EN

Mediasiya və marketinq üzrə maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

Salyanda, Salyan 1 saylı Mediasiya Təşkilatının təşəbbüsü və təşkilati dəstəyi, həmçinin Salyan Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə "Mediasiya xidmətlərinin marketinqi və barışıq sazişlərinin effektivliyi üçün maarifləndirmə" mövzusunda regional tədbir keçirildi. Bu tədbir, mediasiya proseslərinin daha geniş yayılması və effektivliyinin artırılması üçün regionda ilk belə təşəbbüslərdən biri kimi diqqət çəkdi.

QHT.az xəbər verir ki, tədbirdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Salyan 1 saylı Mediasiya Təşkilatının direktoru Elman Hənifəli, Milli Məclisin deputatı Sadiq Qurbanov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Əhməd və Etika Komitəsinin sədri Aqil Əsgərov, həmçinin digər bölgələrdən olan mediasiya təşkilatlarının rəhbərləri və mediatorlar iştirak edirdilər.

Tədbirin ilk paneli "Mediasiyada marketinqin regionlarda inkişafı və maarifləndirilməsi" mövzusuna həsr olundu. Moderator Elman Hənifəli çıxışında mediasiya sahəsində uğurlu marketinq strategiyalarının əhəmiyyətini vurğuladı və marketinqin effektiv üsulları barədə məlumat verdi. Digər çıxışçılar isə mediasiya xidmətlərinin daha geniş kütləyə çatdırılmasının vacibliyini və barışıq sazişlərinin uğurlu icrası üçün maarifləndirmənin əsas rol oynadığını bildirdilər.

İkinci panel "Sosial Şəbəkələrdə Mediasiya Marketinqi və Maarifləndirmə Strategiyaları" mövzusunda davam etdi. Bu bölümdə sosial media vasitəsilə maarifləndirmə kampaniyalarının əhəmiyyəti, gənclərin mediasiya proseslərinə cəlb edilməsi və sosial mediada mediasiya xidmətlərinin düzgün təqdim olunması yolları müzakirə edildi. Bakı 12 saylı Mediasiya Təşkilatının üzvü Zaur Quliyev, mediasiyanın sosial platformalarda effektiv təqdimatının əhəmiyyətini vurğuladı.

Tədbirdə çıxış edən Lənkəran və Sabirabad Mediasiya Təşkilatlarının mediatorları ilə yanaşı, Femida Vəkil Bürosunun nümayəndəsi Anar Ramazanov da təşəkkürnamə ilə təltif olundu. Bundan başqa, Femida vəkil bürosu ilə Salyan 1 saylı Mediasiya Təşkilatı arasında gələcək əməkdaşlığa dair memorandum imzalandı. Bu memorandum, hüquqi yardım və mediasiya xidmətlərinin inkişafı istiqamətində birgə fəaliyyətin qurulmasına şərait yaradacaq.

Tədbirin sonunda regional mediasiya xidmətlərinin inkişaf perspektivləri müzakirə olundu, Salyan Uşaq Gənclər İdman və Şahmat Məktəbinin futbol komandası üçün xüsusi hazırlanmış formalar təqdim edildi. Tədbir, həm maarifləndirmə, həm də regionda mediasiya xidmətlərinin təşviqi baxımından uğurlu bir addım olaraq qiymətləndirildi.

Chosen
23
qht.az

1Sources