EN

İqlim dəyişikliyinə qarşı...

Ekoloji təhlükələrin aqrar sahəyə təsirlərini azaltmaq üçün nüvə texnologiyalarının tətbiqinə başlanılıb

Son illərdə qlobal iqlim fəsadlarının ətraf mühitə təsirlərinin güclənməsi bir çox iqtisadi sahələrə, o cümlədən kənd təsərrüfatına ciddi ziyanlar vurmaqdadır. İqlim dəyişikliyi səbəbindən suvarma suyunun çatışmazlığı, quraqlıq, yüksək temperatur və yağıntıların azalması baş verir ki, bu da məhsul istehsalında riskləri hər il artırır. BMT-nin 2021-ci ildə dərc etdiyi hesabata əsasən, ekoloji problemlərin yaxın onilliklərdə artacağı, kənd təsərrüfatı, iqtisadiyyat, və digər sahələrə mənfi təsirlərin dərin xarakter alacağı ehtimal olunur. Bu baxımdan onlardan biri - nüvə texnologiyaları quraqlığa, şoranlığa, xəstəliklərə qarşı dözümlü olan yeni bitki, xüsusilə də pambıq və taxıl sortlarının yaradılmasında ən təsirli mexanizmlərdən biri hesab olunur. Hətta bir çox ölkələr hazırda nüvə texnologiyalarını iqtisadiyyatın və sənayenin innnovasiyalaşmasına, startup yönümlü layihələrə də cəlb etməyi düşünür.

Atom Agentliyinin hibrid sortları...

Azərbaycan hökuməti də qlobal iqlim çağırışlarına həssaslıqla yanaşaraq  “yaşıl kənd təsərrüfatı”na dəstək üzrə uzunmüddətli Birgə Fəaliyyət Proqramı layihəsi hazırlayıb. Layihədə kənd təsərrüfatı fəaliyyətinin ətraf mühitə mənfi təsirlərinin yumşaldılması, istixana qazlarının azaldılması, aqrobağların salınması, su, torpaq və meşə ehtiyatlarından səmərəli istifadə, biomüxtəlifliyin, ekosistemlərin qorunması, akvakulturanın və orqanik kənd təsərrüfatının inkişafına dəstək verilməsi, institusional potensialın gücləndirilməsi, eləcə də quraqlığa dözümlü yeni sortların yaradılması ilə bağlı tədbirlər müəyyən olunub. Xarici ölkələrin təcrübəsinə əsaslanan bu konsepsiya sənədinin reallaşması üçün “yaşıl kənd təsərrüfatı” sahəsində yetkin  təcrübəsi olan xarici ölkələrlə, eləcə də nüfuzlu  beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulub.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin (FAO) tövsiyəsinə əsasən,  respublikamızda pilot layihənin icrası məqsədilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlığa başlanılıb. Dünyada müasir “yaşıl aqrar” modellərinin tədbiqində faydalı nəticələri ilə fərqlənən AEBA-nın nümayəndə heyəti ölkəmizə səfər edərək aqrar sektoru dərindən təhlil edərək  iqlim dəyişikliyinə adaptasiya edilən texnologiyaların tətbiqi ilə bağlı ilkin yol xəritəsi hazırlayıb. Həmin strateji yanaşma əsasında pambıqçılıq sahəsində xəstəliklərə, şoranlığa, quraqlığa davamlı sortların yaradılması üçün nüvə texnologiyasından istifadəyə start verilib. Layihəyə əsasən, şüalandırma yolu ilə yeni mutant bitki, hibrid sortların alınmasına başlanılıb.

“Ağıllı nüvə texnologiyaları”nın pambıqçılıqda tətbiqi...

AEBA “ağıllı nüvə texnologiyaları”nın pambıqçılıqda tətbiqi məqsədilə 3 il əvvəl azərbaycanlı aqrar elm üzrə mütəxəssisilərə, eləcə də fermerlərə və mülkiyyətçilərə ənənəvi texnologiyalardan qabaqcıl kənd təsərrüfatı metodlarına keçidlə bağlı təcrübəni öyrədib. Agentliyin əməkdaşlarının sınaq metodlarına əsasən, 12 min pambıq toxumu AMEA-nın Radiasiya Problemləri İnstitutunda müəyyən dozalarda şüalandırılıb və əkini aparılıb. Üç il ərzində layihə çərçivəsində “Mutant-1”, “Mutant-2” və “Mutant-3” nəsil bitkilər alınıb və bitkilər xəstəlik, quraqlıq və şoranlığa davamlılıq xüsusiyyətlərinə görə seçilib. Yekunda üç il davam edən layihə nəticəsində Azərbaycanda yerli pambıq sortlarından quraqlığa və şoranlığa davamlı mutant xətlər almaq mümkün olub. Bu texnologiyanın üstünlüyü ondan ibarətdir ki, adi, klassik seleksiya yolu ilə yeni sort 10-12 ilə alınırsa, bu texnologiyanın tətbiqi ilə sortun alınması ən azı iki dəfə qısalır. Yəni 5-6 ilə yeni sortlar almaq mümkündür. Hazırda pam?ıq əkinində həmin texnologiyaların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Taxılçılıqda da nüvə texnologiyalarından istifadə olunacaq

AEBA ölkəmizdə müsbət effekt verən bu aqrotexnoloji yanaşmanının genişləndirilməsini və əməkdaşlığın növbəti mərhələsi kimi taxılçılıqda nüvə texnologiyasının tətbiqini təklif edib. Əldə edilmiş razılaşmaya əsasən, AEBA-nın maliyyə dəstəyi ilə əlverişsiz mühit amillərinə qarşı davamlı taxıl sortlarının yaradılması layihəsinin hazırlıqlarına başlanılıb. İlkin seleksiya işləri müsbət dəyərləndirilir və bu istiqamətdə daha geniş nüvə tədqiqlərinin aparılması nəzərdə tutulur. 

Bir neçə gün əvvəl ölkəmizdə səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin eksperti Qreyg Makkenzi ilə Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşdə buğda və arpa istehsalında “ağıllı kənd təsərrüfatı” üzrə təcrübə mübadiləsi məsələsi müzakirə olunub və taxılçılıqda nüvə texnologiyalarının yeni alətlərinin tətbiqi məqsəduyğun hesab edilib.

Beləliklə, aqrar sahədə nüvə texnologiyalarının tətbiqi müasir dövrdə ölkəmizin milli iqtisadi siyasətində başlıca yer tutan ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ətraf mühitə mənfi təsirlərin azaldılması strategiyasına əsasən, ərzaqlıq buğda istehsalında məhsuldarlığın artmasına, iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verəcək.    

E.CƏFƏRLİ

1Sources