EN

Ermənistan Hindistanın “Akaş” raketlərinin ilk alıcılarından oldu...

Image

Arzuxan Əlizadə: “Əgər bu sistemlərə maraq olsaydı, onu digər ölkələr də alardı”

Ermənistan ABŞ və Fransa ilə birlikdə, 2023-2024-cü maliyyə hesabatına görə, Hindistanın müdafiə məhsullarının ən böyük idxalçısı olub. Bu barədə “The Times of India” məlumat yayıb. 

Nəşrin məlumatına görə, erməni tərəfi sözügedən ölkə ilə raket və raket sistemlərinin, artilleriya qurğularının, radarların, zirehlərin və gecəgörmə cihazlarının idxalı ilə bağlı sövdələşmələr bağlayıb. Bundan əlavə, Ermənistan Hindistandan çoxlu sursat və mərmi idxal edib, həmçinin “Akaş” hava hücumundan müdafiə raketlərini ilk alanlardan olub. Bir sözlə, Hindistan silahının 3 əsas alıcısından biri Ermənistandır. Maliyyə naziri Vahe Ovannisyan Ermənistanın dövlət borcunun 2025-ci ildə ÜDM-in 53,5%-nə yüksələcəyini deyib. Ancaq buna rəğmən, Ermənistan silah xərclərini artırır.

Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, Ermənistan Hindistanın əsas silah alıcılarından biri olmaqla yanaşı, “Akaş” hava hücumundan müdafiə raketlərinin də ilk alıcısıdır. 

“Akaş” raketlərinin ilk olaraq Ermənistana verilməsi Hindistanın bu ölkənin silahlanmasına necə önəm verməsinin göstəricisidir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Ermənistanın silahlanması ortadadır: “Özü də bu silahlanmada təkcə Hindistan deyil, Fransa da fəal iştirak edir. Eyni zamanda, Fransanın lisenziyası ilə Hindistanda istehsal olunan silahlar Ermənistana verilir. “Akaş” raketlərinin ilk olaraq Ermənistana verilməsi Hindistanın bu ölkənin silahlanmasına necə önəm verməsinin göstəricisidir. Görünür, Ermənistanın silahlandırılması Hindistan üçün prioritet əhəmiyyət kəsb edir. Ancaq Hindistanın Ermənistana münasibətdə bu dərəcədə canfəşanlıq göstərməsi Pakistan amili ilə əlaqədardır. Rəsmi Dehli Azərbaycanın Pakistanla yaxın münasibətlər qurmasından, Kəşmirlə bağlı sərgilədiyi mövqedən məmnun deyil. Ermənistana göstərilən belə münasibət əsasən bununla bağlıdır. Ancaq hərbi müttəxəssislərin dəyərləndirməsinə görə, “Akaş” hava hücumundan müdafiə raketləri o qədər də üstün göstəricilərə malik deyil. Əgər bu sistemlərə maraq olsaydı, onu digər ölkələr də alardı. Azərbaycanın İsrail istehsalı olan çox güclü hava hücumundan müdafiə vasitələri var. Əgər Ermənistan növbəti dəfə ölkəmizə təcavüz etməyə çalışsa, bunun onlar üçün nəticəsi çox ağır olacaq. Nə qədər çalışsalar da Azərbaycan üzərində üstünlük əldə edə bilməyəcəklər”.

Vidadi ORDAHALLI





Chosen
61
baki-xeber.com

1Sources