EN

ABŞ: səsverməyə 5 gün qalır

ABŞ-də növbəti prezident seçkilərinə düz 5 gün qalır. Belə ki, noyabrın 5-də bu ölkədə qarşıdakı 4 il üçün Ağ evə rəhbərlik edəcək siyasətçinin adı məlum olacaq. Bu, hazırkı vitse-prezident Kamala Harris də, sabiq dövlət başçısı Donald Tramp da ola bilər. Şansların təxminən bərabər olduğu deyilir.

Hər iki namizəd bu fikri təlqin etməyə çalışır ki, prezident seçilərsə, ölkəsinə daha çox fayda verəcək və dünyada müharibələri dayandıracaq. Bəllidir ki, xanım siyasətçi K.Harris Demokratlar Partiyasını təmsil edir və daha çox az gəlirli və orta sinfin mövqelərindən çıxış edir. Respublikaçı milyarder D.Tramp isə zənginlərin vergi yükünü azaldacağını vəd edir. İddia edir ki, bu yolla ölkədə azad rəqabətin güclənməsinə yardım etmiş olacaq. 

Namizədlərin xarici siyasətə baxışları da kəskin fərqlənir. Tramp özünün birinci ABŞ-nin iri imperialist dairələrinin mənafeyinə uyğun olaraq sərt xarici siyasət kursunu həyata keçirmək niyyətindədir. Harris isə, ilk növbədə, qlobalçıların baxışlarını bölüşür. Bəllidir ki, demokratlar ABŞ-nin liderliyi ilə beynəlxalq ticarətin genişlənməsində maraqlıdırlar. 

Ölkə daxilində seçiciləri isə bir çox problemlərin həllini tapmaması narahat edir. Burada 2 həssas məsələ var. Son illər ABŞ-yə Meksika sərhədlərini aşaraq milyonlarla qeyri-qanuni miqrant daxil olub. Bu, amerikalıların böyük əksəriyyətinin narazılığına səbəb olur. Digər bir problem isə istehlak mallarının qiymətlərinin artmasıdır. 

Qeyd etmək lazımdır ki, ABŞ-də seçkilər özünəməxsus cəhətləri ilə fərqlənir. Belə ki, bir çox ştatlar ənənəvi olaraq bu və ya digər partiyaya rəğbət göstərirlər. Mövqeləri bəlli olan ştatların sayı 43-dür. Həmin ştatlar üzrə iddiaçıların şansları, demək olar ki, bərabərdir. Qalan 7 ştat isə “tərəddüd edən ştatlar” sayılır və prezidentliyə namizədlər arasında barışmaz mücadilə əsasən məhz bu ştatlarda gedir. 

Hazırkı vitse-prezident və prezidentliyə iddiaçı Harris ölkənin altıncı ən böyük şəhəri və “demokratların qalası” olan Filadelfiyada kampaniya aparıb. Axı, Filadelfiya şəhərinin yerləşdiyi Pensilvaniya ştatında (“tərəddüd edən”lərdən biridir-müəllif) səslərin sayını artırmaq lazımdır. Tramp da buralara tez-tez səfər edir. 

Beləcə, hər 2 namizəd bu günlərdə burada seçicilərin qəlblərinə yol tapmağa cəhd edirlər. Məsələn, dünən Harris Filadelfiyada səhər kilsə xidmətinə qatılıb, eyni zamanda, bərbər dükanında olub, Puerto-Riko restoranında yemək yeyib və gənclərin basketbol idman zalını ziyarət edib. Yeri qəzetlər yazıb ki, seçicilər onu “sıcaq” qarşılayıblar. 

Həmin gün Tramp “doğma” Nyu-Yorkda “dünyanın ən məşhur arenası” adlandırdığı “Madison Square Garden”də böyük mitinq keçirib. O, ötən dəfə burada səsverməni rəqibi Co Baydenə uduzmuşdu. Görünür, milyarder düşünür ki, risk etməsən, uğur qazana bilməzsən 

Bu günlərdə ABŞ-də çox sayda rəy sorğuları keçirilir. Trampın cüzi fərqlə üstün olduğu iddia olunur. Əlbəttə, musiqiçilərin təbirincə  desək, bu şouda son akkord noyabrın 5-də səslənəcək. Sadəcə bir qədər səbr etməyə ehtiyac var. 

Mediada tez-tez məşhurların seçimləri barədə xəbərlər dərc olunur. Məsələn, dünyaca populyar Hollivud aktyorları Robert De Niro və Leonardo Di Kaprio ABŞ prezidenti vəzifəsinə Demokratlar Partiyasından namizəd Kamala Harrisi dəstəkləyiblər.

Məşhurlar Filadelfiyada keçirilən seçki kampaniyasında çıxışlarında seçicilərə müraciət ediblər. Robert De Niro hətta Respublikaçılar Partiyasının namizədi Donald Trampa nifrət etdiyini bildirib və vətəndaşları məsuliyyətlə səs verməyə çağırıb. “Seçim göz qabağındadır və bu seçim vitse-prezident Kamala Harrisdir”, – Leonardo Di Kaprio öz növbəsində deyib.

Yeri gəlmişkən, ABŞ-nin hazırkı dövlət başçısı Cozef Bayden Delaver ştatında prezident seçkilərində erkən səs verib. Jurnalistlər belə bir məqama diqqət yetiriblər ki, Bayden seçki məntəqəsinə gələn digər insanlar kimi, səsvermədən əvvəl növbəyə dayanıb.

Məlumat üçün bildirək ki, bu il amerikalı seçicilər, eyni zamanda, Konqresin yeni üzvlərini də seçəcəklər. Nümayəndələr Palatasındakı 435 yerin hamısının, Senatda isə 33 yerin sahibi noyabrın 5-də bəlli olacaq. 

Bu gün qlobal siyasətdə yeni dünya düzəni formalaşır. Bu proses dünyanın bir çox regionlarında tektonik “siyasi və hərbi titrəyişlərlə müşayiət olunur”. Rusiya–Ukrayna müharibəsinin nəticələri, Yaxın Şərq düyününün açılması yaxın gələcəkdə qüvvələr nisbətinə təsirsiz ötüşməyəcək. “Zəlzələ effektli qarşıdurma” isə titanlar – ABŞ ilə Çin arasında ola bilər. 

Bəli, 5 gündən sonra Amerika vətəndaşları seçim etməli olacaqlar. Dünya okeanın o tayında nə baş verəcəyinin fərqindədir. Axı, orada kimin qalib gəlməsindən çox şey asılıdır. Bizə isə yalnız bunu ümid və arzu etmək qalır ki, kaş bəşəriyyət lokal və proksi müharibələrdən qurtulsun və dinc, asudə, rahat yaşamaq imkanı əldə etsin.  

M.HACIXANLI 
XQ

 

Chosen
54
50
xalqqazeti.az

10Sources