EN

TikTok-da Azərbaycan rəqsləri – Öz səhnəni yarat, rəqs et

TikTok yalnız gənclər üçün əyləncə platforması deyil; eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərləri, incəsənəti, folkloru, rəqs sənəti üçün yeni bir səhnəyə, meydana çevrilib.

Bu platformadakı bir neçə maraqlı sima milli rəqslərimizi dünyaya nümayiş etdirir, ənənələrimizi qoruyur və gənc nəslin rəqsə olan marağını artırır. Onların yaradıcılığı yalnız izləyici cəlb etmir, həm də mədəni irsimizi qorumağa və tanıtmağa kömək edir.

@ayselalakbarzadeh

@ayselalakbarzadeh adlı TikTok hesabı ilə tanınan Aysel Ələkbərzadə, Azərbaycanın milli rəqslərini detallı şəkildə təqdim etməsi ilə seçilir. O, rəqslərin tarixi və hərəkətləri haqqında geniş məlumat verərək, izləyicilərinə bu incəsənət növünün incəliklərini tanıdır. Onun hər bir videosu izləyiciləri milli dəyərlərimizə daha da yaxınlaşdırır və hesabı mədəniyyət sevərlərin sevimlisinə çevirir. Aysel, həmçinin, izləyicilərinin suallarını şərhlərdə cavablandırır və bununla izləyicilərinə yalnız izləmək deyil, öyrənmək imkanı da yaradır.

@nicat.reqqas

@nicat.reqqas hesabında rəqs bacarıqlarını paylaşan Nicat, həm öz performansları, həm də gənc tələbələrinin çıxışları ilə izləyicilərinin rəğbətini qazanıb. Onun videoları dinamik hərəkətlər və enerjili performanslarla doludur. Lakin hesabında ən çox izlənilə video onun ən gənc tələbələrindən birinin rəqsi olub, izləyicilər tərəfindən sevgi və heyranlıqla qarşılanıb. Şərh bölməsi tələbənin enerjisi və istedadı barədə səmimi təriflərlə doludur. Nicat yalnız bir rəqqas kimi deyil, gənc istedadların mentoru kimi də tanınır.

@reqqas_muro

@reqqas_muro şəhərin mərkəzində tələbələri ilə rəqs etməsi ilə məşhurdur. Onun TikTok hesabı rəqs səhnəsinə çevrilib, hər bir video rəngarəng və canlı anları əks etdirir. Mərkəzi küçədə gənc bir qızın rəqsi ilə baş tutan ən təsirli performanslarından biri platformada ən çox izlənilən videosu olub. Bu çıxış yalnız izləyicilərin deyil, keçən insanların da diqqətini cəlb edib.

@quseynoveldar

Eldar Huseynov TikTok-da “ləzginka” rəqsi ilə seçilir. Onun enerjili rəqs hərəkətləri klassik ilə müasir tərzi birləşdirərək, bu ənənəvi rəqslərin yeni nəslə uyğun şəkildə təqdim edilə biləcəyini göstərir. Ləzginka TikTok-da ən çox izlənilən rəqs üslublarından biridir və Eldarın performansları bu sahədə nümunədir. Hər bir paylaşım izləyiciləri rəqsin ritmləri, sürəti və dinamikası ilə valeh edir.

TikTok-da bu rəqqaslar təkcə öz istedadlarını nümayiş etdirmir, həm də Azərbaycanın rəqs irsini daha geniş auditoriyaya çatdırırlar. Platformadakı viral videolar sübut edir ki, milli dəyərlərimiz müasir rəqəmsal dünyada da sevgi və hörmətlə qarşılanır. Yeni nəsil üçün rəqs həm əyləncə forması, həm də milli kimliyin bir hissəsi olaraq qalır.

Aygün M.
Bakupost.az

Chosen
39
bakupost.az

1Sources