EN

“Qərb mərkəzləri etnik ayrımçılığı təşviq edən siyasət yürüdür”

“BBC news” Azərbaycanda etnik qrupların mədəniyyətlərinə dövlət qayğısının vəziyyətini araşdırmaq üçün sorğu keçirib. Həmin mövzu üzrə cənub regionundan reportaj hazırlayaraq, oktyabrın 18-də öz saytında yayımlayıb.

Koloritli olduğu üçün zahirən maraqlı, cəlbedici görünən reportaj əslində, ziddiyyətlərlə doludur. Müsahiblərin fikirləri ilə media təqdimatı arasında uyğunsuzluq görünür. Təqdimat üçün istifadə edilmiş başlıq xüsusilə təzadlıdır.

Reportajı izləyərkən görünür ki, mövzu üzrə təqribən 11 nəfər talış soylu vətəndaşın rəyini soruşublar. Bu sıradan 10 nəfər pozitiv fikirlər səsləndirib. Səlis dildə qeyd ediblər ki, Azərbaycanda milli-mədəni birliklərə qarşı diskriminasiya motivli münasibət mövcud deyil. Hər bir etnik qrup öz dilində sərbəst şəkildə danışa, mədəniyyətini inkişaf etdirə bilir. Etnik dilləri ilə yanaşı, dövlət dili statusunda olan Azərbaycan dilini də öyrənir və gündəlik fəaliyyətdə istifadə edirlər.

Reportajın mətni bu cür pozitiv fikirlərlə zəngindir. Onlar yarımbaşlıqlarda da əks ediliblər.

Amma təqdimat başlığı tamamilə fərqlidir. İlk görünüşdə pozitiv deyil, neqativ təəssürat yaradır. Rəyi soruşulan 11 nəfərdən yalnız biri-sosial şəbəkə aktivisti olan xanım- fərqli danışıb,  nisbətən tənqidi fikirlər səsləndirib. Çox qəribədir ki “BBC news”da həmin 10 nəfər müsahibin pozitiv fikirlərinə deyil, 1 nəfərin neqativ fikirlərinə istinad edib. Onun yarımçıq tənqidlərinə söykənən tezisləri reportajın təqdimat başlığına çıxarıb. Yazı “Azərbaycanda talış dili ilə bağlı narahatlıq artır”- başlığı ilə paylaşılıb.

“BBC news” guya ki, balans prinsipini qoruyub, pozitiv fikirlərlə yanaşı, neqativ fikirlərə də yer ayırıb. Amma “balanslaşdırma” işi o qədər süni alınıb, ki, redaksiyanın məkrli planlarını gizlədə bilməyib. Aşkar görünür ki, həmin 1 nəfər şəxsin dolaşıq fikirləri redaksiyanın öz tezisləri ilə sintez edilib, “zənginləşdirilib” və ictimai rəyi çaşdırma, süni ajiotaj yaratmaq üçün uyğunlaşdırılıb.

Multikulturalizm, tolerantlıq Azərbaycanda həyat tərzidir, kökü min illərə dayanan  düşüncədir. Ölkəmizdə etnik fərqliliyə milli zənginlik kimi yanaşılır. Milli ideologiyanın rəsmən “Azərbaycançılıq ideologiyası” adlandırılması da, məhz bütün milli-mədəni qrupların əhatə olunması istəyindən yaranıb. Mədəni, dini, linqvistik müxtəlifliyin qorunub saxlanılması, müasir trendlərə uyğunlaşdırılıb inkişaf etdirilməsi üçün ölkəmizdə modern mexanizmlər formalaşdırılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bunun əyani nümunəsidir. Belə bir şəraitdə “BBC news” nədən narahat olur? Yanlış tezislərə istinad edib yanlış təsəvvür formalaşdırmaq ideyası hansı zərurətdən yaranır?

Diqqət yetirsək görərik ki, eyni tendensiya BBC ilə yanaşı “Amerikanın səsi”, “Azadlıq Radiosu”, “Meydan TV” və bu qəbildən olan digər KİV-lərin səhifələrində də yer tutur. Hətta, özünü “insan haqlarının müdafiəçisi” elan etmiş “beynəlxalq statuslu təşkilatlar”ın fəaliyyətində də əks olunur. Məsələn, “Human Rights Watch”,  “Amnesty international”, “Freedon House” qismində təşkilatlar tərtib etdikləri qondarma hesabatlarda hansısa əməlinə görə həbs cəzası almış şəxsləri etnik mənsubiyyətinə görə təsnifatlaşdırırlar.  “Talış əsilli blogeri həbs etdilər”, “Ləzgi əsilli sosial şəbəkə istifadəçisi istintaqa çağrıldı”, və sair bu kimi təqdimatlar edirlər.

İnternet axtarış alətlərindən görünür ki, “Human Rights Watch”,  “Amnesty international”, “Freedon House” son 4 il ərzində qondarma əsaslarla hazırlanmış bənzər keysləri təkrar-təkrar paylaşaraq, 66 dəfə yayım ediblər. Bu münvalla etnik ayrımçılığı təşviq edən xüsusi kurs yürüdüblər.

Etnik ayrımçılığa söykənin sistmli kursun yürüdülməsi bu təşkilatların fəaliyyətində 2020-ci ildən sonra daha qabarıq şəkildə görünür. Qeyd edilən proses sinxron şəkildə transmilli KİV-lərin, məxsusi olaraq, BBC, “Amerikanın səsi”, “Azadlıq Radiosu”-nun redaksiya siyasətində də əksini tapıb. Bu KİV-lərin internet səhifələrində axtarış aparsanız, fərqli əməllərinə görə hüquqi prosedurlara cəlb edilmiş şəxslərin etnik mənsubiyyətlərinin qabardıldığının şahidi olarsınız.

Aydınlıq yaranması üçün qeyd edək ki, beynəlxalq statuslu kodekslərə görə,  insanlar üzərində etnik, dini, dil və sosial mənsubiyyətlərinə görə ayrımçılıq edilməsi yolverilməzdir. Bu prinsip “Jurnalistlərin Beynəlxalq Etik Xartiyasında” çox aydın şəkildə əks etdirilib

https://www.unicef.org/georgia/sites/unicef.org.georgia/files/2019-10/cartiaen.pdf  ). Sənəddə qeyd edilir ki, əgər insanın üzləşdiyi problem onun etnik mənsubiyyəti ilə birbaşa  bağlı deyilsə, onda dini, milli, sosial mənsubiyyətin qabardılmaması tövsiyə edilir. Bu prinsip təkcə jurnalistlər, xəbər istehsalçıları üçün nəzərdə tutulmayıb. Fərqli ifadələrlə Avropa Şurasının müəllifliyik etdiyi konvensiyalara da daxil olunub, insan haqları ilə məşğul olan bütün təsisatlara şamil edilib. BBC, “Amerikanın səsi”, “Azadlıq Radiosu”, “Human Rights Watch”,  “Amnesty international”, “Freedon House” üzdə  tərəfdar çıxdıqları, başqalarına  təlqin etdikləri bu prinsipləri reallıqda  özləri pozurlar. Hansısa əməlinə görə mühakimə edilən şəxsin fəaliyyətini deyil, etnik, dini mənsubiyyətini qabardırlar. Bu kontekstdə yüzlərlə nümunə göstərmək mümkündür.

Amma hazırki dönəmdə üzərində dayanacağımız məqam bu deyil. Qərb mediası “etik kodeksə” söykənən hansı prinsipə əməl edib ki, indi də onları “məhkumların etnik təsnifatı”na görə  qınayaq? Günümüzün aktual sualı başqadır. Aydınlaşdırılması zəruri olan məqam budur ki, onlar etnik ayrımçılığı təşviq edən siyasəti  son dövrlərdə nə üçün intensivləşdiriblər?

Təcrübə göstərir ki, Qərb dövlətlərində, xüsusilə, ABŞ, Fransa və digər ölkələrin ərazisində mənzillənmiş  “insan haqları müdafiəçiləri”nin, “beynəlxalq statuslu jurnalist təşkilatları”nın, transmilli KİV-lərin “müstəqilliyi”, “prinsipiallığı” barədə deyilənlər cəfəngiyyatdır. “İnsan haqları”, “hüquq müdafiəçilyi”, “söz və ifadə azadlığı”  anlayışları Qərb dövlətləri üçün özünün klassik mənasını itirib. Adı çəkilən məvhumlar ABŞ və Qərbi Avropa dövlətlərinin əlində soyuq savaş alətinə çevrilib. Bu gün  “Amnesty İnternational”, “Freedon House” , “Human Rights Watch”, “Sərhədsiz Repartyorlar” Təşkilatının, BBC, “Amerikanın səsi”, “Azadlıq Radiosu”nun fəaliyyəti ABŞ Dövlət Departamentindən, ABŞ Kongresindən,   Avropa İttifaqı Şurasından, Fransa Senatından,  Böyük Britaniyadakı siyasi mərkəzlərdən alınan tezislərə uyğunlaşdırılır. Onlar  Qərb siyasi çevrələrinin qərarlarının icraçısına çevriliblər. Tezis alıb, sifariş icra edirlər. Qərbin siyasi ambisiyalarına boyun əyməyən dövlətləri hədəfə gətirib, ictimai qınaq obyektinə çevirirlər.  ABŞ-nin, Avropa İttifaqı Şurasının  hədəf dövlətlərə qarşı sanksiyalar tətbiq etmələri üçün zəmin hazırlayırlar.

Bu gün BBC-nin reportajında, “Amerikanın səsi”, “Azadlıq Radiosu”nun informasiyalarında, “Amnesty İnternational”, “Freedon House” , “Human Rights Watch”un fəaliyyətində eyni tendensiyanın əlamətləri görünür. Onların Azərbaycanda “etnik ayrımçılıq” mövzusunu gündəmə gətirmələri, qondarma faktlar əsasında süni ajiotaj yaratmağa cəhd göstərmələri təsadüfi deyil. Son bir ay ərzində ABŞ Konqresində, AŞPA-da, Avropa Parlamentində, Fransa Senatında cərəyan edən proseslərə xronoloji ardıcıllıqla baxsaq, BBC news, “Amerikanın səsi”, “Azadlıq Radiosu”nun fəaliyyəti üzrə yaranan suallara aydın cavab tapa bilərik.

Məsələn, 2024 tarixdə Avropa Şurası Parlament Assambleyasının 27 sentyabr-04 oktyabr aralığında keçirilən payız sessiyasında Azərbaycanın özünün iştirakı təmin edilmədən,   “Azərbaycanda insan haqları üzrə “ dinləmələr keçirildi. Avropa Şurası  Monitorinq komitəsinin  Azərbaycan üzrə  həmməruzəçisi  Liz Kristoferson öz çıxışında iddia etdi ki,  “Bakıda həbsdə olan “Qarabağın siyasi  liderləri”  işgəncəyə məruz qalırlar”, həmçinin, “2023-cü ilin sentyabr ayında Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə tətbiq edilib”. Azərbaycan xalqı Kristofferrsenin iddialarının absurd olduğunu bilir. Xanımın “Qarabağın siyasi  liderləri” adlandırıb sərbəst buraxılmalarını tələb etdiyi şəxslər əslində “separatçı hərəkata rəhbərlik etmiş şəxslər”dir. Paralel olaraq, müharibə cinayətkarlarıdırlar. Bölgəni al qana boyayıblar. Minlərlə Azərbaycanlını qətlə yetirib,  həyatını bitiriblər. Bir o qədər insanı əsir, girov götürüblər.

Yüz minlərlə insanı köçkün salıblar. Bütün bunlar Azərbaycanda əyani şəkildə göründüyü üçün  Kristofferrsenin çıxışına şərh verməyə lüzum qalmır. Amma o, beynəlxalq ictimai rəyi çaşdıra bilir. Bu ittihamlardan belə nəticə çıxdı ki, Azərbaycanda insanlar etnik mənsubiyyətinə görə təqib edilirlər, etnik təmizləməyə məruz qalırlar. Bu ideyanı inkişaf etdirib əsaslandırmaq üçün ölkəmizdə yaşayan digər etnosları da prosesə qatırlar. Talışların, ləzgilərin, avarların...təqib edilmələri barədə qondarma faktlar uydurub, erməni separatçılarının bəraət qazanmaları üçün zəmin hazırlayırlar.

Bu tendensiya təkcə Avropa Şurasının Parlament Assambleyasında deyil, Avropa Parlamentində, ABŞ Konqresində də inkişaf etdirilir. 58 nəfər qanunverici oktyabrın 3-də  ABŞ-nin Dövlət Katibi Antoni Blinkenə məktub yazaraq, COP29  sammiti ərəfəsində Azərbaycana “insan hüquqları ilə bağlı” təzyiq göstərməyə çağırdılar. 10 senator, 48 konqresmen istəyirlər ki,  Blinken “Azərbaycanda siyasi məhbusların  azad edilməsinə nail olmaq üçün məqsədli tədbirlər görsün”. Onlar da Bakıda saxlanılan “separatçı liderlərin” azadlığını istəyirlər. Bu iddialarını gizlətmirlər, açıq etiraf edirlər.

Blinkenə müraciətdə həm də onu yazırlar ki, “ Azərbaycanın Ermənistana qarşı basqılarını durdursun”

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə” də büsbütün eyni ruhdadır. Onlar da Bakıda həbsdə saxlanılan Qarabağ separatçılarını “insan haqları”, “etnik azlıqların hüquqları” kontekstində müdafiə edirlər.

Avropa Parlamentinin, AŞPA-nın, ABŞ Konqresinin bu siyasəti fərqli formatlarda BBC-nin reportajında, “Amerikanın səsi”, “Azadlıq Radiosu”nun informasiyalarında, “Amnesty İnternational”, “Freedon House” , “Human Rights Watch”un fəaliyyətində davam etdirilir, eyni hədəflərə xidmət edir.

Müşfiq Ələsgərli, Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti 

Chosen
59
qafqazinfo.az

1Sources