EN

Hicran Hüseynova: Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması daim diqqət mərkəzindədir

 

Bu gün dünyanın ən mühüm problemlərindən biri də məişət zorakılığı hallarının qarşısının alınmasıdır. Bu məsələnin həll edilməsi sahəsində bütün ölkələr dövlət səviyyəsində iş aparır, müxtəlif layihələr keçirir. Azərbaycan da bu prosesdən kənarda qalmayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə “Məişət zorakiliğinin qarşısının alınması haqqında” Qanun qəbul olub. Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Mövcud qanunvericilik davamlı olaraq təkmilləşdirilir. İnsan hüquq və azadlıqlarının qorunması daim diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin oktyabrın 30-da keçirilən iclasında komitə sədri Hicran Hüseynova “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.

Məişət zorakılığı barədə şikayətlərin iki formada edildiyini söyləyən komitə sədri bildirib: “Bu şikayət həm cinayət tərkibli, həm də cinayət tərkibli əlamətlər olmadıqda edilir. Zorakılığa məruz qalan şəxsin hüquqları müdafiə olunur. Nazirlər Kabinetini Qərarı ilə 2012-ci ildə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası” təsdiq olunub. Hazırda bu prosedur məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydasına uyğun olaraq həyata keçirilir. Lakin biz təcrübədə görürük ki, bu qayda o qədər də işlək deyil. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətlərə baxılmasında bir çox çətinliklər yaranır. Ancaq təklif olunan qanun layihəsində bu məsələ daha detallı şəkildə təsbit olunur”.

O, eyni zamanda deyib ki, qanun layihəsində məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq və tərcüməçilərin xidmətindən istifadə, həmçinin yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin edilməli, məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda verilən qərarlar öz əksini tapıb.
 

Chosen
47
1
sabahinfo.az

2Sources