EN

Metronun “Koroğlu” stansiyasında COP29 iştirakçılarının yolunu asanlaşdıran göstəricilər yerləşdiriləcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı metrosunda silsilə tədbirlərin davamı kimi bir sıra naviqasiya, o cümlədən təbliğat yenilikləri edilməsinə başlanılıb.


Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Ekolotiya.az-a verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, COP29 Əməliyyat Şirkətinin təqdimatında stansiyalarda tədbirin mahiyyətini geniş ictimaiyyətin diqqətinə çatdıran sosial xarakterli reklam posterlərinin yerləşdirilməsinə və monitorlarda yayımına başlanılıb. Posterlərdə COP29-un mövzusuna uyğun olaraq dünyamızı qorumaq naminə çağırışlar yer alıb.


“Bununla yanaşı, stansiya yollarında istiqamət göstəricilərində konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunun yerləşdiyi “Koroğlu” stansiyasının nişanı üzərinə COP29-un loqotipi olan məlumat lövhələri yerləşdirilib. Əsas məqsəd iştirakçıların, xüsusən metrodan az istifadə edən, eləcə də əcnəbilərin səmti rahatlıqla müəyyən etməsinə dəstək olmaqdır. 


COP29 Əməliyyat Şirkəti ilə birgə silsilə tədbirlər davam etdiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumatlar açıqlanacaq. Bu xüsusda sosial posterlərin yerləşdirilməsi ilə yanaşı, “Koroğlu” stansiyasında tədbir iştirakçılarının Bakı Olimpiya Stadionuna yolunu daha da asanlaşdıran səmt göstəricilərinin yerləşdirilməsi işləri də aparılacaq.


Bütün bunlarla yanaşı, COP29 tədbirinin iştirakçılarına dəstək məqsədilə metropolitendə Əməliyyat Şirkətinin seçimi və təşkilati dəstəyi əsasında könüllülərin fəaliyyəti də təmin ediləcək. Hazırda bu işlər son mərhələdədir”, - deyə Bəxtiyar Məmmədov əlavə edib.

Chosen
71
22
ekologiya.az

10Sources