EN

9 ayda orta illik inflyasiya 1,5 faiz olub

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar–sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,4 faiz, qeyri-qida məhsulları üzrə 101,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 103,3 faiz təşkil edib.

Məlumata görə, bu ilin sentyabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 103,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,9 faiz, qeyri-qida məhsulları üzrə 101,9 faiz, əhaliyə göstərilın ödənişli xidmətlər üzrə 105,7 faiz olub. Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 100,5 faizə çatıb.

Sentyabrda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun və yumru düyü, mal və qoyun əti, kolbasa məmulatları, kərə yağı, yumurta, şaftal, qoz, şabalı, pomidor, şirin bibər, badımcan və süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz olub. Qeyri-qida mallarından daha çox artım inşaat materiallarının və zərgərlik məmulatlarının qiymətlərində müşahidə edilib. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ekspertlər bildirirlər ki, inflyasiyanın azalması cari ilin əvvəlindən davamlı prosesə çevrilib. Ticarət tərəfdaşları üzrə inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyaya azaldıcı təsir göstərib.

Bundan əlavə, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyaya azaldıcı təsir göstərir. Qiymətlərin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi, eyni zamanda, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”, eləcə də “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncamlarında nəzərdə tutulan kompleks tədbirlərin icrası da inflyasiyanın azalmasını şərtləndirir.

 

Chosen
10
1
xalqqazeti.az

2Sources