EN

Qüdrət Həsənquliyev: “Bu kampaniyanı təşkil edənlər xaricdən idarə olunur”

Milli Məclisdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilərək qəbul olunub.

Musavat.com-un xəbərinə görə, komitə sədri Arzu Nağıyev layihə barədə məlumat verib.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxışında bildirib ki, komitədə bu məsələni müzakirə ediblər və yekdilliklə ikinci oxunuşda qəbul olunmaq üçün tövsiyə ediblər:

“Bu gün “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanun qəbul edirik, mən bir məsələyə diqqətinizi cəlb etməyi borc bildim. Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milli ayrı-seçkilik salmağa cəhd etdiyinə, xalqlar arasında nifaq toxumu səpməyə çalışdığına görə bir nəfər məsuliyyətə cəlb olunub. Çox təəssüf ki, bu zaman bəzi internet TV-lərdə həmin şəxsin milli mənsubiyyəti önə çəkilir.

Bunu o formada təqdim etməyə çalışırlar ki, guya o, hakimiyyətin opponenti olduğu üçün həbs edilib. Əslində o, hakimiyyətin opponenti yox, dövlətimizin, xalqımızın birliyinə qarşı olan bir şəxsdir. Mən bu məsələyə ona görə toxunmağı özümə borc bildim ki, cəmiyyətdən onun müdafiəsinə qalxanlara ciddi bir təpki müşahidə etmirəm. Xüsusi xidmət, hüquq-mühafizə orqanlarının rəhbərlərinə qarşı təhqir, böhtan görürük. Əslində bu kampaniyanı təşkil edənlər əsasən xaricdən idarə olunur və anlamırlar ki, bu yolla onların iradələrinə, hüquq-mühafizə orqanlarının qərarlarına təsir etmək mümkün deyil”.

Millət vəkili məşhur bir hüquqşünasın fikirlərini xatırladıb:

“Qədim Romada Papinian adlı çox məşhur bir hüquqşünas olub. İmperator öz qardaşını hakimiyyət uğrunda qətlə yetirəndə Papiniandan senatda onu müdafiə etməsini istəyir. O da imperatora deyir: “Bu, qardaşı qətlə yetirmək qədər asan məsələ deyil”. İfadənin izahı budur ki, yəni belə ağır cinayətə haqq qazandırmaq onu törətməkdən daha mənfur bir cinayətdir. İndi bu formada ağır cinayət törədən insanları müdafiə edənlər başa düşməlidirlər ki, onlar əslində törədilmiş cinayətdən daha mənfur cinayət törədirlər. Ona görə də onların əməlləri qətiyyətlə pislənilməlidir. Düzdür, bu sözünə görə Papinianı o zaman edam edirlər.

Amma mən bunu ona görə xatırladıram ki, tarixdə fransızlar Papinian haqqında deyirdilər ki, “dünyaya ona qədər belə bir hüquqşünas gəlməyib və ondan sonra da belə bir hüquqşünas olmayacaq”. Yəni tarixdə bu qədər tanınmış hüquqşünaslar belə cinayətə haqq qazandırmağın nə qədər mənfur bir əməl olduğunu söyləyiblər. Bizim bir çox soydaşımızın iqtidara qarşı münasibəti mənfi ola bilər, ayrı-ayrı hüquq-mühafizə orqanlarını da tənqid etmək olar. Amma dövlət məsələlərində belə bir mövqenin sərgilənməsi yolverilməzdir. Mən bu məsələni ona görə parlament tribunasından səsləndirdim ki, cəmiyyətimiz belələrinə qarşı daha dözümsüz olmalıdır. Qeyd etdiyim dövlət orqanlarına ictimai dəstək ifadə olunmalı və bu cür əməllər qətiyyətlə pislənməlidir”.

E.Paşasoy,
Musavat.com

Chosen
3
6
musavat.com

8Sources