EN

“Böyük Dəbilqə”: Murad Fətiyev 3-cü, Uşanqi Kokauri 2-ci oldu

Azərbaycan cüdoçuları Uşanqi Kokauri və Murad Fətiyev Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində medal qazanıblar.

Arena.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən turnirə bu gün yekun vurulub.

Yarışın sonuncu günündə Azərbaycanın dörd idmançısı tatamiyə çıxıb.

90 kq-da çıxış edən Murad Fətiyev mübarizəyə ikinci mərhələdən start verib. Luka Babutsidzeyə (Gürcüstan) qalib gələn cüdoçunuz 1/4 finalda Ciovani Ferreyradan (Braziliya) güclü olub. Finala gedən yolda Murad Yesper Sminkə uduzub. O, bürünc uğrunda Peter Safrani ilə güləşib. Qələbə qazanan Fətiyev “Böyük Dəbilqə”də üçüncü olub.

Bu çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Musa Hüseynli isə ilk görüşdə niderlandlı Mark Van Diykə uduzub və medalsız qalıb.

+100 kq çəki dərəcəsində çıxış edən və ilk mərhələdən azad olan Uşanqi Kokauri yarışa uğurlu başlayıb. O, Esleken Kedo (Filippin) ilə görüşdə qalib gəlib. Uşanqinin növbəti rəqibi serbiyalı İqor Vrançar olub. Bu görüşü də qələbə ilə başa vuran təmsilçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Yelle Snippeyə (Niderland) qalib gələn Kokauru finalda Valeri Endotovski (AİN) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb. Bu üzdən də cüdoçumuz gümüş medalla kifayətlənib.

Ağır çəkidəki digər cüdoçumuz İmran Yusifov Yur Spiykersə (Niderland) uduzaraq, “Böyük Dəbilqə” ilə erkən vidalaşıb.

Beləliklə, Azərbaycan yığması bu turniri dörd medalla başa vurublar. Xatırladaq ki, turnirin ilk 2 gündə Zelim Tçkayev (81 kq) qızıl, Acelya Toprak (57kq) isə bürünc medal qazanmışdı.

Chosen
12
1
arena.az

4Sources