EN

Bayrağımüz qürurumuz və fəxrimizdir

Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər il noyabrın 9-u  Dövlət Bayrağı Günü kimi xüsusi qeyd edilir və ölkədə rəsmi  bayram olaraq qeyri-iş günü hesab edilir.

Azərbaycan Bayrağının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. 1918- ci il mayın 28 də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu Cümhuriyyəti təmsil edən əsas simvollardan biri bayraq olmalı idi. Beləliklə, ilk olaraq 1918- ci ilin iyun ayında qırmızı rəngli  üzərində ağ səkkizguşəli ulduz və aypara təsvir olunmuş Azərbaycan bayrağı dövlət bayrağı kimi təsdiq olunur. Daha sonra bayrağın dəyişməsi ilə bağlı yeni qərar verildi Yeni qərara əsasən,1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasında Fətəli Xan Xoyskinin məruzəsinə əsasən Azərbaycanın üçrəngli milli bayrağı təsdiq olundu. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə parlamentin iclasında çıxışı zamanı bu gün də məşhur və hər birimizin dillər əzbəri olan “Bir kərə yüksələn bayraq, bir daha enməz” kəlamını söyləmiş və bayrağımızı parlamentin binası üzərində dalğalandırmışdılar.

Azərbaycan Bayrağının  üzərində olan rənglərin də öz simvolik mənası var. Belə ki, qırmızı rəng müasirliyi, mavi rəng türkçülüyü, yaşıl rəng isə islamçılığı tərənnüm edir. Bayrağımızdakı rəgləri ifadə edən bu mənaların görkəmli mütəfəkkirimiz olan Əli Bəy Hüseynzadəyə məxsus olduğu öz əksini tapmışdır.

1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. Daha sonra 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanununu qəbul etdi.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının  dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq  onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Bu gün dövlət bayrağına, gerbinə, himninə hörmət  göstərilməsi Azərbaycan Konstitusiyasında da öz əksini tapmışdır.

Ulu Öndər Heydər Əliyev  dövlət rəmzlərimizə hörmət edilməsi haqqında da öz fikrini bildirmiş və gələcək nəsillər üçün qızıldan da dəyərli belə bir nəsihət vermişdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki  bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş  torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.

Nəhayət, Ulu Öndər Heydər Əliyevin nəsihəti reallaşdı. Azərbaycan gəncləri, xalqı müqəddəs üçrəngli bayrağımız altında birləşdi və 30 ildən artıq düşmən tapdağı altında olan, Beynəlxalq təşkilatların həll etməkdə acizlik göstərdikləri torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin komandanlığı, güclü iradəsi, uğurlu daxili və xarici siyasəti nəticəsində yenilməz və qüdrətli ordumuz tərəfindən işğaldan azad olundu. Bu həmin ordudu ki, daima Vətən, torpaq, bayraq sevgisi ilə böyüdülmüş və hər zaman torpaqlarımızın azad olunması həsrəti ilə yaşamışlar. Bu gün qürurla deyə bilərik ki, artıq o həsrət, nisgil yoxdur. Çünki, müqəddəs Qarabağ torpağının hər qarışı bizimdir, azaddır. Torpaqlarımızın hər bir hissəsində sevgi ilə ürəyimizdə yaşatdığımız, qururla, hörmətlə başımızın üzərində dalğalandırdığımız üçrəngli bayrağımız artıq Cəbrayılda, Füzulidə, Zəngilanda, Ağdamda, Xocalıda, Xankəndində də dalğalanmaqdadır.  

Xüsusilə qeyd etmək istərdim ki, 2023-cü il 15 oktyabrda Prezident, Müzəffər  Ali Baş Komandanİlham Əliyevin Xankəndiyə səfəri, üçrəngli bayrağımızı həmişəlik orada dalğalandırması tariximizin səhifəsində qızıl səhifədir. Bununla da, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu, separatizmin kökü tamamilə kəsildi. Əsrlər keçsə də bu tarix heç vaxt unudulmayacaq. Prezident İlham Əliyev bununla da güclü, sözünü tutan liderin necə olduğunu dünyaya göstərdi.

  Azərbaycan bayrağının torpaqlarımızn hər qarışında dalğalanması Vətən, bayraq sevgisini qəlbində yaşadan və o sevginin ölkəmizin hər hüduduna yayan şəhidlərimizə minnəttarıq. Bu gün şəhidlərimizdən əmanət olan bayrağımızın daim ölkəmizdə dalğalandırılması bizim ən əsas borcumuz və vəzifəmizdir. Gələcək nəsillər də hər zaman bu qəhrəmanlıqları eşitməli, qəlblərində daima Vətən, torpaq, bayraq sevgisilə böyüməli və yaşamalıdır. Bayraq bizim mənliyimiz, qürurumuz, hər zaman fəxrlə daşıyacağımız və yaşadacağımız kimliyimizdir.

  Bayraq mənliyimdir,bayraq kimliyim

  Bayraq – öz yurduma öz hakimliyim.                            

                        (Bəxtiyar Vahabzadə)

Gülər Baxışova  Pedaqogika üzrə fəlsəfə doktoru

Chosen
63
1
veteninfo.az

2Sources