“Bir neçə gündən sonra müstəqillik tarixinin ən əlamətdar hadisələrindən biri Zəfər bayramını qeyd edəcək. Azərbaycan xalqı 4 il bundan əvvəl böyük birlik və həmrəylik nümayiş etdirərək möhtəşəm qələbəsini təmin etdi.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqı işğala son qoyaraq öz tarixində yeni bir səhifə açdı. Artıq ölkəmiz yeni mərhələyə daxil olub. Bu mərhələnin ən önəmli istiqamətlərindən biri də ölkəmizdə ideoloji işin gücləndirilməsidir”.
Paralel.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Deputatın sözlərinə görə, proseslərin təhlili göstərir ki, Azərbaycanın inkişafını bir sıra ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan gənclərinin düşüncələrinə təsir etmək, vətənpərvərlik hisslərini zəiflətmək, dövlətçilik mövqeyini zəiflətmək üçün çox ciddi cəhdlər göstərirlər. “Bu məqsədlə bir sıra layihələr həyata keçirir, ciddi maliyyə vəsaitləri ayırırlar”, - o qeyd edib.
Deputat əlavə edib ki, bu özünü bir sıra Qərb dövlətlərinin ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, gender bərabərliyinin təmin olunması, eyni zamanda bir sıra müsəlman ölkələrinin ölkəmizdə həyata keçirmək istədikləri dini təbliğatda da açıq göstərir:
“Bu prosesin nə qədər təhlükəli olduğunu və acı nəticələrə gətirib çıxardığını bir sıra müsəlman ölkələrində gedən proseslərdən görmək açıq-aydın mümkündür. Qonşu Gürcüstanda keçirilən seçkilərdə də biz bu cür layihələrin bu və ya digər formada təsir və nəticələrini gördük.
Uzun illər ölkəmizdə aparılan təbliğat və kampaniya böyük nəticə verməsə də, onlar az sayda olsa da, Azərbaycan gəncinin düşüncə və fikirlərini zəhərləməyə nail olublar. Bu gün az sayda olsa da yeni gəncliyin yetişdiyini, onların əgər demək mümkünsə fərqli dəyərlərə sahibləndikləri özünü açıq-aydın göstərir.
Bütün bunlar nəzərə alınaraq ölkəmizdə ideoloji iş daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyan məsələlərdəndir. Bu iş bütün sahələrdə, xüsusilə orta və ali təhsil müəssisələrində, mediada daha sistemli formada aparılmasına ciddi ehtiyac var. Eyni zamanda düşünürəm bu istiqamətdə ayrıca dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Bu istiqamətdə iş daha da gücləndirilmədiyi təqdirdə getdikcə gəncləri vətənpərvər və dövlətçiliyə sadiq ruhda yetişdirmək çətin olacaq”.
Mürtəza
Paralel.az