EN

İsrail-İran qarşıdurması, gözləntilər və dünyanı gözləyən təhdidlər

İsrail-İran qarşıdurması fonunda Yaxın Şərq böhranını çıxılmaz bir dalana sürükləyir. İstər konspiroloji nəzəriyyə tərəfdarlarının, istərsə də çoxqütblü dünya tərəfdarı olan güclərin də bir çoxu böhranın dərinləşməsində maraqlı olduğu ortadadır. Konspiroloji nəzəriyyənin icraçısı olan kollektiv Qərb İsrailə dəstəyi ilə Yaxın Şərqdə reallaşdırmaq istədikləri planlarını həyata keçirməyə çalışırlar. Bunun üçün də Yaxın Şərqdə hələ də proksi gücləri vasitəsilə proseslərə mane ola biləcək İranın sıxışdırılıb çıxarılması məqsədilə İsrailin mövqeyinin güclənməsinə və müəyyən qədər də ərazisinin genişlənməsinə çalışırlar.

Bu da Yaxın Şərqdə münaqişənin coğrafiyasının genişlənməsinə səbəb olmaqdadır. Artıq münaqişə coğrafiyası Qəzzadan sonra Livanı və son günlərdə Suriyanı da əhatə etməkdədir. İsrail ordusu Hizbullahı tərk-silah etmək məqsədilə Hizbullahın Suriyadakı dayaqlarını və İranyönlü qüvvələri hədəf seçib.

Digər tərəfdən isə İsrail İranın məlum raket hücumundan sonra cavab verəcəyi ilə bəyanatı vəziyyəti daha da kəskinləşdirib. İsrail tərəfi İrana ölümcül zərbə endirəcəyi ilə bağlı davamlı olaraq bəyanatlar verməkdədir. Sadəcə ABŞ-nin hazırkı rəhbərliyi ölkədə prezident seçkiləri ərəfəsi olduğu üçün İrana qarşı sərt tədbrilərin görülməsinin tam tərəfdarı kimi çıxış etmir. Bunun da səbəbi aydındır. Əgər İsrail İranın hərbi obyktləri ilə yanaşı, neft obyektlərini hədəf alarsa, bunun dünya neft bazarına ciddi təsirləri ola bilər və neft kəskin bahalaşa bilər. Ağ Ev administrasiyası hesab edir ki, İrana qarşı sərt cavablar nəticəsində neftin kəskin bahalaşması, ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizədi Kəmala Harrisin imicinə mənfi təsir göstərə bilər. Onsuz da 2019-cu ildə Yəməndə husilərin Səudiyyə Ərəbistanının "Aramco" neft yataqlarına hücumundan sonra şirkət qlobal xammal tədarükünün 5%-dən çoxunu dayandırıb. İndi də belə bir ssenari təkrarlanarsa, neft kəskin bahalaşacaq.

Əgər İsrail İranın neft obyektlərini vurarsa, Tehran da bunu cavabsız qoymayacağı bəllidir. Tehran tərəfi artıq bəyan edib ki, əgər İsrail cavab zərbəsi endirərsə, o zaman İran tərəfi ABŞ-nin bölgədəki müttəfiqlərini hədəf seçəcəyini bəyan edib. Bu məsələ hətta oktyabrın 9-da Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla İranın xarici işlər naziri Abbas Əraqçi arasındakı danışıqların əsas mövzusu olub. Danışıqlarda bildirilib ki, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ İsrailin İrana mümkün hücumu zamanı öz hava məkanlarını Təl-Əvivə açarsa, o zaman Tehran həm Səudiyyə Ərəbistanının, həm Körfəzdəki ərəb ölkələri olan Qətər, BƏƏ, Küveyt, həm də İordaniyanın strateji və neft obyetklərini vuracağı ilə təhdid edib.

Düzdür, Tehran ərəb ölkələrini təhdid etməklə ABŞ-yə təzyiq edib İsraili gözlənilən hücumundan vaz keçməsinə nail olmağa çalışır. Lakin İsrail həmin ölkələrin ərazisindən istifadə etmədən də Aralıq, Qırmızı dəniz, Hind okeanından istifadə etməklə bu planını həyata keçirə bilər. Odur ki, qarşılıqlı təhdidlər və hadisələrin belə inkişaf tendensiyası isə İsrail-İran qarşıdurmasından çıxıb bütövlükdə Yaxın Şərqi bürüyə bilər. Nəticədə böhran və xaos idarəolunmaz həddə çata bilər ki, bu da təkcə Yaxın Şərqə deyil, bütövlükdə dünya üçün yaxşı heç nə vəd etmir.

Yaxın Şərqdə böhran coğrafiyasının genişlənməsi münaqişəyə yeni-yeni ölkələrin cəlb olunması deməkdir. Coğrafiyanın genişlənməsi də nəticə etibarilə  qlobal səviyyədə təhlükəsizliyə, sabitliyə, logistik, ticari-iqtisadi, naviqasiya, daşımalara ciddi təhdid yaradır.

Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərqdəki proseslər Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək.

Mürtəza Bünyadlı
Ölkə.Az
 

Chosen
133
50
olke.az

10Sources