EN

İddialılardan yalnız “Borussiya” büdrədi - İCMAL

Bu həftə Almaniya kubokunda 2-ci mərhələnin, yəni 1/16 finalın oyunları keçirildi.

Dortmund “Borussiya”sı üçün çətin günlər davam edir. Nuri Şahinin komandası ÇL-də və bundesliqada qeydə alınan məğlubiyyətlərdən sonra bu dəfə gərgin oyunda “Volfsburq”a boyun əyərək kubokda da mübarizəni erkən dayandırmalı oldu. Komanda bütün turnirləri nəzərə almaqla ardıcıl 5-ci (!) səfər oyununda uduzdu. Çox güman, həftəsonu bundesliqada “Leyptsiq”ə qarşı oyun Şahinin vəziyəti düzəltmək üçün son şansı olacaq. Son finalçı “Kayzerslautern” də mübarizəni erkən dayandırdı. Amma 2-ci bundesliqa təmsilçisinin səfərdə Çempionlar Liqasının iştirakçısı “Ştutqart”a uduzması sürpriz olmadı. Ötən mövsümü iki titulla tamamlayan və kubokun son qalibi statusunda olan “Bayer-04” inamla yoluna davam edir. Leverkuzen təmsilçisi 2022/23-də o vaxt 3-cü bundesliqada oynayan “Elversberq”ə uduzaraq mübarizəni dayandırmalı olmuşdu. Bu dəfə komanda bu rəqibdən qisasını artıqlamasıyla aldı. “Bayer-04” kubokda ardıcıl 34-cü qarşılaşmada qol vurmaqla şəxsi rekordunu yenilədi. Bu, hazırda turnirin ən yaxşı seriyasıdı. Eyni zamanda komanda ardıcıl 4-cü kubok oyununda qapısını toxunulmaz saxladı. Frankfurt “Ayntraxt”ı 15-ci dəqiqədən azlıqda oynamasına baxmayaraq, Münhenqladbax “Borussiya”sını mübarizədən kənarlaşdırmağı bacardı.

Aşağı liqa təmsilçiləri ilə görüşlərdə mübarizəni dayandırmalı olan elita təmsilçiləri heç də az olmadı. Məsələn, “Holştayn” “Köln” önündə darmadağın oldu. Yaxşı formada olan və bundesliqada 4-cü pillədə qərarlaşan “Union”un 3-cü bundesliqa təmsilçisi “Arminiya”ya 2 cavabsız qolla uduzmasını isə bu mərhələnin əsas sürprizlərindən biri saya bilərik. Elə hazırda 2-ci bundesliqa oynayan “Herta” da elita təmsilçisi “Haydenhaym”a gücünü göstərdi. Amma Mahir Emrelinin şərəfini qoruduğu “Nürnberq” eyni uğura imza ata bilmədi. Yığmamızın üzvü “Hoffenhaym”a səfərdə qol vursa da, komandası məğlubiyyətdən qurtula bilmədi. ÇL-də 3 turdan sonra hesabında xal olmayan “Leyptsiq” bu mövsüm daxili turnirlərdə hələ ki məğlubedilməzdi. “Öküzlər” “Sankt Pauli” ilə oyunda problem yaşamadılar. Komanda bu mövsüm daxili turnirlərdə keçirdiyi 10 oyunun heç birində uduzmayıb. Son illərdə ölkə kubokunu “yola verən” və son 4 mövsümün 3-də 1/16 finaldan irəli gedə bilməyən “Bavariya”, deyəsən, bu il bu turnirə ciddi yanaşır. Münhen nəhəngi Maynts səfərində ilk yarıda vurduğu 4 cavabsız qolla mərhələni asanlıqla adladı. Peşəkar karyerasının ilk het-trikini rəsmiləşdirən Musiala matça damğa vurdu. Müller isə “Bavariya”nın heyətinə kubokda 67-ci oyununu keçirərək “Hamburq”un heyətində bu turnirdə eyni sayda oyun keçirən Manfred Kaltsa çatdı. İndi Müller kubokun tarixində bir klubun heyətində keçirilən oyunların sayına görə yalnız Karl-Haynts Körbeldən (“Ayntraxt”, 70) geri qalır.

1/16 final
Maynts-05 – Bavariya 0:4
Musiala, 2; 37; 45+4. Sane, 45+1.
Bavariya: Noyer, Laymer, Dayer (İbrahimoviç, 77), Kim Min Çe (Qoretska, 58), Devis (Gerreyro, 58), Kimmix, Palyinya, Sane, Musiala (Tel, 46), Qnabri, Keyn (Müller, 46).

Volfsburq – Borussiya D 1:0, əlavə vaxtda
Vind, 117.
Borussiya: Kobel, Əmrə Can, Şlotterbek, Bensebayni, Nmeça, Qross, Malen (Kempbell, 77), Brand, Gittens (Zabitser, 99), Bayer (Paulina, 112), Girassi.

Bayer-04 – Elversberq (D-2) 3:0
Şik, 2; 9. Qarsiya, 36.
Bayer-04: Kovarj, Mukiele, Ta, Tapsoba, Artur (Onyeka, 87), Caka (Virts, 69), Palasios, Qarsiya, Tella (Qrimaldo, 69), Hofmann (Andrix, 79), Şik (Bonifeys 79).

Leyptsiq – Sankt Pauli 4:2
Poulsen, 12; 30. Baumqartner, 17. Nusa, 80 – Gilavoqi, 28. Smit, 58.
Leyptsiq: Vandevoort, Qeertruyda, Klostermann, Orban, Bitşiabu (Aydara, 70), Henrixs, Kampl (Gebel, 90), Vermeeren (Nusa, 70), Baumqartner (Lukeba, 69), Poulsen, Andre Silva (Elmas, 76).

Ştutqart – Kayzerslautern (D-2) 2:1
Voltemade, 14. Fürix, 76 – Tomiak, 43-p.

Ayntraxt F – Borussiya M 2:1
Ekitike, 45+2. Marmuş, 70 – İtakura, 47.

Auqsburq – Şalke-04 (D-2) 3:0
Klod-Moris, 26. Mayer, 87. Essende, 90.

Kikkers Offenbax (həv.) – Karlsrue (D-2) 0:2
Zivzivadze, 62. Beyfus, 72.

Köln (D-2) – Holştayn 3:0
Lemperle, 8. Valdşmidt, 84; 90+7.

Reqensburq (D-2) – Qroyter (D-2) 1:0
Buliç, 59.

Arminiya (D-3) – Union 2:0
Vörl, 12. Bekker, 71.

Hoffenhaym – Nürnberq (D-2) 2:1
Tabakoviç, 27. Çaves, 71 – Emreli, 47.

Dinamo Drezden (D-3) – Darmştadt (D-2) 2:3, ə.v.
Lemmer, 84; 90+11 – Vukotiç, 56. Kempe, 90+2-p. Lidberq, 98.

Paderborn (D-2) – Verder 0:1
Dukş, 30.

Herta (D-2) Haydenhaym 2:1
Şerhant, 16. Kuyzans, 34 – Şimmer, 89.

Frayburq – Hamburq (D-2) 2:1
Ginter, 19. Qrifo, 44-p. – Meffert, 51.

Chosen
40
football-plus.az

1Sources