EN

11 oktyabr - Beynəlxalq Qızlar Günüdür

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qızların hüquqlarını və onların qarşılaşdıqları unikal çətinlikləri tanımaq məqsədilə 2011-ci il dekabrın 19-da bu tarixi Beynəlxalq Qızlar Günü elan edib. Bu gün bütün dünyada qızların hüquqlarının qorunmasına və cəmiyyətin bu məsələlərə diqqətini çəkməyə yönəlmiş təşəbbüsdür. 

Beynəlxalq Qızlar Günü yalnız qızların hüquqlarını müdafiə etmək məqsədini güdmür, eyni zamanda gender bərabərliyinin təmin olunması, ayrıseçkilik və baxımsızlıqdan əziyyət çəkən qızların dəstəklənməsi üçün qlobal platforma kimi çıxış edir.

2011-ci ilin dekabr ayında verilən bu mühüm qərar 2012-ci il oktyabrın 11-dən etibarən hər il qeyd edilir. Bu günün keçirilməsi dünya üzrə müxtəlif mədəniyyətlərdə və cəmiyyətlərdə qadınların yaşadığı çətinliklərin daha geniş miqyasda müzakirəsinə və həll yollarının tapılmasına imkan tanıyır. Xüsusilə, erkən nikah problemi Beynəlxalq Qızlar Gününün mərkəzində dayanır. Orta hesabla, 20-24 yaş arasındakı hər üç qadından biri 18 yaşına çatmadan evləndirilib ki, bu da onların gələcək həyatlarını, təhsil imkanlarını və iqtisadi müstəqilliklərini ciddi şəkildə məhdudlaşdırır. 

Beynəlxalq Qızlar Günü dünya miqyasında qızların yaşadığı çətinliklərin azaldılması və onların hüquqlarının qorunması üçün mühüm çağırışdır.

Erkən nikaha yox!

Azərbaycanda 2022-ci illə müqayisədə ötən il 18 yaşınadək anaların doğduğu uşaqların sayı 269 nəfər azalaraq 1 742 nəfər olub. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb. Hesabat dövründə Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 15 müraciət daxil olub. Yerli rayon icra hakimiyyətlərindən verilən məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 293 (2022-ci ildə 269) erkən evliliyin qarşısı alınıb.Hər il uşaqların, xüsusilə, qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir. 2014-2015-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Azərbaycanın bir sıra bölgələrindən məcburu erkən nikahlara dair ərizələr daxil olub, komitənin regional mərkəzlərində isə 30-dan çox erkən nikahın qarşısı alınıb.

Unutmayaq ki, uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edir.Bu il bu əlamətdar gün “Qızların gələcəyə baxışı” şüarı ilə keçirilirUNESCO-nun Beynəlxalq Qızlar Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunur ki, “qızlar, təkcə məktəb illərində deyil, həm də şəxsiyyət kimi yetişəndə təhlükəsiz, təhsilli və sağlam həyat hüququna malikdirlər. Əgər effektiv şəkildə dəstəklənsə və təhsil alsa, qızlar həm bu günün güclü qızları, həm də sabahın aparıcı mütəxəssis-kadrları, sahibkarları, mentorları, siyasi liderləri və anaları kimi dünyanı dəyişdirmək potensialına malikdirlər. Qızların gücünün həyata keçirilməsinə qoyulan sərmayə bu gün onların hüquqlarını müdafiə edir və bəşəriyyətin yarısının iqlim dəyişikliyi, siyasi münaqişə, iqtisadi artım, xəstəliklərin qarşısının alınması və qlobal problemlərin həllində bərabərhüquqlu tərəfdaş olduğu daha ədalətli və firavan gələcək vəd edir”. Bu il Beynəlxalq Qızlar Günü “Qızların gələcəyə baxışı” şüarı ilə keçirilir. 2024-cü ildə Beynəlxalq Qızlar Gününü qeyd edərkən UNESCO qızların bizim necə yaşadığımızı, öyrəndiyimizi və ədalətli dünya üçün müdafiə etdiyimiz dəyərləri dəstəkləyir.   UNESCO qeyd edir ki, əldə olunan nəticələrə baxmayaraq, hazırda 122 milyon qız məktəbə getmir. UNESCO, xüsusilə, STEM və STEAM sahələrində maneələri aşmağa çağırır və qızların qlobal miqyasda gücləndirilməsində onların həyati roluna yüksək qiymət verir.

Qızlar oxusun!

Qızların oxuması üçün hazırda Elm və Təhsil Nazirliyinin təşəbbüsləri ilə müxtəlif layihələr həyata keçirilir. Təhsilin İnkişafı Fondunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə icra edilən Hənifə Məlikova-Zərdabi adına “Qızların təhsilinə dəstək” təqaüd proqramı ilə start götürən bu prosesin əhatə dairəsi xeyli genişlənib. Hazırda qızların təhsilinə dəstək məqsədi ilə layihələr davam edir. Bu prosesə “Azərbaycan müəllimi” qəzeti də dəstək verir. Belə ki, qadınların səlahiyyətləndirilməsinə ictimaiyyətin diqqətini yönəltmək məqsədilə Təhsilin İnkişafı Fondunun Azərbaycan Mətbuat Şurası və  “Azərbaycan müəllimi” qəzetinin birgə əməkdaşlığı ilə Fondun yaradılmasının 3-cü ildönümü ilə bağlı “Qızların təhsilinə dəstək” mövzusunda media subyektlərinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirilib. Xatırladaq ki, qızların təhsilinə dəstək "Azərbaycan müəllimi" qəzetinin yarandığı gündən vacib mövzularından biridir. 

Həmin yazılardan birini - 1935-ci ildə qəzetimizdə çap olunan "Qızların məktəbdən dağılması ilə amansız mübarizə aparılmalı" sərlövhəli yazını təqdim edirik:

Qəzetimizin arxivindən (19 may 1935-ci il, №13)

Firqə və hökumətin ümumi icbari təhsil haqqındakı qərarı nəinki sinfi düşmənlər tərəfindən, hətta bəzi müəllimlər və şura işçiləri tərəfindən pozulmaqdadır. Məsələn, Nehrəm kəndinin tam olmayan orta məktəbinin müəllimi Əbülfəz Kərimov Kərbəla Şıxəliyevin 9 yaşlı qızını nişanlayıbdır. Cəhri kənd məktəbinin müdiri İsmayıl Həsənov 13 yaşındakı tələbəsini nişanlayaraq məktəbə getməyi ona qadağan etmişdir.

Sinfi düşmənlərin törətdikləri fırıldaqlar nəticəsində Nehrəmdə 60 nəfər, Şəkərabadda 12 nəfər, Cəhridə 28 nəfər, Təzəkənddə 12 nəfər, Yaycıda 25 nəfər, Azərdə 25 nəfər (Culfa rayonu) qız məktəbdən xaricdə qalmışlar. Həmin kəndlərdə əski adətlərə və azyaşlı qızların ərə verilməsinə qarşı zəif mübarizə aparılır. Məsələn, Şahtaxtı (Noraşen rayonu) kəndində əsgər Kərbalayevin qızını Mir Nəzər Seyidova, Ağa Seyid Cəfər oğlunun 10 yaşında qızını Həsən Musabəyova, Məşədi Müslümovun qızı Xanımı Həsən Məmmədova nişanlamışlar. Şahtaxtı kəndində bu kimi halların sayı 18-ə çatır. Əli Bayramlı rayonunda 12 nəfər 10-12 yaşlı, Qonaqkənd rayonunun Zej kəndində isə 17 nəfər məktəbli qız nişanlanmışdır. Bu kimi rayonlar sırasına Kəlbəcər, Laçın, Zuvand, Astara, Astraxanbazar və bir sıra başqa rayonlar da daxildirlər. Ordubad rayonunun Gənzə kəndində kənd şura sədri Quliyev sinfə girib beşinci sinfin tələbəsi Ruqiyyə Əbdül qızının adını tələbələr siyahısından pozur, kənd şura sədrindən bunun səbəbini soruşduqda həmin qız ərə getdiyindən məktəbə getməsinə icazə verilmədiyini söyləyir. Qoşadizə kəndində kolxoz sədri işçi qüvvəsinin çatmadığını bəhanə edərək qızların məktəbə getməsini qadağan edir. Yamxana kəndində tələbələr analarının ev İşlərini əvəz etdiklərindən məktəbə getməyirlər.

Bu kimi işlərin nəticəsində Qasım İsmayılov rayonunda 14.8%, Zuvandda 6%, Qaradonluda 6.5%, Ağcabədidə 7.3%, Masallıda 8.2%, Beyləqanda 13.7%, Vərgəduzda 14.9 faiz və i. məktəb yaşlı qızlar 5-6-7-ci siniflərə cəlb edilmişdir. Bu da hər il qızların texnikum və ali məktəblərə cəlb edilmə planını pozur. Bir tərəfdən də rayonlarımız müəllimə kadrları ilə vaxtında təmin edilməyir. Elə rayonlar vardır ki, orada müəllimlərin sayı çox azdır. Məsələn, Kəlbəcər 4, Cəbrayıl 6, Qonaqkənd 5, Dəvəçi 6, Astraxanbazar 7, Əbrəqunus rayonunda isə bir nəfər də olsun müəllimə yoxdur. Bəzi yerli təşkilatlar, birinci növbədə rayon maarifi şöbələri bu işə liberalcasına yanaşırlar (Ordubad, Ağcabədi, Zəngilan və sairə).

Sinfi düşmən tör-töküntülərinin bu cür hərəkətlərinə qarşı prokurur və məhkəmə orqanlarının da zəif iş aparmalarını qeyd etmək lazımdır. Ümumi icbari təhsil haqqında olan firqə və hökumət qərarlarını təhrif edənlərlə qəti və amansız mübarizə aparılmalıdır.

Chosen
17
tehsil.biz

1Sources