EN

“Pullar yüksəkrütbəli zabitlərin şəxsi xərclərinə sərf olunub” - Yeni iddia

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin məhkəmə istintaqı yekunlaşır.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda müdafiə tərəfinin əvvəl qaldırdığı vəsatətlərə münasibət bildirilib.

Bundan əvvəlki iclasda təqsirləndirilən polkovnik Bayram Bayramov onun ayağına yazılmış 720 min manat yeyinti məbləğinin ittihamdan xaric edilməsini xahiş etmişdi. Bayramov belə əsaslanma vermişdi ki, həmin məbləğ səfərbərlikdən çağırılan hərbi vəzifəlilərin xərclərinə sərf edilib.

Müdafiə Nazirliyindən gəlmiş sorğuya cavabda hərbi hissəyə dəqiq nə qədər pul ayrıldığı qeyd olunub.

Bayramov və vəkilinin qərara münasibətlərindən belə çıxıb ki, sorğuya cavab onların dediklərini təsdiq edir. Müdafiə tərəfi hökmdə bunun nəzərə alınmasını xahiş edib. 

Nazirliyin göndərdiyi sənəd işə əlavə edilib.

Baxılmamış digər vəsatət də Bayram Bayramovun idi. Polkovnik ilk dəfə yeni cinayət barədə məlumat verərək, bir neçə hərbçini ittiham etmişdi. O, mənimsəmə kimi göstərilən pulların polkovnik Xalid Məmmədov, polkovnik Rəşad Salmanov və başqa bir neçə zabitin tapşırığı ilə şəxsi xərclərinə sərf edildiyini iddia bildirib. Sədrlik edən hakim Fikrət Əliyev bununla bağlı da qərarı elan edib. 

Məhkəmə vəsatətdə adları keçən şəxslərin bu işdə dindirilməsinə zərurət görməyib. Amma təqsirləndirilən polkovnikin verdiyi cinayət xarakterli məlumatların araşdırılmalı olduğu bəyan edilib.

Buna görə vəsatətdə qeyd olunan məlumatların yoxlanılması üçün məhkəmə tərəfindən bu işin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ediləcək. 

Hazırkı cinayət işi üzrə artıq 1 il 2 aydır məhkəmə gedir. Bugünkü prosesin sonunda tərəflərə istintaqın yekunlaşmasını təklif edib.

Müdafiə tərəfi təklifə etiraz etməsə də, dövlət ittihamçısı razı olmayıb. İttihamçı dövlətə dəymiş ziyandan nə qədər ödənildiyini bilmədən çıxış etməsini düzgün hesab etməyib.

Hakim deyib ki, bununla bağlı istintaq orqanının sonuncu gödərdiyi cavab belə olub ki, hazırda ziyanın ödənilməsi davam edir. Yaxın günlərdə məhkəməyə yekun məlumat veriləcək.

Məhkəmə istintaqının bitməsi budəfəlik təxirə salınıb. 

Hakim ittiham tərəfinə növbəti iclas üçün çıxışa hazır gəlməyi tapşırıb.

Xatırladaq ki, bu iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri - polkovniklər Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə mühakimə olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Sail Ağasəlim

Chosen
29
qafqazinfo.az

1Sources