EN

Çinin kosmosa uçacaq növbəti astronavtları müəyyənləşib

Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün kosmosa uçacaq növbəti astronavtlar qrupu - “Şencou-19” (Shenzhou-19) missiyasının üzvləri məlum olub.

AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, “Şencou-19” missiyası astronavtlar Çay Sucı (heyətin kapitanı), Son Lindon və xanım Van Haocıdan ibarət olacaq. Oktyabrın 29-da astronavtlar ictimaiyyətə təqdim olunub. Çay Sucı bundan əvvəl “Şencou-14” missiyasının tərkibində kosmosda olub. Çinin 3-cü nəsil astronavtlarından olan keçmiş hərbi pilot Son Lindon və mühəndis Van Haocı isə ilk dəfə kosmosa uçacaq. Van Haocı Çinin kosmosa uçan 3-cü qadın astronavtı və yeganə mühəndis-astronavtı olacaq.

“Şencou-19” missiyasına oktyabrın 30-da Pekin vaxtı ilə səhər saat 4:27-də start veriləcək. Onlar kosmik stansiyada təxminən 6 ay fəaliyyət göstərən “Şencou-18”in astronavtlarını əvəzləyəcəklər. Bu, Çinin orbitə göndərdiyi 14-cü pilotlu missiyası olacaq. “Şencou-19”un astronavtları da kosmik stansiyada təxminən 6 ay qalacaqlar.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında orbitə çıxarılaraq quraşdırılıb. Ümumi kütləsi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istismar olunması nəzərdə tutulub.

Chosen
65
7
yeniazerbaycan.com

10Sources