EN

Əvəzedici ehtiyat ambulans və briqadalar hazır vəziyyətə gətirilib

Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində COP29 ilə əlaqədar Atletlər kəndində gələcək qonaqların təhlükəsizliyinin təmin edilməsi, təcili tibbi yardım xidmətlərinin təşkil olunması və tibb məntəqəsinin qurulmasına dair işlər görülüb. Tədbir zamanı təcili tibbi yardım göstərəcək 60 briqada (həkim, orta tibb işçisi, sürücü) üçün nəzərdə tutulan əməkdaşların siyahısı hazırlanıb, eləcə də nəzərdə tutulan 60 ədəd yeni ambulans artıq təhkim olunub.

Musavat.com xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən brifinqdə deyib.

V.Qurbanov qeyd edib ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış otellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək:

"Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə, əvəzedici ehtiyat ambulans və briqadalar da hazır vəziyyətə gətirilib. Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcək heyət üçün nəzərdə tutulan təməl və təkmil həyat dəstəyi üzrə təlimlər keçirilib, 488 nəfər artıq təlimləri uğurla başa vurub. Bura həkimlər, orta tibb işçiləri və sürücülər daxildir. Bundan başqa, təcili və təxirəsalınmaz tibbi yardımın Mərkəzi Çağrı Xidmətinə daxil olan müraciətləri operativ yönləndirmək üçün bir sıra addımlar atılıb".

TƏBİB-in icraçı direktoru vurğulayıb ki, tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionundakı həkim məntəqələrinə ingilis dili biliyi olan ixtisaslı həkim və orta tibb işçiləri cəlb edilib:

"COP29 dövründə Heydər Əliyev Adına Beynəlxalq Hava Limanında tibbi xidmətin təşkil olunması ilə əlaqədar xidmət göstərəcək təcili yardım briqadaları təyin edilib. COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarəedilməsi üzrə keçirilən monitorinqlərdə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadaları müxtəlif marşrut və ssenarilər üzrə yoxlamaları uğurla yerinə yetirib".

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
37
musavat.com

1Sources