EN

Ukraynalı ekspert: Rusiya ordusunun hücum riski hələ də qalır

Ukraynalı

Kiyev, 13 oktyabr, AZƏRTAC

Ukrayna-Rusiya qoşunlarının cəbhə xəttində ağır döyüşlər davam edir. Rusiya ordusu xüsusilə Donetsk vilayətində intensiv hücumlar həyata keçirir. Ukrayna silahlı qüvvələri isə effektiv müdafiə olunmağa çalışır.

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri, siyasi-hərbi eksperti Sergey Kuzan AZƏRTAC-a məxsusi müsahibəsində bildirib ki, Donetskin Uqledar şəhərinin Rusiya ordusu tərəfindən tutulmasında heç bir sürpriz baş vermədi. Artıq bir ay əvvəl Rusiya silahlı qüvvələrinin üstün olduğu aydın idi.

“Vəziyyət Ukrayna ordusu üçün əlverişsiz idi, buna görə də Uqledardan çıxışımız artıq zaman məsələsi idi. Yeganə sual bu geriçəkilmənin nə vaxt və necə baş verəcəyi idi. Xatırlatmaq istəyirəm ki, bir şəhər olaraq Uqledar bir il əvvəl mövcudluğunu dayandırmışdı və mülki əhalinin şəhərə girməsi artıq mümkün deyildi. Təbii ki, Uqledar özü də müdafiə xəttinə çevrilmişdi. Bu, nə deməkdir? O deməkdir ki, nə qədər müdafiə xətti əsas məqsədini yerinə yetirir, buna ehtiyac var, onun mənası var. Beləliklə, komandanlığın hesablamalarına görə, düşmən itkilərinin bizim itkiyə nisbəti əlverişli olduqda, o vaxta qədər biz belə bir müdafiə xəttini saxlaya bilərik. Belə bir əmsal zərərli olan kimi, itkilərimizin artmaq perspektivi olduqda əlbəttə ki, biz başqa, daha səmərələi xəttə keçirik”, - deyə ukraynalı hərbi ekspert əlavə edib.

Sergey Kuzan bildirib ki, Ukrayna ordusu Rusiyanın hücum potensialını azaltmaq istiqamətində səylərini davam etdirəcək. Ancaq təəssüf ki, Rusiyanın hücum riski hələ də qalır.

“Bundan qorxmaq lazım deyil. Bizim hələ də ərazi itkilərimiz olacaq. Biz buna hazırıq. Məhz ona görə ki, Rusiyanın hücum potensialı hələ də qalır. Amma ən əsası Rusiya ordusuna verdiyimiz itkilərdir. Uqledarda bu baxımdan tapşırığımız tamamilə yerinə yetirildi. Rusiyanın hava bombalarından intensiv istifadə etməsi ciddi problemlər yaratdı. Uqledarda sağ və sol cinahlarda düzənlik olduğundan Rusiya aviasiyası üçün çox əlverişli hədəflər yarandı”, - deyə ukraynalı ekspert vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
34
1
azertag.az

10Sources