EN

Azərbaycan sənayesinin karbohidrogen ehtiyatlarından asılılığı sürətlə azalır

Fins.az - Təkcə bu ilin 9 ayında qeyri-neft-qaz sənaye məhsullarının istehsalında 8,7 faiz artım qeydə alınıb.

Azərbaycanın sənaye ölkəsi olması istiqamətində ciddi addımlar atılır, əməli tədbirlər görülür. Bunu dünyada baş verən iqtisadi proseslər də tələb edir. Qiyməti ətrafda baş verən hadisələrə çox həssas olduğu üçün xammal ehtiyatlarına, xüsusən də neft-qaza bel bağlamaq olmaz. Ona görə də qeyri-neft sənayesini inkişaf etdirmək qaçılmazdır. 

Elə ölkəmizdə icra edilən iqtisadi islahatların əsas hədəfi də budur. Məqsəd sənayenin bu sektorunun  dayanıqlı inkişafını təmin etməklə iqtisadi və maliyyə sabitliyinə nail olmaqdır. Son məlum hadisələr də göstərir ki,  forsmajor hallarda başqa yol yoxdur.

Azərbaycanda bu istiqamətdə görülən işlər çoxdur. Onların sayəsində bir çox sənaye məhsulunun idxalının qarşısı alınıb, üstəlik, ixraca da imkan yaranıb. Yeri gəlmişkən, qeyd edək ki,  sənaye parkları və sənaye məhəllələrində istehsal olunan məhsullar daxili tələbatın ödənilməsində mühüm rol oynamaqla yanaşı, ixracın artmasına da önəmli töhfə verir. Sənaye zonalarından söz düşmüşkən qeyd edək ki, qeyri-neft sənaye məhsulları istehsalının artmasında dövlətin sahibkarlığın inkişafına verdiyi dəstək xüsusi rol oynayır. Bunun nəticəsidir ki, sənaye məhsulları istehsalında özəl sektorun çəkisi ildən-ilə artır. Qeyri-neft-qaz sənayesində isə bu sektor bir neçə dəfə üstün paya malikdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 47,8 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Məhsul istehsalı neft-qaz sektorunda 0,6, qeyri-neft-qaz sektorunda 8,7 faiz artmışdır. Sənaye məhsullarının 64 faizi mədənçıxarma, 30,2 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payı 81,1 faiz olmuşdur. Ümumi istehsalın 89,6 faizi sənaye məhsullarının istehsalı, 10,4 faizi sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 30,6 milyard manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artmışdır. Bu dövrdə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 21,6 milyon ton, əmtəəlik qaz hasilatı isə 28,3 milyard kubmetr təşkil etmişdir. Əmtəəlik neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz azalsa da, əmtəəlik qaz hasilatında 5,2 faiz artım olmuşdur.

Emal sənayesində isə 9 ayda 14 milyard 442,4 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Qeyri-neft-qaz sektorunda  dinamik inkişaf edən sahələrdən biri kimya sənayesi və əczaçılıq məhsullarının, rezin və plastik kütlə  məmulatlarının istehsalı  sahələridir. Yanvar-sentyabr aylarında bu sahələr üzrə 1 milyard 624,6 milyon manatlıq məhsul istehsal edilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 47,4, rezin və plastik kütlə məmulatlarının istehsalı 23, kimya sənayesi məhsullarının istehsalı 9,6 faiz artmışdır. 

Qeyri-neft-qaz sektorunda yüksək artım müşahidə olunan sahələrdən biri də tikinti materiallarının istehsalıdır. Hesabat dövründə həmin sahə üzrə 1 milyard 39,5 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,9 faiz çoxdur.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalına gəldikdə, hesabat dövründə bu sahədə 1 milyard 25,5 milyon manatlıq məhsul istehsal olunmuşdur. Hazır metal məmulatlarının istehsalı sahəsində 38,1, metallurgiya sənayesi məhsullarının istehsalında 29,9 faiz artım müşahidə edilmişdir. 

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində isə 191,6 milyon manatlıq məhsul istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 42,9, elektrik avadanlıqlarının istehsalı 34,1 faiz artmışdır. 

Açıqlanan rəqəmlərdən də aydın olur ki, ölkədə qeyri-neft-qaz sənayesinin inkişafı üçün görülən işlər səmərəsini verir. Bu növ məhsulların istehsalının artması yerli tələbatın ödənilməsində və ixracda önəmli rol oynayır ki, bu da ölkənin sənayeləşməsində əldə edilən müsbət nəticələrin göstəricisidir.

© Azərbaycan

Chosen
32
fins.az

1Sources