EN

İnhisarçılıqla mübarizə: Rəqabət Məcəlləsi nələri dəyişəcək?

Məlum olduğu kimi, iyul ayının 1-dən etibarən Azərbaycanda Rəqabət Məcəlləsi qüvvəyə minib. Ölkədə ifrat həddə çatmış inhisarlaşmanın qarşısını almaq, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmaq üçün hüquqi bazanın bir sənəddə toplanması, konkret çərçivələrin müəyyənləşməsi Rəqabət Məcəlləsinin qəbulunu zəruri edirdi. Bu oturuşmuş rəy həm də cəmiyyətin fikrinə çevrilmişdi. İndi artıq hamının gözlədiyi sənəd qəbul edilib. Qüvvəyə minən Rəqabət Məcəlləsinin azad sahibkarlığın inkişafına, rəqabət mühitinin formalaşmasına, bu sahədə sağlam rəqabətin olmasına necə təsir etdiyi, sahibkarlar qədər istehlakçılar üçün də maraqlı, eyni zamanda da əhəmiyyətlidir.

Rəsmi məlumata görə, 12 fəsil, 84 maddədən ibarət Rəqabət Məcəlləsi Azərbaycanda azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati, hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.

Məcəlləyə əsasən, rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət orqanı tərəfindən rəqabət komissiyası yaradılır. Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

Rəqabət Məcəlləsi nələri dəyişəcək? Ölkə iqtisadiyyatına nə verəcək?

İqtisadşı ekspert Natiq Cəfərli hesab edir ki, Rəqabət Məcəlləsi özü-özlüyündə pozitiv addımdır. O, rəqabətsizlik mühiti ilə bağlı problemlərin aradan qaldırılması üçün hüquqi baza yaradır:

“Rəqabət Məcəlləsi rəqabətsizlik mühiti ilə mübarizə üçün fürsətlər yaradır. Amma onun yerinə yetirilməsi və implementasiyası daha vacibdir. Yəni, rəqabətsizlik mühiti ilə məhkəmə orqanlarının doğrudan da mübarizə aparıb-aparmayacağını zaman göstərəcək”.

İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, sərbəst bazar şəraitində oyun qaydalarının müəyyən edilməsi məhz Rəqabət Məcəlləsi ilə tənzimlənir:

"Məcəllənin qəbulu özəl sektor tərəfindən süni qiymətin formalaşmasına mane ola bilər. Süni qiymət monopolistlərin formalaşdırdığı, kartel müqavilələrinin nəticəsində formalaşan qiymətdir. Başqa sözlə, bazar qaydaları əsasında formalaşmayan qiymət süni qiymətdir. Rəqabət Məcəlləsi bu məsələni tənzimləməlidir. Sənəddə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər məsələlər yer alıb".

Hüquqşünas Əkrəm Həsənov Rəqabət Məcəlləsinin qəbul edilməsini müsbət qiymətləndirir. O hesab edir ki, mühüm olan Rəqabət Məcəlləsinə riayət etməkdir:

"Bazar iqtisadiyyatı şəraitində belə hansısa şirkətlər öz aralarında sövdələşə və bazarı tam ələ ala bilərlər. Başqa sözlə, həmin şirkətlər bazarda öz qiymətlərini diktə edə, rəqiblərini sıradan çıxarda bilərlər. Son nəticədə bundan istehlakçılar zərər çəkirlər".

İqtisadçı-ekspert Eyyub Kərimli qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkənin iqtisadiyyatına, xüsusən regionların iqtisadi inkişafına mühüm töhfə verəcək. Rəqabət siyasətinin əsas məqsədi iqtisadi subyektlər arasında səmərəli və ədalətli rəqabəti təmin etmək üçün rəqabət azadlığını qorumaq və rəqabət üçün şərait yaratmaqdır. Rəqabət siyasətinin həyata keçirilməsi müəssisələrin rəqabət qabiliyyətini artırır və iqtisadi artımın təmin edilməsinin əsas şərtləri olan resurslardan optimal istifadəni və sosial rifahın ən yüksək səviyyəsini təmin edir:

"Ölkədə rəqabət mühiti formalaşsa da, bunun qanunla tənzimlənməsinə ehtiyac yaranıb. Çünki səmərəli istehsal və şirkətlər arasında rəqabət daha çox və daha keyfiyyətli və daha ucuz məhsul istehsalına səbəb olur və bazara daha geniş çeşiddə məhsullar çıxarılır. Bazardakı rəqabət innovasiyaları təşviq edir. Daha yaxşı məhsul istehsal etməyə çalışan şirkətlər meydana çıxır. Rəqabət Məcəlləsinin tətbiqi Azərbaycanda istehsalın və məşğulluğun artmasına müsbət təsir edəcək, xarici investorların ölkəmizə marağını daha da artıracaq".

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, Azərbaycanda inhisarçılığa qarşı mübarizə aparmaq Rusiyadan qat-qat çətindir. Odur ki, bu sahədə dövlətin və hökumətin üzərinə böyük yük düşür:

"Ümumiyyətlə, xırda bazarı olan ölkələrdə rəqabət imkanları məhdud çərçivədə olur. Çünki xırda bazarlarda inhisarçılığa meyl güclü və geniş xarakter daşıyır. Bazar böyük olduqda isə hansısa biznes strukturunun üstün mövqeyə sahib olması çətinləşir. Böyük bazarlarda yalnız dövlət tərəfindən dəstək olduqda bu və ya digər sahibkarlıq strukturu inhisarçı mövqeyə sahib ola bilir. İkincisi, rəqabət mühitinin dar çərçivədə olması keçmiş sovet ölkələrinin hamısına aiddir. Bizim kimi kiçik ölkələrdə iqtisadiyyatın bütün sahələrində azad rəqabət problemi var. Çünki təkrar edirəm: xırda bazarda həm idxalçının, həm də yerli istehsalçının monopolistə çevrilməsi çox asan başa gəlir".

Ekspert əlavə edib ki, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq belə bir məcəllənin olması nəticəsində təbii iqtisadi qanunlar normal fəaliyyət göstərəcək.

İqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə, ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq: "Demək olar ki, Azərbaycanda rəqabət yoxdur. Rəqabət olmadığına görə onu tənzimləyən Məcəllənin olması hər hansı ciddi dəyişikliyə səbəb ola bilməz. Amma Rəqabət Məcəlləsinin qəbul edilməsi yaxın zamanda hökumətin ölkə iqtisadiyyatında rəqabət mühitinin formalaşması üçün müəyyən addımlar atacağını deməyə əsas verə bilər. Bu, təqdirəlayiq haldır. RəqabəT Məcəlləsi rəqabət mühiti olan sahələrdə tənzimləmələr apara bilər. Məsələn, taksi xidməti rəqabətli sektordur, Məcəllə isə haqsız və ədalətsiz rəqabəti tənzimləyə bilər".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda hazırlanıb.

Sevinc,
BakuPost

Chosen
49
1
bakupost.az

2Sources