EN

Hamlet İsaxanlının özəl məktəbində nələr baş verir?

Tez-tez məktəblərdə baş verən neqativ hadisələrlə bağlı məlumatlar yayılır. Kimsə kimisə vurdu, şagirdləri incitdilər, nalayiq hərəkət etdilər, pul yığırlar və s. Əsas hədəf də dövlət məktəbləridir. Bir çox hallarda xəbərlər təsdiqini tapmır, yaxud yanlış olur. Çünki xəbəri yayarkən nə məktəbin, nə Elm və Təhsil Nazirliyinin rəyi öyrənilir.

Amma heç kim özəl məktəblərdə nələr baş verdiyi ilə maraqlanmır, baxmayaraq ki, yuxarıda sadaladığımız neqativ faktlar özəl məktəblərdə daha qabarıq və eybəcər formada mövcuddur. 

Bunlardan birinin də Xəzər Universitetinin Dünya məktəbi olduğu iddia edilir. Bir qrup valideyn “Qafqazinfo”ya müraciət edərək bildirib ki, Hamlet İsaxanlının Dünya məktəbində təhsil haqqı illik 13-15 min AZN-dir. Qiymətlər ildən ilə dəyişir, kəskin artırılır, amma bu dəyişkliyi əsaslandırmağa cəhd belə göstərilmir. Valideynlər də uşaqlarını öyrəşdiyi kollektivdən ayırmamaq üçün artımı ödəmək məcburiyyətində qalırlar:

“Maraqlı məqamlardan biri dərsliklərlə bağlıdır. Dərsliklərin əvvəlinə mütləq qaydada Hamlet İsaxanlının, yaxud ailə üzvlərinin fikirləri, sitatları daxil olunur. Bunun niyə belə olduğu da izah edilmir. Valideynlərin sözlərinə görə, bu, sadəcə təvazökarlıqdan uzaq, qeyri-etik, yolverilməz haldır. 

Uşaqlar dövlət, dövlətçilik anlayışından kənardırlar, milli hisslər, vətənpərvərlik ideyaları atavizm kimi dəyərləndirilir və şagirdlər bu anlayışlardan uzaq tutulur. 

Məlumdur ki, özəl məktəblərdə şagirdlərə səhər yeməyi, nahar verilir. Valideynlərin iddiasına görə, yüksək ödənişlərə baxmayaraq, Dünya məktəbində yeməyin keyfiyyəti çox aşağıdır və bununla əlaqədar şagirdlərin səhhətində tez-tez problemlər yaranır”. 

Valideynlər deyir ki, dəfələrlə uşaqlarına qarşı şiddət tətbiq olunub, onlar müəllimlər tərəfindən döyülüb, həm özləri, həm də valideynləri təhqir olunub. Məktəbin rəhbərliyinə şikayətlər heç bir nəticə vermir: 

“Etik qaydaları nəzərə alaraq adını yazmaq istəmədiyimiz rus dili müəllimlərindən biri haqqında əksər valideynlər şikayətçidirlər. Amma buna baxmayaraq, rəhbərlik məsələyə biganə yanaşır. Hindistanəsilli digər müəllim isə fiziki zorakılığı tədrisin tərkib hissəsi hesab edir və onun uşaqları vurması adi haldır”.

“Məktəbdə ingilis dilində İB proqramı tətbiq olunub, amma nə onu tətbiq edənlər, nə də bu proqroqram üzrə çalışanlar onun nəyə lüzum olduğunu və necə işlədiyini az təsəvvür edirlər. Bəlkə ona görədir ki, ingilisdilli heyət çox aşağı səviyyədədir və bəzi müəllimlər bu dildə danışmağa belə çətinlik çəkirlər. 

Qeyd edilir ki, məktəbdə Rusiyanın Kazan şəhərində 1980-ci illərin sonlarında gənclərin kriminal qruplaşmaları haqqında bəhs edən “Slovo patsana” filminin kultu hökm sürür. Bundan ruhlanan yuxarı sinif şagirdləri əsl qruplaşma yaradıblar və kimsəyə göz verib, işıq vermirlər. Bu günlərdə onların 8-ci sinifdə oxuyan qızı döydükləri və ona xəsarət yetirdikləri söylənilir. Məktəbdə bu “banda”nın xofu hökm sürür və kimsə bu biabırçılıöın qafşısını almaq istəmir” - şikayətdə qeyd olunur. 

Xoşagəlməz faktların daha çox olduğunu bildirən valideynlər, aidiyyəti dövlət qurumlarından həmin məktəbdə baş verənləri araşdırmağı xahiş edirlər.

Chosen
22
12
buta.media

10Sources