EN

Mir Cəfər Bağırov  20-ci illərdə Xalq Cümhuriyyəti parlamentinin üzvünü 4 il himayə edib...

“Azərbaycan sovetləşəndən sonra Əlibəy Zizikski İrana qaçdı. Bağırov Azərbaycan FK-nın sədri olandan sonra Zizikskinin Azərbaycana qayıtmasına icazə verdi və onu üzə çıxartdı...” 
 
“Onlar otağa daxil olanda Bağırov yerindən qalxıb onları qarşıladı. Hər biri ilə mehribanlıqla görüşdü. Əlibəy Zizikski ilə hətta öpüşdü...”
 
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...
 
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
 
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
 
İstintaq materiallarından...
 
(Əvvəli )
 
“Əks-inqilabçı ünsurlərin məsuliyyətdən kənarlaşdırılması... 
 
Bu işini istintaqı gedişində Azərbaycan DİN arxivində Əzizov Əziz Məşədi Hüseyn oğlunun (Əziz Baba) xitam verilmiş 818 №-li cinayət işi aşkara çıxarıldı. Həmin işi nəzərdən keçirərkən məlum oldu ki, Əzizov 1921-ci ilin oktyabrında həbs olunmuş, belə bir ifadə vermişdir ki, 1919-cu ildə müsavat əksinqilabının agenti olub və agent Lavrenti Beriya ilə birgə xidmət edib
 
Bağırov və Beriya Əzizovu həbsdən azad etdilər və onun barəsində cinayət işinə xitam verdilər. Bu barədə istintaq olunan Bağırova Əzizovun arxiv sənədini göstərdikdən sonra etiraf etdi ki, Əzizov fəal müsavat əks-inqilabçısı idi və məhkəməyə verilməli idi. Əgər o, həbs olunmayıbsa, yəqin ki, bu işdə Beriyanın əli var. Sonra Bağırov göstərdi ki, o özü Əzizovun işini xatırlamır. 
 
Bağırovun bu ifadələri həqiqətdən uzadır. Sənədlərlə müəyyən olunmuşdur ki, 1937-ci ildə Əzizov partiyadan xaric edilən zaman, o, Beriyaya və Bağırova kömək üçün müraciət etmiş, onlar da Əzizovun partiyaya bərpa olunmasına nail olmuşlar. Bu faktı Əzizovun 1937-ci ilin 7 noyabrında Beriyaya ünvanlanmış məktubu sübut edir. Məktubun üzərində Beriyanın dərkənarı var: “Azərbaycan K (b) P MK-ya yol. Bağırova göndərilsin”. 
 
Bağırov Azərbaycan FK-da işə düzələndən dərhal sonra, 1921-ci ilin 24 fevralında müsavat əksinqilabının digər agenti Məmməd Haciyev barədə cinayət işinə də xitam verildi və o, həbsdən azad edildi. 
 
1921-ci ilin 20 sentyabrında Bağırov müsavat əks-inqilabının keçmiş rəisinin arvadı Şıxzamanova barədə də cinayət işinə xitam verdi. O da 1920-ci il də əri - keçmiş Müsavat əksinqilab rəisi Şıxzamanovun etdiyi hərəkəti təkrarlayaraq 1922-ci ildə Türkiyəyə qaçdı. 
Bundan qabaq göstərdiyimiz kimi, 1917-ci ildə Bağırov sosial mənşəyi etibarilə bəy, iri mülkədar olan, fevral əks-inqilabınadək polis nəzarət kapitanı və Müsavat hakimiyyəti dövründə palament üzvü olan “Quba qəza komissarı” Əlibəy Zizikskinin müavini olmuşdur. 
 
Zizikski öz qohumları Şıxlarski bəylərlə birlikdə Quba şəhərində də Quba qəzasında dəfələrlə erməni qırğını və qarətlər təşkil edib, öz ətrafına bəyləri və qolçomaqları yığaraq inqilabi hərəkata qarşı fəal mübarizə aparır. Azərbaycan sovetləşəndən sonra Əlibəy Zizikski İrana qaçdı. 
 
Bağırov Azərbaycan FK-nın sədri olandan sonra Zizikskinin Azərbaycana qayıtmasına icazə verdi və onu üzə çıxartdı. 
 
Əlibəy Zizikskinin üzə çıxması şəraitini şahid Orucov belə göstərirdi: 
 
“1920-ci ildən sonra Bağırov Bakıda Azərbaycan FKnın sədri idi, onun katibi isə mənim dayım oğlu Hacağa Şahverdiyev idi. Şahverdiyev Bağırovla ən yaxın dost olub. Biz üçümüz birlikdə Quba şəhərindəki şəhər məktəbində oxuyurduq. 
 
1922-ci ildə mən Bakıya getdim və Şahverdiyevin evinə düşdüm. 
 
Bir dəfə işdən qayıdandan sonra Şahverdiyev dedi ki, Bağırov səni yanına çağırır. Ertəsi gün mən Hacağa Şahverdiyevlə birlikdə Azərbaycan FK-ya – Bağırovun yanına getdim. Bağırovla biz köhnə dostlar kimi görüşdük. O məni çox yaxşı qarşıladı. 
 
Söhbət əsasında Bağırov məndən soruşdu ki, Əlbəy Zizikskini xatırlayırsan? Mən cavab verdim ki, çox yaxşı yadımdadır. Söhbətimizdə Hacağa Şahverdiyev də iştirak edirdi. 
 
Bir qədər sonra Qəni adlı mühafizəçi (familiyasını bilmirəm) bildirdi ki, “onlar gəliblər”. Bağırov gələnləri içəri buraxmaq barədə ona göstəriş verdi. Bağırovun otağına bir-birinin ardınca Quba mülkədarı, Quba bəylərindən Şıxlarskinin qohumu Bəybala bəy Alpanski, Bağırovun qubalı dostlarından Əlibəy Zizikskinin qohumu tacir Hacıbala Məmədyarov, eləcə də Əlibəy Zizikski daxil oldular. Onlar otağa daxil olanda Bağırov yerindən qalxıb onları qarşıladı. Hər biri ilə mehribanlıqla görüşdü. Əlibəy Zizikski ilə hətta öpüşdü...
 
Söhbət zamanı Bağırov ərklə bildirdi ki, sən nə üçün gizlənirsən, özünü alçaldırsan. Bilirsən ki, mən burada işləyirəm. Əlibəy gözləri yaşarmış halda Bağırova bildirdi ki, onu həbs etməklə qorxudurmuşlar, ona görə də o, gizlənib. Bağırov elə o dəqiqə Əlibəy Ziziksinin üzə çıxarılması üçün sənədlər hazırlamağı Hacıağa Şahverdiyevə tapşırdı. Elə həmin otaqdaca Şahverdiyev sənədləri hazırladı, Bağırov həmin sənədi imzalayıb möhür vurdu. Həmin sənədi Zizikskiyə verib dedi: “Bu sənədə əsasən sən Azərbaycanın harasında istəsən yaşaya bilərsən. Nə qədər ki, mən burada- FK-da işləyirəm, sən heç bir şey üçün narahat olma”. 
Doğrudan da, bütün sonrakı illər ərzində Əlibəy Zizikski ailəsi ilə birlikdə Bakıda yaşadı”. 
 
Müəyyənləşdirilmişdir ki, üzə çıxandan sonra Zizikski uzun illər ərzində Bakıda Aşağı qəbiristanlıq küçəsi, 79 №-li evdə yerləşən şəxsi mülkündə yaşamış və həmin evin kirayə pulu ilə dolanmışdır. 
 
Şahid Qasımov Qəni Hüseyn oğlu göstərir ki, 1924-ci ildə, o, Zizikskinin Bağırovun evində görüb. Zizikski orada saat yarıma qədər olub. Onun Bağırovun yanına gəlməsinin səbəbi isə ona məlum deyil. 
 
Beləliklə, məlum olmuşdur ki, Zizikski üzə çıxandan sonra Bağırov onunla əlaqələrini üzməmişdir. Bağırov Azərbaycan FK-də sədr olduğu müddətdə Zizikski cəzadan yaxa qurtara bilmişdir. 
 
1926-cı ildə Azərbaycan BSİ-nə Ziziksinin fəal əks-inqilabi fəaliyyəti barədə məlumatlar daxil olmağa başladı. 1928- ci ilin 6 avqustunda (yəni Bağırov Azərbaycanda işləmədiyi vaxt) Ziziksi Azərbaycan BSİ-nin kollegiyasının qərarı ilə güllələnməyə məhkum edildi, evi isə müsadirə edildi. 
 
Müttəhim Bağırov ilk əvvəl bildirdi ki, Əlibəy Zizikski ona görə üzə çıxarılıb ki, sonra represiyaya uğradılsın. Bağırov sonra elan edib ki, Zizikskinin repressiya olunmaq əvəzinə üzə çıxarılması səhv olub və guya Zizikskinin hansı şəraitdə üzə çıxarılmasını xatırlamır. 
 
Yuxarıda göstərilən dəlillərdən, Ş.M.Musaxanovun, Ş.Məmmədovun, A.İ.Mileşkinin, S.K.Qafarlının, İ.D.Ağayevin, Q.Ağaxanovun ifadələrindən, eləcə də müttəhim Borşevin ifadələrindəntamamilə müəyyən edilmişdir ki, Bağırov Əlibəy Zizikskiyə himayədarlıq etmişdir. Göründüyü kimi, Əlibəy Zizikski Bağırovun iştirakı olmadan məsuliyyətə cəlb olunub və cəzalandırıb. Zizikskinin qohumları- keçmiş Quba mülkədarı, Şıxlarski bəylərinin qohumu Bəybala bəy Alpanski, eləcə də Quba alverçisi və Əlibəy Zizikskinin ögey qardaşı Hacıbala Məmmədov heç biri represiyaya uğradılmamışdır. Şahidlərdən A.N.Orucovun, Q.X.Ağaxanovun və H.Şahverdiyevin ifadələrində Alpanski və Məmmədyarov Bağırovun dostları kimi göstərilir. 
 
Bu barədə istintaq olunan Bağırov Alpanski və Məmmədyarovla tanış olduğunu, ancaq həmin əksinqilabçıların nə üçün represiyya olunmadığlarını heç cür ağlına sığışdıra bilmədiyini söylədi...”
 
(Davamı var)
 
Təqdim etdi:
Sultan Laçın
 
Chosen
40
2
moderator.az

3Sources