EN

Hüquqi və tarixi saxtakarlıqla dolu “sənəd”...

İtaliya XİN rəsmisi: Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etmir

Erməni lobbisinin yuvasına çevrilmiş Avropa Parlamenti (AP) COP29 ərəfində ölkəmizə qarşı qərəzini və düşmənçilik mövqeyini daha da gücləndirir. Bu təşkilat dövlətimizin ərazilərini işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin etməsini, erməni separatizminin kökünü kəsməsini həzm edə bilmir. Bu səbəbdəndir ki, Avropa Parlamentində Vətən müharibəsindən sonra Azərbaycanla bağlı əsassız müzakirələr və qəbul olunan “sənədlərin” sayı xeyli artıb.

Oktyabrın 22-də Avropa Parlamentində növbəti dəfə  “Azərbaycanda siyasi vəziyyət və insan haqları məsələləri”, eləcə də Azərbaycan və Ermənistan münasibətlərinə dair müzakirələrin aparılması təşkilatın ölkəmizə qərəzinin daha bir göstəricisidir. Təşkilatın bu müzakirələrlə “ürəyi soyumayaraq” oktyabrın 24-də  “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə də qəbul edib. Qətnamədə BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu konfransı (COP29) ərəfəsində Azərbaycanda guya ictimai fəallara, jurnalistlərə, müxalifət rəhbərlərinə qarşı “təzyiqlərin artdığı” iddia olunur.

Yalan üzərində qurulmuş “sənəd”

Avropa Parlamenti qəbul etdiyi “sənəd”də onu da iddia edir ki, guya  “Azərbaycanda davam edən insan hüquqları pozuntuları ölkənin COP29-a ev sahibliyi etməsi ilə bir araya sığmır”.  Və bunu “nəzərə alaraq” təşkilat  Aİ liderlərini, xüsusən də Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni konfransdan istifadə edərək “Azərbaycana beynəlxalq öhdəliklərini xatırlatmaq və Azərbaycan hakimiyyəti ilə təmaslarında insan haqlarının vəziyyətinə toxunmağa” çağırıb. Nə qədər absurd olsa da, Avropa Parlamenti Ermənistana qarşı hər hansı hərbi əməliyyatın Azərbaycanın Aİ ilə münasibətlərinə zərər verəcəyi barədə ölkəmizə  “xəbərdarlıq”  etməyi də “unutmayıb”.

Ümumiyyətlə, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə də digərləri kimi cəfəngiyyatdan başqa bir şey deyil. Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçı siyasətini pisləyən qətnamələr qəbul etməyib, əksinə “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı çıxışlar edib. Ötən ilin oktyabr ayında isə bu qurumda işğalçı Ermənistanın baş nazirinin yüksək səviyyədə qarşılanması isə əsl gerçəklikləri ortaya qoymuş oldu. Hansı ki, Paşinyan məhz 44 günlük müharibə zamanı ermənilər tərəfindən Gəncədə törədilmiş terror hadisəsinin ildönümü zamanı - 17 oktyabr tarixində çıxış etmişdi. Yəqin ki, bu təsadüf deyil, Avropa Parlamenti ilə Ermənistanın düşünülmüş addımı idi. Bu faktlar göstəri ki, Avropa Parlamenti bu müharibə cinayətlərini törətmiş Ermənistanla həmrəydir.

AP cinayətkarları “hərbi əsir” kimi qələmə verir

Qətnaməyə münasibət bildirən Milli Məclisin bəyan etdiyi kimi, bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürülür: “Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə cəhdlər göstərilir. Eyni zamanda, Ermənistana xüsusi nəvaziş nümayiş etdirilir, onun silahlandırılması təşviq olunur, bununla da həmin ölkədə revanşist meyillərin gücləndirilməsinə və regionda yenidən münaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir”. Qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması, qərbi azərbaycanlıların haqlı tələbləri, ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi haqda bir ifadə belə yoxdur. Bu da həmin sənədin nə dərəcədə qərəzli və birtərəfli olmasını bariz şəkildə göstərir. Əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi isə ən azı hiddət doğurur. Ölkəmizin qlobal və regional səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə, göstərdiyi səylərə qərəzli münasibət də diqqətdən yayınmır. Avropalı parlamentarilər hətta iqlim dəyişmələri ilə bağlı mühüm bir məsələni siyasiləşdirərək, Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməkdən belə çəkinmirlər.

Qərbi Azərbaycan İcması AP-nin qətnaməsini sərt tənqid edib

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması da bəyanat verib. Bəyanatda bildirilib ki, tarixən xarici işğal, etnik təmizləmə, mədəni irsin dağıdılmasından əziyyət çəkmiş Qərbi azərbaycanlılar və bütövlükdə Azərbaycan xalqı üçün beynəlxalq humanitar hüquqa və insan hüquqlarına hörmətin təmin edilməsi böyük əhəmiyyət kəsb edir: “Müxtəlif dövrlərdə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış milyonlarla Qərbi azərbaycanlı üçün qayıdış hüququ xüsusilə ümdə və müqəddəs vəzifə təşkil edir. Qüvvədə olan beynəlxalq konvensiyalar iştirakçı dövlətlərin üzərinə Azərbaycan xalqına qarşı törədilən sistematik hüquq pozuntuları ilə bağlı konkret öhdəlik qoysa da, onların bir çoxu, ələlxüsus Qərb ölkələri, bu məsələyə biganə yanaşmışlar. Onlar nəinki bu hüquq pozuntularına göz yummuş, hətta Ermənistanı işğal və etnik təmizləmə kimi bədnam əməllərini davam etdirməyə cəsarətləndirmiş və regionda sülhün bərqərar olmasına həmişə əngəl törətmişlər”.

Vurğulanıb ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda dayanıqlı sülh üçün perspektivlərin ortaya çıxmasından narahat olan sözügedən qüvvələr öz pozucu əməllərini daha da fəallaşdırıb: “Daha çox parlament xətti ilə həyata keçirilən bu bədnam fəaliyyətlərdə ABŞ Konqresi, Avropa Parlamenti, Fransa, Niderland və digər dövlətlərin parlamentləri xüsusilə canfəşanlıq edirlər. Onilliklər ərzində azərbaycanlıların Ermənistan ərazisindən və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, onların qayıdışına imkan verilməməsinə, mədəni irsinin sistematik şəkildə dağıdılmasına dəstək verən həmin ikiüzlü qüvvələr bütün bu əməllərin qurbanı olmuş Azərbaycana qarşı olmazın ittihamlar irəli sürürlər”.

İcmanın bəyanatında qeyd edilib ki, Avropa Parlamentinin 2024-cü il oktyabrın 24-də qəbul etdiyi növbəti bədnam qətnamə bu qəbildəndir. Avropa Parlamenti bu qətnamə ilə məlum dairələrin Azərbaycana qarşı COP29 ərəfəsində intensivləşən qarayaxma kampaniyasına öz “töhfəsini” vermiş olur. “Xatırladaq ki, 1988-ci ildə keçmiş “DQMV”-nin Ermənistan SSR-ə verilməsinə dair çağırış etmiş Avropa Parlamenti ötən müddət ərzində Azərbaycan xalqına qarşı düşmənçiliyini institusional səviyyəyə gətirib və Azərbaycan əleyhinə nifrət və böhtanla dolu, beynəlxalq hüquqa zidd onlarla sənəd qəbul edib. Azərbaycan və Ermənistan liderlərinin Kazanda görüşdüyü gündə Avropa Parlamenti tərəfindən belə bir sənədin qəbul edilməsi gülüncdür. Müzakirələrdə sanki bir-biri ilə yarışa çıxan, xüsusən Fransadan olan səlibçi mentalitetli deputatların fikirləri ikrah doğurur”, - deyə, bəyanatda vurğulanıb.

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin və qeyrilərinin Azərbaycan xalqına qarşı etnik və dini əsasda ayrı-seçkilik aparan, bölgədə yenidən münaqişəni yaratmağa xidmət edən cəhdlərini və bu mənfur əməllərinə “insan hüquqlarının müdafiəsi” donu geyindirmək cəhdlərini sərt şəkildə qınayıb. Həmçinin, sözügedən ünsürlərin anti-Azərbaycan siyasətini, insan hüquqlarından öz siyasi gündəliklərini irəlilətmək cəhdlərini bundan sonra da ifşa etməkdə davam edəcəyini bəyan edib.

Çirielli: Mən bütün dediklərimdən əminəm

Yeri gəlmişkən, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli sənəd Avropa İttifaqına üzv olan bəzi ölkələr tərəfindən də etirazla qarşılanır. Belə ki,  İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs, habelə İtaliyanın hakim “İtaliya Qardaşları” partiyasının milli direktorluğunun əlaqələndiricisi Edmondo Çirielli Avropa Parlamentində oktyabrın 24-də Azərbaycana qarşı qəbul olunmuş qətnaməni sərt şəkildə tənqid edib. Edmondo Çirielli bununla bağlı bildirib: “Mənim siyasi partiyamın haqlı olaraq bitərəf qaldığı Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini təəccüblə qarşıladım. Parlament suverendir, lakin bu o demək deyil ki, hökumət nümayəndələri öz fikirlərini ifadə edə bilməzlər, biz demokratik ölkələrik”. “Əvvəla, qətnamə hüquqi və tarixi saxtakarlıqla doludur. Məhz Ermənistan qeyri-qanuni (BMT tərəfindən pislənmiş) olaraq otuz il ərzində nəinki “Dağlıq Qarabağ”ı, həm də ondan iki dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları ərazini işğal etmişdi. BMT-nin müstəqil hesabatlarından da göründüyü kimi, ermənilərin regionu tərk etmələrinə görə məsuliyyət daşıyan Azərbaycan deyil, bu, regionun erməni separatçı rəhbərliyinə havadarlıq edən rusiyapərəstlərin ritorikasıdır. Halbuki, beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan həmin bölgədə yaşayan erməniləri qorumaq bəhanəsi ilə Ermənistanın başlatdığı müharibə nəticəsində 750 mindən çox azərbaycanlı öz torpaqlarından didərgin düşməyə məcbur olub. Azərbaycanlılar hələ də öz torpaqlarına qayıda bilmirlər, çünki onların şəhərləri yerlə-yeksan edilib və hər yer hələ də minalanmış vəziyyətdədir”, - deyə “İtaliya Qardaşları” partiyasının nüfuzlu üzvü olan nazir müavini vurğulayıb.

Diplomat əlavə edib: “Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur. Üstəlik, onilliklər ərzində ermənilər qanunsuz şəkildə işğal etdikləri Azərbaycanın dörd kəndini də geri qaytardılar. Mübahisəli ərazilər yoxdur, çünki Ermənistanın özü də bunu bəyan edib: yalnız azərbaycanlıların qaldırdığı məsələ var ki, o da Ermənistan konstitusiyasında olan revanşizm kimi başa düşülən müddəalardır. Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etmir”. “Azərbaycan geosiyasi nöqteyi-nəzərdən təkcə İtaliya və Aİ-nin enerji və iqtisadi baxımdan deyil, həm də siyasi müstəvidə strateji tərəfdaşıdır. Mən bütün dediklərimdən əminəm, çünki nazir Tayaninin təklifi ilə xarici işlər naziri qismində Qafqaz bölgəsi mənim vəzifə səlahiyyətlərimə aid ediləndən sonra, dəfələrlə bütün bölgə ölkələrinə səfər etmişəm və bölgənin hər üç ölkəsindən İtaliyada çoxsaylı nümayəndə heyətlərini qəbul etmişəm”,- deyə Çirielli vurğulayıb.

Nardar BAYRAMLI

Chosen
67
10
yeniazerbaycan.com

10Sources