EN

Baydenin məktubundakı “güzəşt” anlayışı – Vitse-spiker ilginc məqamlara toxundu

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan tərəfi Azərbaycan ərazilərinin işğal faktını gec də olsa artıq etiraf edir. Bu, sülh razılaşması üçün nə dərəcədə əsas ola bilər?

- Ermənistan parlamentinin spikeri Alen Simonyan bu ifadələri işlədib. Amma o, bir nömrəli şəxs deyil. Ondan öncə baş nazir Nikol Paşinyan da Qarabağın Azərbaycan ərazisi olduğunu qeyd edib. Bu ifadələr dəfələrlə eşidilib. Azərbaycana isə nəticəyə hesablanmış addımlar lazımdır. Nəticəsi olan sülh müqaviləsinin imzalanması əsas şərtdir. Bunun da əsas şərti Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycana qarşı olan ərazi iddiasından imtina ilə bağlıdır. Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəlar Ermənistan konstitusiyasından və digər hüquqi aktlarından çıxarılmalıdır. Bəyanatlar müsbət addımdır və siyasi mövqedir. Davamında isə həmin məsələlər hüquqi müstəvidə öz əksini tapmalıdır.

- Rəsmi İrəvanın sülhlə bağlı əsas bəhanələri nə ilə bağlı idi?

- Azərbaycan hətta qarşı tərəfin əlindən bir çox bəhanələri almaq üçün müəyyən gedişlər etdi. Bu xüsusda nəqliyyat qovşaqları, kommunikasiya xəttlərinin, yəni Zəngəzur dəhlizinin açılması məsələsi sülh danışıqlarının predmetindən çıxarıldı. Bəyan edildi ki, bu məsələ ayrıca həll olunacaq. Yəni sülh müqaviləsində bu predmet olmayacaq. Amma yenə də erməni tərəfi bəhanələrdən əl çəkmir. Çünki ABŞ, Fransa Ermənistana bu məsələdə təzyiqlər edir. Onlar isə müstəqil siyasət yürüdə bilmədikləri üçün belə bir mənzərə yaranır.

- Çıxış yolu nədə ibarətdir?

- Azərbaycan sülh sazişini Ermənistan parlamenti ilə deyil, xalqı ilə imzalamaq istəyir. Çünki Ermənistan xalqı referenduma gedib Azərbaycana qarşı ərazi iddiasına “yox” deməlidir. Müqavilə Paşinyanlarla, Simonyanlarla deyil, Ermənistan dövləti ilə imzalanır. Azərbaycana hüquqi əsaslandırılmış konseptual sülh sənədi lazımdır. Bunun üçün təminatları isə rəsmi Bakı dəfələrlə bəyan edib.

- ABŞ prezidentinin sülhlə bağlı məlum məktubu var. Ağ Ev niyə bu qədər canfəşanlıq edir?

- ABŞ Prezidenti Cozef Bayden məktubunda “biz kreativlik göstərməliyik, güzəştə getməliyik” deyə Azərbaycan və Ermənistanın güzəştə getməsindən bəhs edilir. Sual edilir ki, Azərbaycan hansı halda güzəştə getməlidir? Bakının güzəşt məsələsi hamıya aydındır. Bu da Zəngəzur dəhlizinin açılmasının sülh sazişindən kənarda müzakirə edilməsi ilə bağlıdır. Bundan başqa hansısa güzəştdən söhbət gedə bilməz. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, ABŞ, Fransa və digərləri Ermənistana Azərbaycana qarşı ərazi iddiasından əl çəkməklə bağlı təzyiqlər etsin. Ermənistan hüquqi cəhətdən ərazi iddiasından əl çəkmirsə, göndərilən məktubların heç bir mənası yoxdur.


Müəllif: Tapdıq Qurbanlı
Chosen
54
50
teleqraf.com

10Sources