EN

Ayaqlarına qovuşan Vətənin salamını Allaha çatdırmağı bacaran Xəyal Rza

Kulis.az Ceyhun Musaoğlunun "Ayaqlarına qovuşan Vətənin salamını Allaha çatdırmağı bacaran Xəyal Rza" yazısını təqdim edir.

Bütövləşən vətənin ekran həllini füsüngarcasına tapan Xəyal Rzanın ətrafına toplaşmışdıq. Nizami Kino Mərkəzindəydik. "Allaha salam!" vermişdik. Xoşbəxt idik, Allah da salamımızı almışdı. Allahmıza qurban, heç yaradanı da incidərikmi? Rejissor bütövləşən məmləkətin hər bir adamının salamını bir nəfərdə cəmləşdirmişdi. Allahla bizim aramızda vasitəçi bu dəfə peyğəmbər deyildi, o idi - qəhrəman əsgər obrazı.

Ayaqlarını məğlubiyyət müharibəsində itirib, qalibiyyət müharibəsində tapan əsgər obrazı. Hələ harasıdır, o obrazı kimin yaratdığını desəm, hər kəsin dilindən bu söz çıxacaq: "İncəsənətinə şükür, mədəniyyətinə əhsən, Vətən"!. Məmməd Səfa fenomenini bizə bəxş edən xalqa əhsən!

Fəxrimiz Xəyal Rzanın "Maya" adlı "kurs işi"ndən sonra "Allaha salam" adlı "diplom işi"nin filminə tamaşa edəndə keçdiyim müharibə yollarında açılmayan minaların qəpələrinin həyatda vicdanımı necə ağrıtdığını xatırlayıb görünməyən o yara yerlərini ruhumla sığalladım. İlahi bu 30 il müddətində bir nəfər də olsun yaralanmayan adam qalmamışdı. Bütün yaralıların bütövləşmiş obrazı ekranda başını əlləri arasına alıb ayaqlarını Şuşada basdırmış kantuziyalı əsəgr idi. Onun ayaqsızlığına sevgilisi də dözmək istəməmişdi. Film başlayanda başını yarının dizlərinə qoyan qəhrəman film sona çatanada - final səhnədə torpağın qoynuna uzanmışdı. Yalnız Vətən adamı atıb getmir, qalan kimsəyə ümüd etmək olmur.

Təklikdə ayaqsızlıq məngənəsində çırpınan əsgər sürünərək uzaqlaşdığı xoşbəxtliyin zirvəsinə radiodan eşitdiyi Ali Baş Komandanın səsinin qanadlarında qondu. Yox, o yerimrdi, yox, o yeriyə bilməzdi. O, uçurdu. Ali Baş Komandanın səsinin qanadlarında işğaldan azad olan Şuşaya uçurdu. Bir cüt batinkanı da onu atıb gedən yarı kimi qucaqlamışdı. Onu Şuşada ayaqları gözləyirdi. Ordusu onu ayaqlarına qovuşdurmuşdu.

Arabada əvvəl qəbiristanlığa gəlir, o müdhiş xəbəri şəhid dostlarına verir, sonra üzü Şuşaya yol alır. Heç əlil arabası ilə də Şuşaya gedib çıxmaq olar? Olarmış. Ali Baş Komandanın səsinin qanadlarında Allaha da gedib çatmaq olarmış.

Xəyal Rzanın qəhrəmanı bədənini ayaqlarını basdırdığı torpağın baş tərəfinə pərçimləyib və qəbrin son ucuna da sanki ayaqlarına geyinibmiş kimi batinkalarını yerləşdirib. Tamaşaçı Şuşa torpaına arxası üstə uzanmış bütöv adam görür. Bütövləşən adam Allaha hərbi salam verir.

Varlığına qurban, Vətən! Ayağımız da səniymişsən, əlimiz də. 30 illik yoxluğuna qurban, Vətən! Dinimiz də səniymişsən, imanımız da. "Kurs işi"ndə "Maya"nın işğal tarixinə qurban getdiyi əzablı həyatını bizə yaşadan rejissor "diplom işi"ndə əzabın xoşbəxtliklə necə əvəzləndiyini göstərdi. Mənfi sonsuzluqdan, müsbət sonsuzluğa qədər yol gəlmişdi. Həm də necə gəlmişdi? Ustadı Oktay Mirqasımov filmi qiymətləndirərkən etdiyi çıxışda "əziz tələbəm, sən bu filminlə məni xoşbəxt etdi" deməsiylə suala cavab verdi. Əla gəlmişdi.

Yenə gəl, Xəyal Rza. Gəl və heç vaxt getmə. Çəl və həmişə göstər. Gələ-gələ çalış qəhrəmanlarına danışmağa daha söz vermə. Sənin rejissor dramaturgiyan hərəkətin sözdən daha ucada olduğunu göstərməyi əla bacarır. Əvvəl hərəkət olub. Sən bizi əvvələ qaytarırsan. Sən bizi filmlərinlə yenidən yaşadırsan. Sən bizim arzuladığımızı çəkirsən.

Chosen
30
1
kulis.az

2Sources