EN

COP29 ətrafında gedən çirkin siyasi oyunları qəbuledilməzdir - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddinlə görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu yüksək qiymətləndirilib, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin, müntəzəm təmaslarının, eləcə də deputatlarımızın beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Görüşdə yaxın günlərdə Azərbaycanda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a hazırlıq işləri barədə danışılıb. Spiker Sahibə Qafarova COP29 ətrafında gedən çirkin siyasi oyunları qəbuledilməz adlandırıb, bu tədbirin ümumbəşəri əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qonağa Milli Məclisin Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində keçirəcəyi Parlament konfransı barədə də məlumat verilib, tədbirin parlamentarilər üçün iqlim dəyişikliyi ilə mübarizədə fikir mübadiləsi aparmaq məqsədilə əhəmiyyətli platforma olduğu bildirilib.

Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Qasim Mohiuddin qeyd edib ki, Pakistan COP29-da iştirak edəcəyini dərhal təsdiqləyən ölkələrdəndir və əmindir ki, Azərbaycan bu tədbiri yüksək səviyyədə və uğurla keçirəcək.

Ölkəmizin iqlim dəyişiklikləri kimi qlobal problemlərin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirən səfir, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, Pakistanın tədbirdə yüksək səviyyədə təmsil olunacağını və bu görüşün iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələri gücləndirəcəyinə inandığını ifadə edib.

Chosen
65
9
ikisahil.az

8Sources