Xəbər verdiyimiz kimi, dünən qərb qonşumuz olan Türkiyədə qar yağacağı ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Türkiyənin Qara dənizdən gələcək yeni soyuq dalğanın təsiri altında olacağı gözlənilir.
Maraqlıdır, sözügedən hava şəraitinin Azərbaycan ərazisinə təsiri olacaq?
Bu barədə meteoroloq Cavid Hüseynov “Yeni Sabah”a açıqlama verib.
O, bildirib ki, havanın temperaturu 5-10 dərəcə enəcək: “Şimal-qərb istiqamətindən ölkəmizə daxil olan soyuq hava kütlələrinin təsiri nəticəsində oktyabr ayının 23-dək Bakıda və respublikamızın əksər rayonlarında qeyri-sabit hava şəraiti müşahidə ediləcək. Havanın temperaturları əvvəlki günlərlə müqayisədə 5-10°C aşağı enəcək”.
Ekspert bu ərazilərə sulu qar və qar yağacağını da bildirib:
“Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonalarında (>3000 m) düşən yağıntıların bəzən sulu qar və qar şəklində yağacağı və havanın minimal temperatur göstəricilərinin bəzi günlərdə 0°C və -3°C arasında tərəddüd edəcəyi ehtimal edilir”.