EN

Dünya COP29-da Azərbaycanı bütün əzəməti ilə görəcək

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən 5 milli prioritetdən birinin respublikamızın təmiz ətraf mühit və “yaşıl” artım ölkəsi olması məqsədi qarşıya mühüm vəzifə kimi qoyulub.

Buna görə də sərəncam imzalanan gündən Azərbaycanın perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi ilə əlaqədar layihələrin icrası diqqət mərkəzində saxlanılıb. Azərbaycan hökuməti sözügedən prioritet daxilində strateji dövrdə iki məqsədin – yüksək keyfiyyətli ekoloji mühitin yaradılmasına və ölkəmizin “yaşıl” enerji məkanına çevrilməsi üçün ən zəruri tədbirlərin reallaşdırılmasını önə çəkib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində də vurğulandığı kimi, iqtisadi artımla ekoloji mühitin tarazlı olmasına xüsusi önəm verib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin sözlərinə görə, yüksək keyfiyyətli ekoloji mühitin məqsədi ölkədə keyfiyyətli və təmiz ekoloji mühitin qorunması, resurslardan səmərəli istifadənin təmin edilməsidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır. Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır.

Bu prioritetlərə nail olunması isə respublikamızda “yaşıl” iqtisadiyyat məsələsini aktuallaşdırıb. Bu baxımdan 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən iqlim konfransında (COP26) Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması ilə bağlı yeni təşəbbüslə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğalçıdan təmizlənən ərazilərdə 2050-ci ilə qədər “netto sıfır emissiya” zonasının yaradılması niyyətini bildirib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların dirçəldilməsi istiqamətində “yaşıl” enerji zonası, “yaşıl” kənd təsərrüfatı, “yaşıl” nəqliyyat, həmçinin “ağıllı” şəhər və kəndlərin salınması yanaşmalarının tətbiqi, minlərlə hektar sahədə meşələrin bərpası burada 2050-ci ilə qədər “netto sıfır emissiya” hədəfinə çatmaqda böyük rol oynayacaq.

Muxtar Babayevin fikrincə, qloballaşan dünyada insanların rifah səviyyəsinin artırılması və tələbatlarının ödənilməsində davamlılığın təmin olunması üçün iqtisadi, sosial və ekoloji aspektlərin hər birinin nəzərə alınması vacibdir. Məhz iqtisadi ədəbiyyatda bu aspektlərə vahid yanaşmanı təmin edən konsepsiya “yaşıl” iqtisadiyyat adlanır. “Yaşıl” iqtisadiyyat anlayışı, ilk növbədə, ekoloji iqtisadiyyat istiqaməti ilə birbaşa əlaqədədir. Zaman keçdikcə qeyd olunan bu problemlərin həll edilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da aktuallaşır. Vaxtında həllini tapmayan, kiçik bir təbiət hadisəsi kimi izah olunan çətinliklər indi artıq bəşəriyyət qarşısında qlobal, qarşısıalınmaz fəlakətlərlə başa çata biləcək prosesə çevrilir.

Azərbaycan Respublikasında da ekoloji problemlərin həlli vacib sayılır və bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir. Ölkəmiz mütərəqqi bəşəriyyətin qəbul etdiyi “Dayanıqlı inkişaf” konsepsiyasının prinsiplərinin həyata keçirilməsinə töhfə verir və iqlim dəyişmələrinə təsirlərin yumşaldılması istiqamətində fəaliyyət göstərir . Ölkə Prezidentinin 11 mart 2020-ci il tarixli müvafiq sərəncamı ilə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının müvafiq fəaliyyət planı çərçivəsində layihələr həyata keçirilir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün Azərbaycanda iqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində bərpaolunan və alternativ enerji mənbələrindən və enerji səmərəli texnologiyalardan istifadənin artırılması, meşə ərazilərinin genişləndirilməsi və digər tədbirlər gerçəkləşdirilir.

Sonda onu da qeyd edək ki, Azərbaycan bu gün iqlim konfransına ciddi hazırlaşır. COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətinin məlumatında bildirilir ki, ölkəmizdə iqlim konfransının keçirilməsi üçün dövlət büdcəsində müvafiq ayırmalar təsdiq edilib. Həmin vəsaitlər hesabına dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri olan beynəlxalq konfransın yüksək səviyyədə təşkili və zəruri infrastrukturun qurulması üzrə işlərin aparılması nəzərdə tutulub.

COP29-a ayrılmış dövlət vəsaiti üzərində maliyyə nəzarətinin həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları ilə birlikdə ölkənin ali audit orqanı konfransın təşkili üzrə maliyyə idarəetməsini, ayrılmış dövlət vəsaitinin təsdiq edilmiş göstəricilərə, bağlanılmış müqavilə məbləğlərinin aidiyyəti istiqamətdə ayrılmış vəsaitə, habelə müqavilələrin icrasının müqavilə şərtlərinə uyğunluğunu diqqətdə saxlayır. Məqsəd müvafiq audit prinsiplərində qeyd olunan məqamlar nəzərə alınmaqla maliyyə pozuntuları baş verməzdən öncə onların qarşısının alınmasıdır.

Eyni zamanda, maliyyə nəzarətinin aparılmasında məqsəd hesabatlılıq və şəffaflıqla yanaşı, tədbirin təşkili üçün ayrılmış vəsaitin səmərəli istifadə olunması, eləcə də qənaət olunan məbləğlərin büdcəyə qaytarılmasıdır.

 

Chosen
16
1
xalqqazeti.az

2Sources