EN

İranla bağlı plan dəyişdi – Hücum belə olacaq

Baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenə bildirib ki, İsrailin İrana cavab tədbiri qeyri-hərbi obyektlərə zərbələr endirməkdən ibarət olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” rəsmi mənbələrə istinadla məlumat yayıb.

Bir ABŞ rəsmisi Netanyahunun yumşalan mövqeyini Vaşinqtonun İsrailə təkmil anti-ballistik müdafiə sistemi göndərmək qərarında əsas amil kimi göstərib.

Nəşr yazır ki, İranın “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahın öldürülməsinin qisasını almaq üçün oktyabrın 1-də İsrailə 200-ə yaxın ballistik raket atmasından sonra Yaxın Şərq həftələrdir yəhudi dövlətinin vəd etdiyi hücumu gözləyir. ABŞ İsrailin regionda genişmiqyaslı müharibəyə səbəb ola biləcək qisas planını yumşaltmağa çalışdı. Son məlumata görə, artıq Netanyahu Baydenə deyib ki, İsrail öz hücumunu hərbi obyektlərə məhdudlaşdırmağı planlaşdırır.

İsrailin İranın neft və nüvə obyektlərinə hücum edəcəyi ehtimal edilirdi. VP hesab edir ki, neft infrastrukturuna hücum dünya bazarında enerji qiymətlərinin yüksəlməsinə səbəb ola, nüvə obyektinə zərbə isə döyüşləri genişləndirə və ABŞ-ın müdaxiləsinə səbəb ola bilər.

Nəşr qeyd edir ki, Körfəz ölkələri də İsrailin İranın neft obyektlərinə hücumunu dayandırmaq üçün Vaşinqtona lobbiçilik edib: “Bölgə ölkələri bu durumda münaqişənin kəskinləşəcəyi təqdirdə öz neft obyektlərinin Tehranın proksi qüvvələri tərəfindən vurulacağından narahatdırlar”.

Bütün bunlarla yanaşı, İsrail baş naziri Aparatı ölkənin təhlükəsizlik ehtiyaclarının hər hansı digər hesablamalardan üstün olacağını da bəyan edib.

“Amerika hökumətinin fikirlərini dinləyirik, amma son qərarlarımızı İsrailin milli təhlükəsizlik ehtiyaclarına əsaslanaraq verəcəyik”, - Netanyahu vurğulayıb.

VP-nin fikrincə, Netanyahunun “yumşalan mövqeyi” ABŞ-ın narahatlığını sakitləşdirib. Bundan sonra Bayden İsrailin mümkün hücumuna cavab olaraq İranın atacağı hər hansı addımlara qarşı THAAD və digər müasir müdafiə sistemləri göndərməyə razılıq verib.

Hücumun nə vaxt baş verəcəyinə gəlincə, ABŞ nəşri İsrailin zaman məsələsini açıq saxladığını yazır. Amma bunun noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər olacağı ən yüksək ehtimallar arasındadır.

Qəzetin Netanyahuya yaxın mənbəyə istinadla verdiyi məlumata görə, baş nazir ABŞ-la koordinasiya aparır, amma zərbəyə başlamazdan əvvəl Ağ Evin razılığını gözləməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
16
25
teleqraf.com

10Sources