EN

COP29 zamanı hansı universitet tələbələrə kömək edəcək? - SORĞU

Nazirlər Kabinetinin qərarına əsasən, Bakıda keçiriləcək COP29 tədbiri zamanı ali təhsil müəssisələrində dərslər onlayn olacaq. Qərarda deyilir ki, tədris və təlim-tərbiyə prosesi peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təşkil olunacaq.

Bəs universitetlərdə onlayn dərslər zamanı internet problemi olan tələbələrə güzəş, yaxud yardım ediləcəkmi?


Modern.az saytı bununla əlaqədar ali təhsil müəssisələrinə müraciət edib.


Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, həmin dövrdə dərslər "Microsoft Teams" platforması üzərindən təşkil olunacaq:

“Bunun üçün bütün lazımi infrastruktur mövcuddur, tələbə və müəllimlərimizin korporativ hesabları tam işlək vəziyyətdədir. Bununla belə, proses zamanı yaranacaq hər hansı problemlərə qarşı qabaqlayıcı tədbirlər görmək üçün artıq test rejimində onlayn qruplarda dərslərin təşkili prosesi yoxlanılır. COP29 dövründə ADPU-da onlayn dərslər adi dərs qrafikinə uyğun olaraq eyni saatlarda təşkil olunacaq.

Əlavə olaraq bildirək ki, onlayn dərslərə qoşulmaqla bağlı çətinliklə qarşılaşan tələbələrimizin fərdi maraciətləri əsasında ADPU-nun Tələbə Həmkarlar İttifaqı Kömitəsi tərəfindən onların internet paketləri ilə təmin edilməsi üçün praktik dəstək göstəriləcək. Qeyd edək ki, oxşar təcrübə pandemiya dövründə də universitetdə tətbiq edilib”.
 

Azərbaycan Universitetindən verilən məlumata görə, COP29 dövründə noyabrın 14-dən 23-dək dərslər hazırda tətbiq olunan dərs qrafikinə uyğun olaraq onlayn rejimdə təşkil olunacaq:

“Pandemiya dövründə də biz dərsləri məsafədən təşkil etmişik və bu sahədə uğurlu təcrübəmiz var. Həmçinin hazırda “Elektron Universitet” modelini uğurla tətbiq edirik və əminliklə deyə bilərik ki, Azərbaycan Universitetində tədris prosesinin onlayn təşkili sahəsində müvafiq infrastrukturumuz var.

Tələbələr üçün təlimat hazırlanıb, müzakirədən sonra onların elektron poçt ünvanlarına göndəriləcək.

Onlayn dərslərin əyani dərslərdən heç bir fərqi yoxdur və hər hansı güzəşt nəzərdə tutulmur”.
 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən qeyd edilib ki, COP29 zamanı internet problemi yaşayan tələbələrin siyahısı dekanlığa təqdim olunacaq və onlar nəzərə alınacaq.
 

Azərbaycan Texniki Universitetindən verilən məlumata görə, internet problemi yaşayan tələbə olarsa, onlar əlavə meqabaytla təmin ediləcəklər.
 

Bakı Dövlət Universitetindən qeyd edilib ki, COP29 tədbirləri çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ali təhsil müəssisələrində tədrisin məsafədən (onlayn formada) təşkili nəzərdə tutulub:

“Məhz həmin dövdə Azərbaycan Respublikasının ərazisində internetin verilməsində hər hansısa bir məhdudiyyət olmayacağını nəzərə alaraq, tələbələrin və müəllimlərin dərslərə qoşulma ilə bağlı problemlə üzləşməyəcəyini deyə bilərik”.
 

Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, müəllimlər və tələbələrlə onlayn tədrisə keçidlə bağlı söhbətlər aparılıb:
 

“Tələbə təşkilatları, ictimai təşkilatlar və dekanlıqlar vasitəsilə tələbələrin həmin dövrdə internet bağlantısının olub-olmaması haqqında sorğu keçirilib. Tələbələrin internet probleminin olması ilə bağlı hər hansı müraciət daxil olmayıb. Fərdi şəkildə bir neçə müraciət daxil olub, həmin müraciət əsasında da tələbə təşkilatları, ictimai təşkilatlar və dekanlıqlar tərəfindən problemin həll olunması istiqamətində müəyyən addımlar atılıb. Tələbələrimizin 13-22 noyabr tarixlərində onlayn dərsə qoşulması ilə bağlı heç bir çətinlik mövcud deyil”.
 

Xəzər Universitetindən bildirilib ki, tələbələr tərəfindən çətinliklə bağlı müraciət edilməyib:

“Belə müraciət daxil olduğu zaman tələbələrə hər cür dəstək göstəriləcək”.
 

Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib ki, onlayn dərslərin video yazıları kabinetlərə əlavə olunur:

"Onlayn dərsdə iştirak edə bilməyən tələbələr istədikləri vaxt kabinetə daxil olaraq həmin dərslə tanış ola bilərlər”.

Chosen
23
modern.az

1Sources