EN

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - Ucuzlaşma BAŞLAYIR

Azərbaycana gətirilən hibrid mühərrikli avtomobillər və elektromobillər ucuzlaşıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin sentyabrında ölkəyə idxal edilən bir ədəd hibrid avtomobilin orta qiyməti 25 099 dollar olub. Bu da avqust ayı ilə müqayisədə 2 581 dollar və ya 9,3 faiz, 2023-cü ilin sentyabrına nisbətən isə 6 845 dollar və ya 21,4 faiz ucuzlaşma deməkdir. 2024-cü ilin sentyabrında elektromobillərin orta idxal qiyməti 36 999 dollar təşkil edib ki, bu da bir ay əvvəllə müqayisədə 1 796 dollar və ya 4,6 faiz, 2023-cü ilin eyni ayına nisbətən isə 290 dollar və ya 1 faizə yaxın azdır.

Bəs idxal qiymətlərinin azalması maşın bazarına necə təsir edib? 

News24.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, ölkəyə idxal olunan avtomobillərin sayında azalmalar var, amma dəyər artımı müşahidə olunur:

"Bu, birinci rübdə də, ikinci rübdə də belə oldu. Hibrid və elektrik avtomobillərlə bağlı hansısa ucuzlaşmaların olması isə normal haldır. Çünki ilin sonuna yaxınlaşırıq və istehsalçı şirkətlərdə, distribütorlarda endirimlər başlayır. Bu, tək bizim ölkədə deyil, həm də xarici ölkələrdə, yəni idxalçı ölkələrdə də mövcuddur. İlin sonu avtomobillərin dəyərinin bir qədər aşağı düşməsi, demək olar, tendensiyaya çevrilib".

E.Əliyev qeyd etdi ki, qiymətlərin aşağı düşməsinin maşın bazarına da təsiri var:

"Maşın bazarında qiymətlər nə qədər aşağı olsa, yeni avtomobillər üçün bir o qədər yaxşıdır. Onsuz da hər ilin sonunda rəsmi dilerlər tərəfindən avtomobillərə endirim kampaniyaları keçirilir. Avtomobillərin qiymətləri bazar dəyərindən bir qədər aşağı salınır və satışlar bu yönümdə həyata keçirilir. Əlbəttə ki, nə qədər yeni avtomobillərin qiymətləri ucuzdur, bu, bir o qədər vətəndaşlarımız üçün həmin avtomobillərin əlçatanlığı deməkdir".

Chosen
30
2
news24.az

3Sources