EN

Azərbaycandan Avropaya “mavi” axın

Əsrimizin ən böyük layihələrindən olan Cənub Qaz Dəhlizi 4 seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəmərindən(TAP) ibarətdir.

Cənub Qaz Dəhlizinin 2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı həmin sistemə vurulub. Beləliklə, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. Həmin il iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan isə hasilat tədricən artıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib.

TAP ilə indiyə qədər qaz tədarükü 25 milyard kubmetr həddinə çatıb. Bu barədə məlumat yayan TAP konsorsiumunun açıqlamasında deyilir: “TAP kommersiya əməliyyatına başladığı vaxtdan etibarən təhlükəsiz şəkildə Yunanıstan, Bolqarıstan və İtaliyaya 25 milyard kubmetr təbii qaz tədarük edib. Təhlükəsiz enerji ötürücüsü olan TAP-ın Avropanın enerji təhlükəsizliyini artırmaq məqsədilə mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub”.

Azərbaycan TAP vasitəsilə Avropaya qaz tədarükünə 2020-ci il dekabrın 31-də başlayıb. Boru kəmərinin ilkin buraxılış gücü ildə 10 milyard kubmetr təşkil edir. Hidrogen və digər bərpaolunan qazların yeni həcmlərini, həmçinin TAP vasitəsilə nəql etməklə uzunmüddətli dayanıqlılığa imkan yaratmaq mümkündür.

Ölkəmizdən Avropaya qaz tədarükü başlayan vaxtdan indiyədək ixrac coğrafiyası da getdikcə genişlənir. Məsələn, Rumıniya qaz idxalında Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir. Bu sahədə ölkənin “ROMGAZ” şirkəti səmərəli fəaliyyət göstərir. Yeri gəlmişkən, “ROMGAZ” Rumıniyanın ən böyük qaz istehsalçısı olmaqla bərabər, həm də “mavi yanacaq” bazarında ən mühüm tədarükçülərdən biridir.

Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran TAP boru kəməri ilə ticarət əməliyyatlarının başlandığı gündən bu vaxtadək “köhnə qitəyə” 40 milyard kubmetrdən çox qaz nəql edilib.

Avropanın enerji təhlükəsizliyini dəstəkləyən boru kəməri ilə 2026-cı ilə qədər ildə əlavə 1,2 milyard kubmetr qaz nəql olunması gözlənilir. TAP hazırda İtaliyanın enerji tələbatının ödənilməsinə mühüm töhfə verir.

TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabrında başlayıb. Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya çatdırır. TAP Türkiyə–Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır.

Boru kəməri perspektivli interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü asanlaşdıracaq. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyaya uzanması ilə birlikdə Azərbaycan qazının daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır. TAP Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi Avropa üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli enerji strategiyası sayəsində Azərbaycan bu gün Avropanın enerji resurslarının etibarlı təchizatçısına çevrilib. Avropa İttifaqı ölkələri ildən-ilə ölkəmizlə enerji tərəfdaşlığını inamla möhkəmləndirir və genişləndirir, eyni zamanda, bu istiqamətdə bütün layihələri dəstəkləyir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün layihələr kimi, Avropa İttifaqına qaz nəqlinin genişləndirilməsi də artıq reallığa çevrilib. Xüsusilə, son illər ərzində kəskin enerji böhranı və qaz təchizatı mənbələrinin və marşrutlarının real şaxələndirilməsi zərurəti fonunda Avropa İttifaqı ölkələri tərəfindən dəfələrlə Azərbaycandan qaz tədarükünün artırılmasında və ya ona çıxış əldə etməkdə maraqlı olduqları bildirilib. Son illər Avropa İttifaqına üzv dövlətlərin rəhbərlərinin ən yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərləri reallaşıb və bu səfərlər zamanı əsas diqqət Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsinə yönəldilib.

Sonda diqqəti bir məqama da yönəltmək istərdik. “Rystad Energy” (Norveç) müstəqil araşdırma şirkətinin məlumatına görə, Azərbaycanda qaz sənayesi sürətlə inkişaf edir və onilliyin sonuna qədər qaz hasilatının 2020-ci ilin göstəriciləri ilə müqayisədə 51 faiz – ildə 40 milyard kubmetrə qədər artacağı gözlənilir.

Azərbaycan qaz hasilatını daha da artırmaq üçün bir neçə əsas qaz və qaz-kondensat yataqlarını işlətməyi planlaşdırır. Bu artım yaxın illərdə qaz hasilatının neft hasilatını üstələməsinə gətirib çıxaracaq. 2018-ci ildə “Şahdəniz” layihəsinin ikinci mərhələsinin işə salınmasından sonra qaz sənayesinə əhəmiyyətli təkan verilib ki, bu da 2017-ci ildən əmtəəlik qaz hasilatını 83 faiz –keçən il təxminən 36 milyard kubmetrə çatdırmağa imkan verdi. Təkcə “Şahdəniz” ümumi qaz hasilatının, təxminən, 72 faizini təmin edib.

Norveç şirkəti analitiklərinin dediyi kimi, qaz ixracı da 2018-ci ildəki 9,6 milyard kubmetrdən ötən il, təxminən, 24 milyard kubmetrə qədər artıb. Bu tədarükün, təxminən, yarısı Avropaya, qalanı Türkiyə və Gürcüstana göndərilib. 2022-ci ilin ikinci yarısında Azərbaycan Avropaya ixracını 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılması ilə bağlı niyyətlər haqqında memorandum imzalayıb, eyni zamanda, “Şahdəniz” burada əsas rol oynayacaq.

Bu əlavə həcmləri Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırmaq üçün Azərbaycan TAP-ın ötürmə qabiliyyətini iki dəfə artıraraq 20 milyard kubmetrə, TANAP-ın ötürmə qabiliyyətini 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırmağı, eləcə də Cənubi Qafqaz Boru Kəmərinin ötürmə qabiliyyətinin 24 milyard kubmetrdən 31 milyard kubmetrə qədər genişləndirilməsini proqnozlaşdırır.

 

Chosen
80
50
xalqqazeti.az

10Sources