Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində keçiriləcək Dünya Seriyasının final mərhələsində iştirak edəcəklər.
Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, həlledici raundda ölkəmizi Ramiz Həsənov (80 kiloqram) və İbrahim Yusubov (90 kiloqram) təmsil edəcəklər.
Yarış oktyabrın 12-13-də baş tutacaq.
Qeyd edək ki, bu turnirdən dərhal sonra bütün mərhələlər üzrə toplanan xallar hesablanacaq və çimərlik güləşi üzrə dünya çempionları müəyyənləşəcək.