EN

Bərpa edilən Qubadlı

Ali Baş Komandan İlham Əliyev: “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi”

Qubadlının hər qarış ərazisi cənnətə layiq adlana bilər. Bunun qubadlılılar çox böyük sevgi ilə qeyd edirlər. Saysız-hesabsız bulaqlarının qovuşmasından yaranan kiçik çayların birləşdiyi Bərgüşad və Həkəri çayları... Bu iki çay arasında Yazı düzü platosu...Bar-bəhər mənbəyidir... Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Belə bir zəngin yataqları olan ərazini işğal etmək üçün Ermənistan tərəfindən çox ciddi plan qurulmuşdur. Əvvəla, qonşu Cəbrayıl və Füzuli, bundan öncə 18 may 1992-ci ildə Laçın rayonunun düşmən tərəfindən işğalı Qubadlının da taleyini həll etmişdi. O da işğala məhkum idi. Həmin zaman Qubadlıda ermənilərin hücumlarına qarşı  müdafiə tədbirləri görürülürdü. Yerli sakinlər və özünümüdafiə dəstələri Ermənistanın “Axırıncı addım” adlanan Qubadlının işğal planının olmasından xəbər tutmuşdular. Rayonun sağ cinahına-Yazı düzü-Bərgüşad xətti üzrə ciddi istehkamlar qurulmuşdur. Əsasən avqustun əvvəlindən başlayaraq istehkamlar möhkəmləndirilmişdir. Yeni-mühəndis maneələri qurur və hərbiçilərlə məqsədyönlü iş aparılmışdır. Bu istiqamətdə düşmənin ilk böyük həmləsi 27 avqust 1993-cü ildə dəf edilmişdir. Amma buna baxmayaraq Hadrut və Cəbrayıl istiqamətlərindən həyəcanlı xəbərlər gəlməkdə idi. Füzuli istiqamətində düşmənin Kənd Horadizi işğal etməsi isə vəziyyəti daha da ümidsiz etmişdir. Hər an düşmənin Araz çayına çıxması təhlükəsi real idi. Kəndlərdə hələ də mülki əhalinin olması narahatçılıq mənbəyi idi. 31 avqust 1993-cü il tarixdə Qubadlı rayonunun 70-ə yaxın kəndi və rayon mərkəzi düşmən tərəfindən işğal edilmişdir. Bu əməliyyatda düşmən 32 zirehli texnikadan istifadə etmişdi. Onlarda 9-u döyüşçülərimiz tərəfindən məhv edilmişdir. Müdafiə olunmağa məcbur olan burada müdafiə zolağını qoruyan yerli hərbi hissə nəzərdə tutulduğundan 10 dəfədən artıq cəbhə xəttini qorumaq məcburiyyətində idi. Onun istifadəsində olan 6 tankın 5-i döyüşçülərimiz tərəfindən qənimət olaraq ələ keçirilmişdi. Qubadlı qeyri-bərabər döyüşlər nəticəsində işğal edilmişdir. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Qubadlılılar öz torpaqlarının işğalı ilə heç zaman barışmamışdırlar. Onlar 27 il bu narahat həyatı yaşadılar, amma öz torpaqlarına qayıtmaq ümdini də itirməmişdirlər. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə qubadlılılar da ümidlərinə çatdılar. Qeyd edək ki, Qubadlının işğaldan azad olunması 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Bu haqda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün “X” hesabından elan edib.

Qubadlı uğurunda döyüşənlər də Ali Baş Konandan tərəfindən təltif edilib.  Belə ki, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu medala layiq görülənlər dövlətimiz və ordumuzla qürur duyurlar.

Artıq Qubadlının işğaldan azad edilməsinin 4 ili tamam olur. Bütün ölkəmizdə 25 oktyabr “Qubadlı şəhəri günü” kimi qeyd edilir. Digər işğaldan azad olunan rayonlar kimi Qubadlı rayonu da yenidən qurulur. Prezident İlham Əliyev azad olunmuş Qubadlıya səfərlərində bir sıra infrastruktur layihələrinin təməlqoyma mərasimində iştirak edib. Rayonda genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir. Yaxın zamanlarda Qubadlıya ilk köç olacaq.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Chosen
329
4
azerforum.com

10Sources