EN

GÜNDƏM: Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirildi, müasir mediada informasiya təhlükəsizliyi və peşəkarlıq müzakirə olundu

Oktyabrın 10-da İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilib.

Fins.az xəbər verir ki, iclasda Prezident İlham Əliyevin sədrliyi ilə 26 sentyabr 2024-cü il tarixində keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki tapşırıqlarından irəli gələrək “İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar inzibati-cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb.

Məsələ ətrafında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Mərkəzi Bankın sədri Taleh Kazımov və iclasda iştirak edən Baş prokuror Kamran Əliyev çıxış ediblər.

Gündəlikdə ikinci məsələ olaraq “Cənub Qaz Dəhlizi” QSC-nin fəaliyyəti ilə bağlı məsələlər də ətraflı müzakirə olunub. Məsələ üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzələri dinlənilib.

Təqdim olunan məsələlər üzrə İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

* * *

Oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilib.

Fins.az xəbər verir ki, Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşən toplantıda əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib. Sonra ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş Vətən övladlarının, şəhid olmuş və və dünyasını dəyişmiş jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin, Medianın İnkişafı Agentliyinin rəhbərliyinin, media subyeklərinin baş redaktorların qatıldıqları konfransda MŞ sədri Rəşad Məcid, Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov açılış nitqləri ilə çıxış edib, müzakirəyə çıxarılan mövzu ilə bağlı fikirlərini bölüşərək Azərbaycan dövlətinin və cəmiyyətinin media ilə bağlı gözləntilərindəki ayrı-ayrı məqamları dilə gətiriblər. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin bəzi beynəlxalq dairələrin ölkəmizə qarşı informasiya savaşı və ideoloji müharibə apardıqlarına dair fikirlərindəki ayrı-ayrı məqamlar üzərində dayanılıb və bildirilib ki, ölkə mediasının və jurnalistlərin bu kimi qlobal çağırışlara, ölkəmizdəki sabitliyi və əminamanlığı pozmağa hesablanmış informasiya diversiyalarına adekvat yanaşması, hər zaman peşəkarlığı və həssaslığı əsas tutaraq çevik fəaliyyət göstərməsi son dərəcə vacibdir, günün təxirəsalınmaz tələbidir.

Toplantıda əsas məruzəçi MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub. V.Zifəroğlu siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan infor­ma­siya müharibəsi və cəmiyyətin informasiya təhlü­kəsiz­li­yi­nin təmin edilməsində medianın rolu mövzusunda çıxış edib.

Sonra MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər, inzibati və hüquqi modellər barədə söz açıb. MŞ İdarə Heyətinin üzvləri - Technote Media Şirkətinin rəhbəri Fərid Pərdəşünas Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli isə sosial media ilə rəqabətdə mediadan gözləntilər mövzusunda fikirlərini səsləndiriblər.

Tədbirdə, həmçinin, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktorantları Nurşərəf Tağıyevanın və Sünbül Zalovanın ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri mövzusunda birgə təqdimatları olub.

Toplantıda sadalanan mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yekununda Azərbaycan Mətbuat Şurasının media subyektlərinə tövsiyələri açıqlanıb. Tövsiyələrdə məzmun yaradıcılığında hansı vasitələrdən istifadə edilməsinə fərq qoyulmadan “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət edilməsinin, yeni medianın operativlik, sərhədsizlik, interaktivlik və s. kimi üstünlüklərinin nə­zə­rə alınaraq, infor­ma­siya istehsalının daha da gücləndirilməsinə təkan verilməsinin, dünyada gedən müasir texnoloji inkişafa uyğun­laşmağın və beynəlxalq jurnalistikadakı xü­susilə, Qərb jurnalistikasındakı yeni trend və tendensiyaların mənimsənilməsinin, dövlətin və cəmiyyətin maraq və mənafelərindən irəli gələn, onların uzlaş­dırıl­ma­sına xidmət edən materialların sayının çoxaldılmasının və keyfiy­yə­tinin yüksəl­dil­məsinin, Azərbaycan dövlət dilinin normalarına əməl edilməsinin, əsasən proqramlar vasi­tə­si ilə hazırlanan tərcümə materiallarının keyfiyyətinə diqqətin artırılmasının vacibliyi vurğulanıb.

Tövisyələrdə, həmçinin, sosial şəbəkələrdə yayımlanan materialların həqiqətə uyğunluğunun, səhihliyinin ciddi şəkildə yoxlanılmasının, jurnalistlərin mövcud sahədəki manipulyasiyalara həssas yanaşmalarının, xüsusən, yeni texnologiyaların, süni intellekt sistemlərinin dezinformasiya yayı­mın­da vasitə olduğunun nəzərə alınmasının zəruriliyi üzərində dayanılıb və bildirilib ki, media təmsilçiləri məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən, süni intellekt proqramlarından asılı duruma düşməməli, milli maraqların qorunması üçün ölkədə vahid və güclü ictimai rəy formalaşdırmalı, beynəlxalq media ilə əməkdaşlığa can atmalı, Azərbaycanın möv­qe­lərini müdafiə edən məqalələrin və reportajların hazırlanmasına səy göstərməli, dünyada gedən aşkar informasiya müharibəsi şəraitində təcrübə mübadiləsinə üstünlük verməlidirlər.

* * *

Azərbaycanda bələdiyyələrin sayı azaldılır.

Fins.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Regional məsələlər komitəsinin “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihələrində əksini tapıb.

Layihəyə əsasən,1400 bələdiyyə birləşəcək. Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1606-da 684-ə düşəcək.

Xatırladaq ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 5 aprel 2024-cü il tarixli qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.

* * *

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva oktyabrın 10-da Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı Rəfiqə Maxsudovanı evində ziyarət ediblər.

Fins.az xəbər verir ki, bu barədə IDEA İctimai Birliyindən məlumat verilib.

Qeyd edək ki, Leyla Əliyeva görüşdə gənc arıçı ailə ilə səmimi söhbət edib, fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübə və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib.

Öz növbəsində, layihə iştirakçısı Rəfiqə Maxsudova Leyla Əliyevaya göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını bildirib, süzdüyü ilk balı xüsusi qablaşdırmada hədiyyə edib.

Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc arıçı dəstəklənib və onlar artıq öz ilk məhsullarını əldə etməyə başlayıblar.

Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən 20 gəncə peşəkar mütəxəssislərin iştirakı ilə bir aylıq təlim keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb.

Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu addımlar bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışın səmərəli təşkilinə xidmət edəcək.

Chosen
9
fins.az

1Sources