenlərlə, medallarla təltif olunmuşam. Təbii ki, bu mənim qəzetdə baş redaktor kimi fəaliyyətimə verilən qiymətdir. Amma mənim və qəzetin ən böyük qazancı, sözsüz ki, oxucu məhəbbəti, ünvanımıza gələn təşəkkür məktubları olub. Oxucuların hansısa bir problemini həll etmişiksə bu bizim qazanclarımız sırasındadır. Qəzetin ən böyük qazancı öz oxucusunu məmnun etməkdi. Azərbaycanın torpaqları 30 ilə yaxın işğal altında olanda “Novoye vremya” qəzetinin daim baş yazısı Qarabağla bağlı olub. Bilirsiz ki, mən özüm qarabağlıyam, ağdamlıyam, bu mənim birbaşa borcum idi ki, Qarabağla bağlı məlumatları, erməni terrorizmi, işğalçılığı ilə bağlı informasiyaları dünya ictimaiyyətinə çatdıraq. Uzun illər erməni terrorizminin dünya terrorizminin tərkib hissəsi olması mövzusunda sisilə yazılar verdik. Hətta bizi hədələyənlər də oldu, amma biz silsiləni dayandırmadıq. Dünya terrorizminin başında duran elə Ermənistandır, ermənilərdir. Ən böyük qazancımız torpaqlarımızın,  ana yurdu Qarabağın, Ağdamın işğaldan azad edilməsi oldu. Yazdıqlarımız və arzuladıqlarımız nəhayət ki, həyata keçdi. Azərbaycan keçən il tam olaraq öz ərazi bütövlüyünü və suverliyini bərpa etdi. Dünyada başı uca gəzirik. 

- İndi rus dilində qəzet buraxmaq çətin deyil ki? 

- Təbii ki, çətindir. İndi ən böyük problem rus dilində yazanların az olmasıdır. Söhbət analitik yazılardan, təhlil yazılarından gedir. Hətta 20 il bundan əvvəlki dövrün rusdilli yazarları demək olar ki, yoxdur. Rusdilli qəzetin çətinliyi burdadır. 

- Arzunuz nədir?

- Ən böyük arzum Qarabağın işğaldan azad olunması idi ki, bu arzuma çatdım. İndi arzum təqaüdə çıxandan, yaxud Ağdam bərpa olunandan sonra doğma Ağdamda yaşamaqdır.  

- Gözləntiləriniz nədir? Çap mediasının yaşamını davam etdirməsi üçün daha çox nəyə ehtiyac var?

- İnanın ki, həm optimist, həm də realist adamam. Optimistəm ki, bu gün çap mediasını davam etdiririk. Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hələ ki, çap mediası çapını davam etdirir. Bu quruma təşəkkür edirəm.  Real baxsam, ciddi irəliləyiş gözləmirəm. Çünki iki-üç il əvvələ qədər bir-iki reklam verən vardısa, indi o da yoxdur. Bunu bütün çap mediası bilir. Getdikcə çap mediasının oxucusu azalır. Oxucu hardasa daha çox ucuz xəbərlərin dalınca qaçır. 

İradə SARIYEVA





Chosen
22
baki-xeber.com

1Sources