EN

Vətən müharibəsinin xronikası: 13 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, təxminən, otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası sıradan çıxarılıb. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyədək canlı qüvvəsi pusquya salınıb. Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal altındakı ərazilərimizə doğru hərəkət edən könüllülərin bir qrupu atəş zərbəsi ilə məhv edilib.

• Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə Ermənistanın xüsusi qəddarlıqla Gəncə şəhərini atəşə tutmasını, mülki şəxsləri hədəfə almasını və işğalçının öz ərazisindən Azərbaycanı hədəfə almasını şərh edərkən bu çirkin siyasətin anlaşılan olduğunu bildirib: “Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Bu dəfə də bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad etmişdir və işğaldan azadetmə əməliyyatımız uğurla davam edir. Bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı”.

Ali Baş Komandan İlham Əliyev daha sonra Ermənistanın bu xain hücumu ilə onun münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək məqsədi güddüyünü vurğulayıb. Ölkə rəhbəri işğalçının Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tutmasını da məhz onun bu çirkin niyyətilə əlaqələndirib. Dövlətimizin başçısı bu məqamla bağlı deyib: “Fəqət mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdən keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi. Erməni ordusuna çox böyük zərər vuruldu, 200-dən çox tank, 2 “S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika məhv edildi, 33 tank və digər texnika qənimət kimi götürüldü”.

Prezident İlham Əliyev müsahibədə Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı Ermənistanın cəhdlərinin yersiz və bunun onların özləri üçün zərərli olduğunu vurğulayıb. Qeyd edib ki, ilk növbədə, heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda, bu cəhdlər səmərəsiz qalacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb: “Minsk qrupuna həmsədrlik edən ölkələr bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa İttifaqı ilə bizim “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın. Çünki bundan heç bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik. Bu, mütləqdir. Ona görə Ermənistanın bu cəhdləri, sadəcə olaraq, daxilə, yəni, öz ictimaiyyətinə hesablanıb ki, sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər”.

• Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 13-ü saat 12:00-dək 42 mülki şəxs həlak olub, 206 nəfər isə xəsarət alıb, 1479 ev, 66 çoxmənzilli yaşayış binası və 241 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

• Azərbaycan əsgəri Hünər Məmmədov silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə düşmənin 7 tankını, 1 PDM-ini, silah-sursat dolu 1 avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.

• Müdafiə Nazirliyi işğaldan azad edilən Hadrut qəsəbəsinin videogörüntülərini yayıb. Xatırladaq ki, Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad olunub.

• Ermənistanın müharibə cinayətləri davam edir. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan ordusu Ağcabədi rayonunun ərazisini atəşə tutur. Rayonun yaşayış məntəqələrinin ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində sakinlərə məxsus evlərə, yardımçı binalara və digər obyektlərə, elektrik və qaz təsərrüfatlarına ziyan dəyir.

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.

XQ

Chosen
31
xalqqazeti.az

1Sources