"Çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan qazandığı möhtəşəm uğurlar və yaratdığı yeni reallıqlarla bu gün dünyanın diqqət mərkəzindədir".
"Unikal" xəbər verir ki, bunu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, ərazi bütövlüyü və suverenliyini bərpa edərək Cənubi Qafqazda yeni təhlükəsizlik və işbirliyi mühiti formalaşdıran Azərbaycan dövləti beynəlxalq müstəvidə etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq məkanı kimi tanınır:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanmaqla bərabər, bəşəriyyəti düşündürən, xalqlar və dövlətlər üçün olduqca aktual çağırışlara da adekvat cavab verir. "Yaşıl enerji" gündəliyi əsasında iqlim dəyişikliyinə qarşı qlobal mübarizə sahəsində ardıcıl fəaliyyətin həyata keçirilməsi də bu kontekstdə xüsusi qeyd edilməlidir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması və “yaşıl enerji” gündəliyinin reallaşdırılması istiqamətində sistemli tədbirlər görülür. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması isə bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bütün bu reallıqlar fonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar Azərbaycanın sözügedən istiqamətdə fəaliyyətinin yüksək qiymətləndirildiyini, ölkəmizə beynəlxalq müstəvidə böyük etimadın olduğunu bir daha təsdiqləyir.
Azərbaycan qlobal tədbirlərə ev sahibliyi ilə əlaqədar zəngin təcrübəyə malikdir. İndiyədək bu sahədə əldə olunan uğurlu nəticələr - imza atdığımız nailiyyətlər Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə də uğurla ev sahibliyi edəcəyini əminliklə söyləməyə əsas verir. Şübhəsiz, bir neçə gün sonra keçiriləcək COP29 iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayiş etdirən ölkəmizin bu bəşəri əhəmiyyətli, qlobal xarakterli prosesə dəyərli töhfəsi olacaq, eyni zamanda, Azərbaycan reallıqlarının dünyaya təqdimatı üçün növbəti mühüm platformaya çevriləcəkdir".
T.Budaqov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə respublika səviyyəsində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib:
"Məlumat verildiyi kimi, 85 komandanın iştirakı ilə keçirilən və 22 qalib komandanın final mərhələsində I-III yerlər uğrunda mübarizə apardığı bu intellektual yarışmada gənclərimiz ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmini istiqamətində həyata keçirilən dövlət siyasətinə - Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülmüş işlərə, o cümlədən “yaşıl enerji” konsepsiyası əsasında reallaşdırılan tədbirlərə dair çoxsaylı sualları cavablandırmaqla intellektual mübarizə aparmışlar.
Hər ilin aktual gündəliyinə həsr olunan və 2022-ci ildən başlayaraq artıq ənənə halını almış bu bilik yarışması gənclərin potensialının üzə çıxarılması, onlar arasında kommunikasiyanın gücləndirilməsi və komanda şəklində birgə çalışmaq bacarıqlarının yüksəlməsinə geniş imkanlar yaradır".
YAP Sədrinin müavini vurğulayıb ki, bu gün inam və qürurla qeyd edirik ki, milli-mənəvi dəyərlərə sadiq və möhkəm əqidəli Azərbaycan gəncliyi cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallıq nümayiş etdirməklə ölkəmizin inkişafına mühüm töhfələr verir və respublikamızı beynəlxalq arenada layiqincə təmsil edir:
"Ən əsası, rəşadətli Azərbaycan gənclərinin yüksək vətənpərvərlik nümunəsi göstərərək ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasında müstəsna rol oynamaları xalqımızın qürur və iftixar mənbəyidir. Gəncləri Azərbaycanın gələcəyi adlandıran Ümummilli Lider Heydər Əliyevin xalqımıza dəyərli siyasi mirası olan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda inamla addımlayan Yeni Azərbaycan Partiyası gənclərin inkişafına və onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir.
Müstəqil Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Qazanılan uğurlar və qələbələrlə yanaşı, qarşıda mühüm strateji hədəflər durur. Təbii ki, Azərbaycanın gələcək inkişafı naminə milli məqsədlərin gerçəkləşdirilməsi üçün gənclərin də üzərinə önəmli vəzifələr və böyük məsuliyyət düşür. Heç şübhəsiz, dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan gənc nəsil qalib Azərbaycanın qürurlu vətəndaşları kimi ölkəmizin tərəqqisinə bundan sonra da layiqli töhfə vermək əzmində və iqtidarındadır.
Bu gün final mərhələsinin keçirildiyi bu intellektual yarışmada iştirak edən bütün gəncləri, xüsusilə qalibləri təbrik edirəm. Əslində, bu bilik mübarizəsinə qatılan hər bir komanda özünü qalib hesab edə bilər. Çünki hər şeydən öncə, belə kreativ platformalarda təmsil olunmaq Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə sonsuz inamın birmənalı ifadəsidir. Əziz gənclər, hər birinizə möhkəm cansağlığı və Heydər Əliyev ideyaları əsasında günü-gündən çiçəklənən müasir Azərbaycanın parlaq gələcəyi naminə yeni-yeni uğurlar arzulayıram".
Anar Kəlbiyev