EN

Çexiya Orta Dəhlizdə pilot layihə həyata keçirir

Çexiyada yerləşən “MALBI-trans” beynəlxalq nəqliyyat–logistika şirkətinin baş direktoru Liliana Krutonoq Bakıda keçirilən “Qara dəniz–Xəzər Logistika Forumu 2024: dəhlizlər, yüklər, infrastruktur” beynəlxalq konfransında rəhbərlik etdiyi qurumun Orta Dəhliz çərçivəsində pilot layihə həyata keçirdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, hazırda şirkət Orta Dəhlizin imkanlarını araşdırır və bu istiqamətdə mühüm layihələrin icrasını planlaşdırır. Hazırda Rumıniya, Konstansa limanı, sonra Bakı və nəhayət, Qazaxıstana keçəcək pilot qatar hazırlanır. Bunun əsas marşrutlardan biri olacağı nəzərdə tutulur.

Liliana Krutonoq qeyd edib ki, şirkət bu gün bir sıra problemlərlə qarşılaşır. Əsas çətinlik infrastruktur darlıqlarıdır. Vəziyyəti yaxşılaşdırmaq üçün nəqliyyat mərkəzlərini genişləndirmək və yolların ötürücülük imkanlarını artırmaq lazımdır. Baş direktor vurğulayıb ki, “MALBI-trans” tenderlərdə, o cümlədən, Qazaxıstandakı layihələrdə fəallıq göstərir.

“MALBI-trans” beynəlxalq nəqliyyat-logistika şirkəti Avropanın hər yerinə, Rusiya, MDB, Çin, Türkiyə və İrana ixrac, idxal, tranzit və daxili daşımalar üzrə dəmir yolu daşımaları təklif edir.

Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çinin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmiryolu sistemləri ilə birləşdirir. Orta dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına imkan verir. Bu dəhlizlə hərəkət edən marşrut qatarı Çindən Avropaya malları orta hesabla 20–25 günə çatdırır və bu, adıçəkilən nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

 

Chosen
11
2
xalqqazeti.az

3Sources